Türkiyə macəraları…

Turizm ölkəsinə qeyri-turist səfər…

Source:

Uzun müddət idi Türkiyəyə getmək, onun haqqında dilə gətirilən, bir-birindən kəskin fəqlənən, ziddiyətlərlə dolu fikirlərdən hansılarının daha doğru olduğunu canlı olaraq görmək istəyirdim. Anlayıram, on dörd gün ərzində Türkiyəni canlı görüb onu anlamaq mümkünsüzdür. İkincisi, mən Türkiyənin tamamını yox, yalnız İstanbulu gördüm. Haqqında yüzlərlə mahnı bəstələnən, yüzlərlə kitab yazılan bu şəhərin özünü belə bu qısa müddətdə danışıb bitirmək müşkül məsələdir. Ona görə yalnız gördüklərim haqqında, öz pəncərəmdən baxaraq təəsüratlarımı bölüşmək istədim.

Səfərimizə İstanbulun mərkəzi yerlərindən biri olan Taksimdə ev tutmaqla başladıq. İnternet saytından istifadə edərək tapdığımız bu evin şəkillərdən görünüşü çox geniş, rahat idi, amma, ora çatdığımızda bizi qarşılayan türkmən qızının bizə göstərdiyi evlə, şəkillərdəki ev arasında insanı dərhal qəzəbləndirən mənfi bir fərq vardı. Ev dar, yataq isə divandan ibarət idi. Türkmən qızı ilə rus dilində əsəbi formada danışır, bizə kələk gəldiklərini deyir, ev sahibinin dərhal gəlməsini tələb edirdim. Nəysə ki, ev sahibi gəldi və istəklərimizə uyğun otaq tapıb bizə bu otaqda qalmağımızı təklif etdi. İstanbul məni yaxşı qarşılamadı, ilk andan kələyin qurbanı oldum. Həmin gündən bəri, hər gün aldadılaram qorxusu ilə on dörd günü keçirməli, ya da bu önyarğıdan qurtulmaq üçün yaşanmış hadisəni çək-çevr edib öz içimdə onu həll etməli idim. İkinci yolu tutdum.

İnsan belədir, qarşılaşdığı həyat hadisələri onun önyarğılarını formalaşdırır. Önyarğılar isə enerji sərf etmədən nələrisə bir anda anlamağa bizə kömək etdiyindən bu mənada yaxşıdır, amma, onun mənfi nəticələri müsbətindən qat-qat çoxdur. Bəzən, oxumaqla, gəzməklə deyil, yalnız yaşayaraq dünya, insanlar, bir sözlə, həyat haqqında düşüncəyə sahiblənən bizim ağsaqqal-ağbirçəklərin öz altmış-yetmiş illik həyatlarında bu köhnəlmiş, dar, qısır önyarğıları ilə neçə-neçə nəsli məhv etdiyini, məhv etməkdə davam etdiyini düşünəndə, insanın tükləri biz-biz olur.

İstanbula “turist anlayışı” ilə gəlməmişdim. Yəni, mən bəzi turistlər kimi İstanbulun ən məşhur tarixi yerlərini gəzib, şəkil çəkdirməkdən qaçmağa çalışdım. “Yapon turistləri” kimi davranmaqdan uzaq duraraq, maksimum az şəkillə şəhəri öz göz kamerlarıma köçürtməyi üstün tutdum. Mənzərədən tam həzz almağın yollarından biri də, kameranı kənara qoyub ona doyunca baxmaqdan keçir. Bir sözlə, “mən burda oldum” düşüncəsi ilə davranan turist düşüncə tərzindən qaçmağa, iki addımdan bir şəkil çəkən “yapon turistləri”-nin tam əksinə davranmaqla günlərimi maraqlı keçirtməyə çalışdım.  Yeri gəlmişkən, yaponların xarici ölkələrdə niyə bu qədər şəkil çəkməsi ilə bağlı əfsanəyə oxşar bir söhbət də eşitmişəm. Deyilənə görə, Yaponiyada dövlətə məxsus olan agentiklərin biri xaricə səfər edib şəkil, video çəkən turist yaponların həmin fotolarını pul ilə alır, onları həmin egentliyin arxivində saxlayır.  “Onlar bunu niyə edir” sualına çoxlu fərqli cavab verilə bilər.  Çox uzağa getməyək, qayıdaq İstanbula…


Sanki insanlar heç yatmır

İstanbulun bir çox məşhur, mərkəzi küçələrinin səhər-axşam insanla qaynaması, mağazaların səhər saat doqquzdan, gecə saat birə-ikiyə kimi açıq olması, ictimai nəqliyyatın bəzilərinin 24 saat işləməsi ilk diqqətimi çəkən cəhətlərdən oldu. Yeni güclənən ölkənin taleyi budur. Yüksək inkişafa çatmaq üçün hər bir ölkə, tarixinin müəyyən periodunda bütün mərhələləri keçməli olur. Tez və ya gec, iqtisadi inkişafı özünə məqsəd etmiş bütün ölkələr bu yolu keçməlidir. Kapitalizm sistemi məhz bunu tələb edir. Gələcək nəsillərin daha  yaxşı yaşaması üçün bir çox nəsillər əzilir, əziyyət və məhrumiyyət çəkir. Türkiyə indi məhz bu illərini yaşayır.


Şəhəri şəhər, ölkəni ölkə edən onların insanlarıdır – “Gəzi hadisələri”, kitablar, ev sahibinin dilindən

Beyoğlundakı evimizdə çox qalmadıq, növbəti evimiz Kadıköy oldu. Bizi qarşılayan ev sahibi ixtisasca redaktor çıxdı. Maraq məni bürüyür. Dörd gün ərzində mağaza, pal-paltar, bina, daş, qum gördükcə şəhərə yadlaşan mən, axır ki, insanla qarşılaşırdım.  Ağıllı, intelektual, mədəniyyət sahibi olan bu insan məşhur Çilili yazıçı Roberto Bolanonun “2666” romanının redaktoru olub. Suallarımın ardı-arası kəsilmir. Kitab ilə bu və ya digər şəkildə bağlılığı olan, ona dəyər verən insanlar gözümdə yüksək sinifdir. “İşinizi sevirsinizmi?”, “Sevirəm, amma, bu işlə kirayəmi belə çox çətinliklə ödəyə bilirəm”. Məlum olur ki, bizə evini kirayə verən bu qadının özü belə bu evin kirayəçisiymiş.

İstanbulda aldığım kitablarda ilk baxdığım müəlliflərdirsə, digəri kitab nəşriyyatlarının adlarıdır. Diqqətimi çəkdiyindən sualımı bu istiqamətdə yönəldirəm: “Türkiyədə hansı nəşriyyatlar yaxşı, hansılar pisdir?”. Məni maraqlandıran nəşriyyatların keyfiyyətli işidir. Amma o, deyəsən, sualı daha dərindən qavrayır, cavab verir: “Məsələn, “CAN” nəşriyyatı uzun illər keyfiyyətli işlər ortaya qoydu, insanlarda etibar yaratdı. İnsanlar “CAN” nəşriyyatının yeni çıxan bütün kitablarını cumaraq alır. Bundan istifadə edən nəşriyyat, artıq bir çox kitablarını zay çıxardıb. İkincisi, klassik yazıçıları nəşr edərək çox baha qiymətə satır. Klassik yazıçılar üçün pul ödənilmədiyindən, onların nəşri çox ucuz başa gəlir. Amma onları çox baha qiymətə satırlar”

Adını unutduğum bir başqa nəşriyyat haqqında deyir: “Onlar oğraşdılar, ortaya yaxşı kitablar çıxartsalar da, oğraşdılar.” Məlum olur ki, qadın solçudur, həmin bu “oğraş nəşriyyat” isə nəsə “sağçılıqla” məşğuldur. Dərinə getmirəm, şəxsiyyət və ortaya qoyulan iş sivilizasiya yarandıqdan bəri qovğası aparılan mövzulardandır. Ev sahibi, son illərdə Türkiyədə oxucu sayının azalmasından, daha çox yüngül “bestseller” kitablar oxunulmasından bərk gileylənir. O, bu barədə danışdıqca bizim necə acınacaqlı durumda olmağımız ağlımı qurcalayır. Sözünü kəsib, bizim daha betər vəziyyətdə olduğumuzu demək istəyirəm.  Onlarda vəziyyət nə qədər pis olsa da, bizimki ilə müqayisəyə belə gəlməz. Amma özümü saxlayıram, bura dərdlərimi danışmağa gəlməmişəm.

Söhbət əsnasında ev sahibi rus dilini bildiyimi öyrənir, mən də rus klassikasını orjinalından oxuduğumu deyib, bir az da şeşələnmək, kiçik millətin böyük kompleksinin ağırlığı ilə əlavəmi edirəm: “Mən sizin tərcümə etdiyiniz Dostoyevskini oxumuşam, o Dostoyevski mən bildiyim Dostoyevski deyil”. Ev sahibi ruh halını pozmadan cavab verir: ”Dediyim kimi, bizdə bir çox nəşriyyatlar var, bildiyim qədəri ilə ona yaxın nəşriyyat Dostoyevskini tərcümə edib. Ona görə də yəqin, sizin əlinizə düşən Dostoyevski yaxşı tərcümə edilməyib, amma, keyfiyyətlisi çoxdur”. Nə deyə bilərəm ki?!

(Ardı var…)


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir.

Ana səhifəMənim FikrimcəTürkiyə macəraları…