Mövzulara tullana-tullana “Gəzi hadisələri”-nə gəlib çıxırıq. Son illər məni bərk məşğul edən tarixin refleksiyası üzərində dururam, suallarımı sıralaya-sıralaya Montosykönün “İrana məktublar” əsərində yazdığı cümləni yadıma salıram. (“Osmanlı imperatorluğunun süqutunun bir digər böyük səbəbi onların şanlı tarixlərini heç zaman yazmaması olub. Onlar qazandıqları hər böyük qələbədən sonra daha böyük qələbələr qazanacaqlarına inandıqları üçün heç birini yazıya köçürməyiblər”): “Gəzi hadislərini kimlərsə, ümumi olaraq, tarixləşdirdimi? Musiqi bəstələndimi, mahnılar qoşuldumu? Kitablar çıxdımı? Romanlaşma oldumu?”. Sualı çox düşünmədən cavablayır: “Çoxsu oldu, musiqi, mahnı bəstələndi, siyasi analizlər kitablaşdırıldı, amma hələ ki, roman və ya hekayəsin yazan olmayıb”. Cümləsin yekunlaşdırır, kitab rəfinə yaxınlaşaraq ordan mənə bir jurnal uzadır. Jurnal, “Gəzi hadisələri”-ni xronoloji ardıcıllıqla verir. Jurnalda gedən yazının nəşr olunmasından bir çox nəşriyyat imtina etsə də, axırda bir qeyrətlisi tapılıb.
Azərbaycanın bu baxımdan bir xeyli axsadığını dilə gətirib gileylənirəm, amma sözümü yarıda kəsib soruşur: “Siz neçə ildir müstəqilsiz?”, “İyirmi ildən çoxdur”. İzah edir: “Bizdə cumhuriyyət qurulandan bəri otuz il müddətində normal heçnə yazılmadı, proses daha çox yetmişlərdən sonra başladı. Odur ki, tələsməyin, nəsə olacaq”.
Türkiyədən aldığım kitablara baxır, üzünü turşudaraq yazıçıların pozitivist olduqlarını deyən bu xanım, Türkiyənin orasından-burasından bir xeyli danışdıqdan sonra söhbəti öz ruh halına uyğun olaraq yekunlaşdırır: “Bu ölkə, bu insanlar üçün daha nəsə etmək istəmirəm. Doğulduğum yeri mən seçmədim, onu sevmək kimi də bir öhdəçiliyim yoxdur”. Ev sahibi bizi tərk edir, amma danışdıqlarımız uzun müddət beynimdə fırlanır.
“Gəzi hadisləri” ilə bağlı Türkiyədə yaşayan bir başqa tanışımdan eşitdiyim maraqlı hadisələrdən biri də belə idi : Polisdən gizlənmək üçün qırx ildən çoxdur fəaliyyət göstərən “Kafka” adlı bir kitab mağazasına sığınan insanları, oranın sahibi ələ verir. Bundan sonra insanlar həmin dükanı baykot edərək, ordan heç bir kitab almır. Nəticədə, dükan bağlanmalı olur. “Gəzi” iştirakçıları kitab oxuyanlar idi (?) nəticəsini çıxardıram.
Kitablar
İstanbul səfərimdə ən çox etmək istədiklərimdən biri də kitab mağazalarına getmək, vitrinlərin arası ilə gəzib, Türkiyənin nələr oxuduğunu, nələri tərcümə etdiyini görmək, özümə də bir neçə kitab almaq idi. İstiqlal və Kadıköydəki kitab mağazalarında oldum. Bədii ədəbiyyatın, klasiklərin əksəriyyəti türk dilinə çevrilib, digər elm sahələri üzrə isə mənə ən çox humanitar sahə maraqlı olduğundan, daha çox onlara baxdım. Bir çox fəlsəfə, sosialogiya, iqtisadiyyata aid kitabların tərcüməsin gördüm. Dili çox yaxşı bilmədiyimdən tərcümənin keyfiyyəti haqqında heçnə deyə bilmirəm.
Adalar
İstanbulda ən çox sevdiyim yerlər adalar oldu. Dəniz – yaşıllıq, yaşıllıq – dəniz. Sakit, harmonik, həlim həyat. Böyük Ada ilk ayaq basdığımız ada oldu. Adaya ayaq açan kimi gözümə ilk dəyən faytonlar idi. Bunun ekzotik görüntü üçün olduğunu düşündüm, amma sonradan adada çoxlu sayda fayton gördükdə, “bu işdə bir iş olduğunu” anladım. Adada maşın yoxdu. Nəqliyyat kimi insanlar velosiped, fayton, motorlu kiçik motosikletlər istifadə edir. Adanı gəzdikcə onu daha çox xoşlamağa başladım. Mənimlə səfər edən sevgilimin ilk sözü: “Adaya aşiq oldum!”. Burada itlə pişiyin də sülh, əmin-amanlıq içərisində yaşadığını düşünürdüm ki, onların doğurdan da qəssab dükanı qabağında yan-yana uzandıqlarını gördüm.
Böyük Adada insanların çoxsu ələvidir, bunu mənə söhbətləşdiyim bir ada sakini deyir. Çoxluğun dili ilə desək, əsl müsəlman deyillər. Son seçkilərdə də, burdan CHP siyasi partiyası çox səs alıb. İçməyi, əylənməyi, həyatı yaşamağı sevən insanlar təsiri bağışladı ada sakinləri. O adanı, o adanın insanlarını mən də sevdim. Nahar üçün oturduğumuz kafelərin birində idarəçi ilə dialoqa girirəm. “Adada son seçkidə sandıqdan kim çıxdı?”, “CHP”. Məni nəsə gözü tutmur, oturanda içki sifarişi vermədiyimdəndir ki, sual edir: “Siz “AK Parti”-yə səs verdiniz?” Azərbaycandan gəldiyimi deyib, üstünə Ərdoğanı sevmədiyimi bildirirəm. “Çox gözəl, buradakı insanların çoxsu ələvilərdir, “AK Parti”-ni heç sevmirik”. Suallar bizi ələvilər üzərinə gətirir, adam dil-dil ötməyə başlayır: “Bizim üçün kimin nəyə inandığı heç fərq etməz. İstəyirsən, inəyə inan, istəyirsən boşqaba, istəyirsən heç nəyə inanma, əsas olan içindəki təmizliyindir. Mənim babam deyərdi: “Qəşəng güldanın içinə pox tök, üstün nə qədər təmizləyirsən təmizlə, içi yenə poxdur. Amma üstü poxlu güldan olsun, içində şərbət saxla, üstü nə qədər pox olsa da, içi şərbətdir”. İndiki hakimiyyət din pərdəsi ilə örtülmüş, içi saxtakarlıq, yalançılıqla doludur”. Çox kəskin sözlərdir. Amma Erdoğana aid edildiyi iddia edilən, oğlu ilə danışarkən dinlənilmiş telefon söhbəti də yadımdan çıxmır.
İstanbul gəzintim də, bu yazı kimi qırıla-qırıla, spontan gedir. Getdiyim istənilən ölkədə, oxuduğum istənilən kitabda bütün müqayisələr gəlib Azərbaycanla bağlanır. “O əjdahadan bizdə niyə yoxdur” deyingənliyi məndən də yan keçməyib. Bu anlamda, Türkiyədə olanlarla Azərbaycanda olanlar arasında müqayisə aparır, azad bazarın monopolist bazardan, korrupsiyaya uğramış idarəçilik sisteminin korrupsiyasız idarəçilikdən və bir çox başqa şeylərin bir-birindən nə ilə fərqləndiyini aydınlaşdırmağa çalışıram.
İstanbulun yerlərindən asılı olaraq hər şeyin (qida, geyim, icarə və s.) qiyməti bir-birindən fərqlənir. Amma ümumi götürdükdə, İstanbul Bakıdan daha ucuzdur. Adi bir küçədə olan kafe, restoran, barların sayı Bakıdakından daha çoxdur. Bunun obyektiv səbəbləri olsa da, subyektiv (idarəçilik mənasında) səbəblər daha çoxdur. İş orasındadır ki, onlar inkişaf edir, bir yerdə dayanmır, biz isə inkişafı nəyinki dondurmuş, hətta özümüzü bir xeyli geriyə atmışıq. Türkiyəni gördükcə, Azərbaycanla bağlı görüləcək işlərin nə qədər çox olduğu insanı vahimələndirir.
Axrımız xeyir olsun.
Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir…