Mənbə: Meydan TV

Türkiyə İkinci dünya müharibəsi illərində

(ikinci hissə)

1942-ci ilin payızında almanlar bir sıra ağır məğlubiyyətlərə uğradılar. Stalinqrad ətrafında hücuma keçən sovet qoşunları düşmənin 330 minlik qüvvəsini mühasirəyə aldılar. Nasist rəhbərliyinin mühasirəni yarmaq üçün göndərdiyi qüvvələr uğur qazana bilmədilər.

Şimali Afrikada isə Böyük Britaniya qüvvələri feldmarşal Rommelin komandanlıq etdiyi, alman və italyanlardan ibarət Afrika korpusunu İkinci əl-Əlameyn döyüşündə ağır məğlubiyyətə uğratdılar, iki həftə ərzində 850 km irəlilədilər. Bu döyüşlər zamanı ingilislər amerikalılarla birlikdə həm də "Torch" (Məşəl) əməliyyatını həyata keçirərək Mərakeş və Əlcəzair sahillərinə 100 mindən artıq canlı qüvvə və xeyli texnika çıxardı. Bu iki hadisədən sonra Şimali Afrikadakı əməliyyatların müttəfiqlərin xeyrinə bitəcəyinə şübhə yeri qalmadı.

14-24 yanvar 1943-cü il tarixində Mərakeşin (o vaxt Fransa imperiyasının) Kasablanka şəhərində Ruzvelt və Çörçillin görüşü oldu. Stalin də dəvətli idi, lakin Stalinqrad uğrunda döyüşlərin bitmədiyini əsas gətirərək iştirak etmədi. "Döyüşən Fransa"nın rəhbəri Şarl de Qoll da ikinci dərəcəli rolda konfransda iştirak edirdi.

Bir çox məsələnin müzakirə olunduğu, Almaniya, İtaliya və Yaponiya ilə barışığı inkar edən "qeyd-şərtsiz təslim" fikrinin ilk dəfə səsləndirildiyi Kasablankada Türkiyə məsələsi də yer aldı. Xüsusən Çörçill ümid edirdi ki, antihitler koalisiyasının uğurları türk hökumətini müharibəyə qoşulmağa həvəsləndirə bilər.

Sonralar öz memuarlarında yazırdı: "Türkiyəni qazanmaqla biz həlledici döyüşlərdə bir nəfəri, bir gəmini, bir təyyarəni itirmədən sualtı qayıqlar və eskadra gəmiləri vasitəsilə Qara dənizdə hökmran olardıq. Eləcə də sağ əlimizi Rusiyaya uzadaraq Arktikada və ya Fars körfəzində olduğundan daha az bədəl ödəməklə onun ordularına yardım edərdik".

Digər mühüm qazanc isə Almaniyanın əsas neft mənbəyi olan Rumıniya mədənlərini Türkiyədən qalxan təyyarələrlə bombalamaq imkanı olacaqdı. Nəhayət, gələcəkdə buradan keçərək Balkanlarda yeni bir cəbhə açmaq olardı. Buna görə də Çörçill Ruzveltin razılığı ilə Türkiyə prezidenti İsmət İnönü ilə görüşmək qərarına gəldi.

Görüş yeri olaraq ingilislər o zaman Britaniya imperiyasına daxil olan Kipri, türklər isə Ankaranı təklif etdilər. Nəhayət, Mersin vilayətinin Tarsus ilçesindəki Yenice adlı qatar stansiyasında görüşmək qərara alındı. Amma Çörçill təyyarə ilə Adanaya uçub oradan Yenicəyə gəldiyinə görə, ingilislər görüşü Adana konfransı adı ilə təqdim etdilər və tarixşünaslığa da belə düşdü.

Yanvarın 30-31-də baş tutan danışıqlarda Çörçilli xarici işlər nazirinin müavini Aleksandr Kadoqandan savayı əsasən yüksək rütbəli hərbçilər müşayiət edirdilər. Türk nümayəndə heyətinə isə İnönüdən əlavə Baş nazir Şükrü Saracoğlu, xarici işlər naziri Numan Menemencioğlu, Baş qərargah rəisi Fevzi Çakmak daxil idilər.

Çörçill Türkiyənin 1943-cü ilin sonlarına qədər müharibəyə qoşulmasını istədi. Türklər isə hərbi qüvvələrinin zəif olmasını, xüsusən İstanbulun hava müdafiəsini təmin edə bilməmələrini söyləyirdilər. İngilislər müharibəyə qoşulacaqları təqdirdə türklərə silah və sursatla kömək edəcəklərini, ölkənin müdafiəsi üçün buraya qoşun çıxaracaqlarını vəd etdilər.

Çörçillin öz memurlarında yazdığına görə, Türkiyənin xarici işlər naziri Şükrü Saracoğlunun sovet təhdidindən çəkindiyini, müharibədən sonra bir çox Avropa ölkələrinin bolşevikləşəcəyini qeyd edir. Aralarında baş verən dialoqun təsvirini əsas götürsək, Saracoğlunun Çörçilldən daha uzaqgörən olduğu ortaya çıxır.

Adana görüşünün nəticələrinə görə, Türkiyə bir gün müharibəyə qoşulacağını istisna etmirdi. Lakin bunun üçün əvvəlcə ehtiyacı olan qədər silahlanmalı idi. İngilislər də onları silahlandırmağa söz verdilər. Beləcə, Türkiyə üzərinə konkret öhdəlik götürmədən ingilislərdən hərbi və maliyyə yardımı təminatı aldı. Amma öncədən deyək ki, ingilislər də vədlərinə tam əməl etmədilər.

***

1943-cü il İkinci dünya müharibəsinin gedişində əsaslə dönüş ili oldu. Əvvəlcə Stalinqrad mühasirəsində sağ qalan 92 minlik alman qüvvələri təslim oldu. Almanların Qafqazı keçib Bakı neft mədənlərini ələ keçirmək cəhdi uğursuz oldu. Yaydakı Kursk döyüşündə yenə sovetlər qələbə çaldı.

Stalinqraddan bir neçə gün sonra Sakit Okean teatrında 6 ay davam edən Quadalkanal döyüşü amerikalıların yaponlar üzərində qələbəsilə yekunlaşdı. Şimali Afrikadakı alman-italyan qüvvələri mayın ortalarında təslim oldular, müttəfiqlər 250 min əsir aldılar.

İyulun 9-da amerikan-ingilis qüvvələri Şimali Afrikadan hərəkət edərək İtaliyanın Siciliya adasına qoşun çıxardılar. Bu hadisə ölkənin 21 illik diktatoru Mussolinin hakimiyyətini sarsıtdı. Ayın sonunda duçe devrildi. Sentyabrın 3-də müttəfiqlər İtaliyanın özünə qoşun çıxarmağa başladılar. Ayın 8-də isə yeni hökumətin başçısı marşal Badalyo İtaliyanın müharibədən çıxdığını elan etdi. Buna cavab olaraq, almanlar Roma da daxil olmaqla ölkənin mərkəzini və şimalını işğal etdilər. Cənub isə müttəfiqlərin əlində qaldı.

Belə qələbələr fonunda (doğrudur, arada Rodos əməliyyatı kimi uğursuzluqlar da vardı) oktyabrın 19-30-da Moskvada ABŞ, Böyük Britaniya və SSRİ-nin xarici işlər nazirlərinin iştirakı ilə konfrans keçirildi. Burada da müzakirə olunan əsas məsələlərdən biri Türkiyənin müharibəyə qoşulması idi. Bu məsələdə sovet tərəfi xüsusilə israr edirdi. Molotov türkləri təlqin deyil, məcbur etməyi təklif edir, onların savaşa qoşulacağı təqdirdə almanların sovet cəbhəsindən 15 diviziya çəkməyə vadar olacaqlarını söyləyirdi.

Britaniyanın xarici işlər naziri Entoni İden Moskvadan Qahirəyə uçaraq noyabrın 5-6-da türk həmkarı Numan Menemencioğlu ilə görüşdü. O, Türkiyənin müharibəyə qoşulacağı təqdirdə qazanacaqları ilə bağlı xeyli vədlər verdi, əks halda Britaniyanın hərbi yardımı dayandıracağını bildirdi.

Menemencioğlu isə "Təklifiniz Türkiyəni xərcləməkdir. Həm də sırf rusları məmnun etmək üçün xərcləməkdir. Ordumuzun hücum qabiliyyəti olmadığı və bunun səbəbinin də Adana vədlərininin yerinə yetirilməməsi olduğu ortadaykən, üstümüzə alman qüvvələrini cəlb etmək müdafiə məqsədli ola bilməz, ancaq bizə faktiki hücum ola bilər. Çatalca xəttimiz dayanmasa, almanlar İstanbulu, boğazları ələ keçirsələr, bunun sizə nə faydası ola bilər? Son qələbənimi gözləyəcəyik? "Ruslar almanları məğlub etsinlər və gəlib İstanbulu qurtarsınlar" ümidinəmi düşəcəyik? O zaman ruslar İstanbulu mənim üçünmü qurtarırlar?", - deyərək qəti surətdə imtina etdi.

***

Türkiyə qanunlarına görə, xaricdə yaşayan vətəndaşlar hər beş ildən bir Türkiyənin diplomatik nümayəndəliyində qeydiyyatdan keçməli idilər, əks halda vətəndaşlıqları ləğv olunmuş sayılacaqdı. Avropada yaşayan Türkiyə kökənli yəhudilərin əksəriyyəti bu tələbə əməl etməmişdilər və indi vətəndaş sayılmırdılar. Buna baxmayaraq, türk diplomatlar bir çox ölkələrdə onları soyqırımdan xilas etməyə çalışırdılar.

Behiç Erkin İkinci dünya müharibəsi ərəfəsində Parisə səfir təyin edildi. Fransanın almanlar tərəfindən işğalından sonra buradakı yəhudilər, o cümlədən Türkiyə kökənli yəhudilər hüquqsuz vəziyyətə düşdülər. "Yəhudi məsələsinin qəti həlli", yəni soyqırım başladıqda isə onların üstünü ölüm təhlükəsi aldı.

Bu zaman Behiç Erkin almanlarla əlaqə yaradaraq Türkiyə qanunlarına görə, dinindən və irqindən asılı olmayaraq bütün vətəndaşların bərabər olduğunu söyləyir. Səfir bildirir ki, Türkiyə vətəndaşı olan (əslində bu vətəndaşlığı çoxları itirmişdi) yəhudilərin ölüm düşərgələrinə göndərilməsini öz ölkəsinə qarşı düşmənçilik kimi qiymətləndirəcək.

Belə olduqda, almanlar həmin yəhudiləri öz ölkələrinə repatriasiya etməyi tələb edirlər. Bu xeyli çətin məsələ idi, çünki Fransa ilə dəniz yolu təhlükəli idi, dəmiryolu isə bir neçə ölkənin ərazisindən keçirdi və onların da bəzilərinin - məsələn, Xorvatiyanın - yəhudilərə münasibəti almanlarınkından elə də fərqlənmirdi.

Bununla belə, 1943-1944-cü illərdə bir neçə eşalon təşkil etmək mümkün oldu ki, nəticədə 2 min yəhudinin xilas edildiyi təxmin olunur. Digər yəhudilər Fransanın İtaliya işğalı altındakı ərazilərinə yerləşdirildilər. Burada onlara münasibət daha yumşaq idi. İtaiya müharibədən çıxdıqda və həmin əraziləri almanlar tutduqda isə buradakı yəhudilər İspaniyaya və ya Şimali Afrikaya köçdülər.

Necdet Kent Türkiyənin Marseldəki Baş konsulluğunda vitse-konsul vəzifəsini tuturdu. 1943-cü ildə Türkiyə kökənli 80 yəhudinin ölüm düşərgəsinə göndərilmək üçün vaqonlara doldurulduğunu eşidəndə stansiyaya yollanır. Buradakı zabitdən öz vətəndaşlarını azad etmək istəyi nəticəsiz qaldıqda, Kent özü də bir əməkdaşı ilə birlikdə vaqona minir və qatar hərəkətə başlayır. Növbəti stansiyada almanlar Necdet Kentdən vaqonu tərk etməsini xahiş edirlər və onu Marselə qaytarmaq üçün maşın gözlədiyini bildirirlər. Amma diplomat öz vətəndaşları olmadan qatardan düşməyəcəyini söyləyir. Çarəsiz qalan almanlar 80 nəfəri azad edirlər.

Sonralar Kent xatirələrində yazırdı: "Qurtardığımız insanların boyunlarımıza və qollarımıza sarılmalarını, gözlərindəki minnətdarlığı, səhərə yaxın yatağıma uzanarkən hiss etdiyi daxili rahatlığı unutmaram". O, bundan sonra da Marseldə yəhudilərə, hətta Türkiyə kökənli olmayanlara belə, müvafiq sənədlər verərək xilas olmalarına kömək edib.

1911-ci ildə baş verən Osmanlı-İtaliya müharibəsinin nəticələrinə görə Rodos adası İtaliyanın nəzarətinə keçdi. İtalyanlar 1943-cü ildə müharibədən çıxdığını elan etdikdə, ada almanlar tərəfindən işğal olundu. 1944-cü il iyulun 19-da adadakı bütün yəhudilərə toplanmaları əmr edildi. Onlar Auşvits ölüm düşərgəsinə göndəriləcəkdilər.

Türkiyənin Rodosdakı Baş konsulu Selahettin Ülkümen adadakı alman qüvvələrinin komandanıUlrix Klemanla ünsiyyətə keçərək Türkiyə kökənli 42 yəhudinin azad olunmasını istədi. Kleman bununla dərhal razılaşmadı. Yalnız konsulun dövlətlərarası skandalla hədələməsindən sonra göstərilən yəhudilər azad olundular. Rodosdakı digər 1700 yəhudi isə Auşvitsə göndərildilər.

Almanlar belə prinsipial mövqeyi Ülkümenə bağışlamadılar. Müharibənin son aylarında Türkiyə Almaniyaya savaş elan edən kimi Rodosdakı konsulluq bombardmana məruz qaldı, iki əməkdaş həlak oldu. Ülkümenin hamilə arvadı Mihrinnisa xanım ağır yaralandı, bir oğlan uşağı doğandan sonra vəfat etdi. Selahettin bəyin özünü isə almanlar müharibənin sonuna qədər Yunanıstanın Pirey şəhərində nəzarət altında saxladılar.

1989-cu ildə İsrailin fəlakət və qəhrəmanlıq institutu tərəfindən Selahettin Ülkümene Dünya ədalətlisi (bu titulun Azərbaycan dilində qarşılığı mübahisəlidir: türklər "dürüst", ingilislər "righteous" ruslar "праведник" deyirlər) adı verdilər. Türk diplomat bu ada layiq görülən ilk müsəlman oldu. Bundan əlavə, həm Selahettin Ülkümen, həm də Necdet Kent Türkiyə hökuməti tərəfindən "Üstün hizmet madalyası"na layiq görüldülər.

Tarixçi professor Stenford C. Şounun iddiasına görə İkinci dünya müharibəsi illərində türk diplomatlar Fransada 15 min yəhudinin həyatda qalmasına yardım ediblər. Bundan əlavə, almanların işğal etdiyi qonşu Avropa ölkələrindən 100 minə qədər yəhudi Türkiyədə sığınacaq tapdı. Bu insanların böyük əksəriyyəti İstanbulda fəaliyyət göstərən Yəhudi agentliyi vasitəsilə Fələstinə köçürüldü.

***

Böyük üçlüyün (Çörçill, Ruzvelt və Stalin) Tehranda keçirilən (28 noyabr - 1 dekabr) konfransında Türkiyənin müharibəyə cəlb olunması məsələsi bir daha müzakirə olundu. Maraqlıdır ki, bu dəfə Çörçill daha çox canfəşanlıq edirdi. Məqsəd isə Türkiyə vasitəsilə Balkanlara sovetlərdən daha tez müdaxilə etmək idi.

Bir ay öncəki Moskva konfransında Molotovun mövqeyindən fərqli olaraq, Stalin bu məsələyə o qədər də israrla yanaşmadı. Sovet lideri öz müttəfiqlərinin Fransada ikinci cəbhə açmalarında ("Overlord" əməliyyatı") daha maraqlı idi. O, hesab edirdi ki, Türkiyə savaşa qoşularsa, ingilislər onun müdafiəsinə qoşun ayırmalı olacaqlar. Bu qoşunları isə "Overlord"da istifadə etmək daha səmərəli olardı. Ruzvelt də Stalinin bu fikrini bölüşürdü.

Bununla belə, Ruzvelt və Çörçill dekabrın 4-6-da Qahirədə Türkiyə prezidenti İsmət İnönü ilə görüşdülər. İnönü yenə də ölkəsinin savaşa hazır olmadığını, bunun səbəblərindən birinin də Çörçillin Adanada verdiyi vədlərin tam yerinə yetirilməməsi olduğunu bildirdi.

ABŞ prezidenti türklərin müharibəyə girməsilə bağlı tərəddüd keçirirdi. O, zəif Türkiyənin köməkdən çox yük ola biləcəyindən ehtiyat edirdi. Çörçill isə bu məsələdə yenə də xeyli nikbin idi. Amma İnönü ölkəsinin 1911-1922-ci illərdə fasiləsiz olaraq 11 il apardığı savaşlardan (İtaliya ilə müharibə, iki Balkan müharibəsi, Birinci dünya müharibəsi və Qurtuluş savaşı) hələ dirçəlmədiyini söylədi. Sonda Çörçill də Türkiyənin bitərəfliyi ilə barışmalı oldu.

Türklərin savaşa qoşulmayacağı dəqiqləşdikdə ingilislər və amerikalılar 1944-cü ilin aprelində onlara hərbi yardımı dayandırdılar. Elə həmin ayda müttəfiqlərin qəti tələbi əsasında Türkiyə Almaniyaya xrom satışını dayandırdı.

İyunun 6-da Fransanın Normandiya əyalətinə ingilis-amerikan qüvvələrinin çıxarılması ilə ikinci cəbhə açıldı. İyulun sonlarında müttəfiqlərin "Kobra" əməliyyatı nəticəsində alman cəbhəsi yarıldı, şimal-qərbi Fransada xeyli ərazilər azad olundu. Almanlar şərq cəbhəsində də sovet qoşunlarınn "Baqration" əməliyyatı nəticəsində ağır məğlubiyyətlərə uğradılar. Bu hadisələr Ankaranın mövqeyinə təsir etdi. Avqustun 2-də Almaniya ilə diplomatik və iqtisadi əlaqələr kəsildi.

Böyük üçlüyün Yalta konfransında (4-11 fevral 1945-ci il) belə bir qərar verildi ki, yalnız martın 1-ə kimi Almaniyaya müharibə elan edən dövlətlər savaşdan sonra yaradılacaq Birləşmiş Millətlər Təşkilatının üzvü ola biləcəklər. Bu haqda xəbərdar edilən Türkiyə hökuməti fevralın 23-də Almaniyaya müharibə elan etdi, amma heç bir hərbi əməliyyata qoşulmadı.

***

Müharibə bitdikdən sonra SSRİ Türkiyəyə qarşı bəzi iddialar irəli sürdü. Bunlardan biri Qars və Ərdəhanın "qaytarılması", digəri isə Qara dəniz boğazlarına birgə nəzarət üçün burada sovet hərbi bazasının yaradılması idi. Bu iddiaları əsaslandırmaq üçün sovet rəsmiləri və onların ardınca tarixçilər Türkiyənin müharibə illərində yürütdüyü siyasəti təftiş etməyə başladılar.

Stalinin ölümündən sonra bu iddialardan vaz keçilsə də, tarixşünaslıqdakı münasibət dəyişmədi. Belə yanaşma nəinki SSRİ dağılana qədər davam etdi, hətta indinin özündə belə mövcuddur. Sovet iddiaları barədə yazmağı növbəti məqaləyə saxlayaraq, Türkiyənin yürütdüyü siyasətə ünvanlanan ittihamların nə qədər əsaslı olduğunu nəzərdən keçirək.

İttihamlardan biri ondan ibarətdir ki, 1940-cı ildə İtaliya Fransaya qarşı müharibəyə başlayanda, Türkiyə 1939-cu ilin oktyabrında imzalanan ingilis-fransız-türk müqaviləsindən yaranan öhdəliyi yerinə yetirmədi və İtaliyaya müharibə elan etmədi. Halbuki həmin vaxt nəinki ingilislər Fransanın müdafiəsindən vaz kemişdilər, hətta fransızlar özləri də müdafiə olunmurdular.

Məqalənin birinci hissəsində Şükrü Saracoğlunun 1939-cu ilin sentyabrında Moskva səfərindən yazılıb. Həmin səfərdə Saracoğlu ilə görüşən Stalin türklərə ingilis və fransızlarla müqavilə bağlamamağı israrla məsləhət görürdü. Savaşdan sonra isə sovetlər Türkiyəni həmin müqavilədən doğan öhdəlikləri yerinə yetirməməkdə suçlayırdılar.

Bununla bağlı daha bir maraqlı cəhət isə odur ki, həmin vaxt Almaniyanın Moskvadakı səfiri olan fon Şulenburqun Berlinə göndərdiyi məlumatda sovet xarici işlər naziri Molotovun Fransa üzərində qələbə münasibətilə alman hökumətini təbrik etdiyini xəbər verirdi. Beş il sonra Türkiyəni Fransaya kömək etməməkdə qınamaq çox riyakar addım idi.

Başqa bir ittiham Türkiyənin 1941-ci ilin iyunun 18-də Almaniya ilə "Dostluq və hücum etməmək haqqında" müqavilə imzalaması ilə bağlıdır. SSRİ-də 1948-ci ildə çap olunan "Diplomatik lüğət"də yazılırdı: "Müqavilə Almaniyanın SSRİ-yə hücumunu asanlaşdırdı". Tarixçi A.Noviçev 1965-ci ilə çap olunan "Türkiyə (qısa tarixi)" adlı əsərində "Bu müqavilə Almaniyanın SSRİ-yə xaincəsinə hücumuna - hansı ki, Türkiyə hökuməti üçün sirr deyildi - dörd gün qalarkən imzalandı". Başqa nümunələr də göstərmək olar.

Maraqlıdır ki, Türkiyə sözügedən sənədə imza atarkən, SSRİ-nin Almaniya ilə analoji müqaviləsi vardı. Niyə SSRİ nasistlərlə müqavilə imzalaya bilər, Türkiyə yox? Özü də SSRİ-nin Almaniya ilə müqaviləsi üçüncü dövlətin - Polşanın əleyhinə yönəlmişdisə, Türkiyəninki isə həqiqətən bitərəflik müqaviləsi idi. Hələ onu demirəm ki, SSRİ Almaniya ilə Polşanın ərazisini bölüşdürərkən, 1932-ci ildə imzalanan "Hücum etməmək haqqında" sovet-Polşa müqaviləsi qüvvədə idi. Noviçevin iddiasına gəlincə, Almaniyanın SSRİ-yə hücumu belə aşkar məsələ olsaydı, sovet rəhbərliyi də xəbər tutardı və qəfil yaxalanmazdı.

Almaniya ilə "Döstluq və hücum etməmək haqqında" müqavilə imzalanarkən Türkiyənin Avropada həmsərhəd olduğu hər iki dövlətdə - Yunanıstanda və Bolqarıstanda vermaxt qüvvələri var idi: Yunanıstan işğal olunmuşdu, Bolqarıstan isə özü razılıq vermişdi. Almanların bir gün Türkiyə ərazisinə girərək buradan Yaxın Şərqdəki neft mənbələrinə və Süveyş kanalına doğru irəliləyəcəyi ehtimalı kifayət qədər yüksək idi. Belə olan halda həmin müqavilənin imzalanması türklər üçün yeganə çıxış yolu idi.

Başqa bir iddia almanların Stalinqrad döyüşündə qalib gəldikləri halda Türkiyənin guya SSRİ ərazisinə müdaxiləyə başlayacağıdır. Heş bir dəlilə, sübuta əsaslanmayan bu ittihamı onilliklər boyu sovet və rus tarixçiləri təkrar-təkrar səsləndiriblər. Halbuki hərb sənəti ilə səthi tanış olan adamlar da bilirlər ki, savaşa elə-belə başlamırlar, öncə hərbi əməliyyatların planı hazırlanır. Türkiyə Baş qərargahının SSRİ-yə qarşı müharibəyə başlamaq planı hazırlamasının heç bir sübutu yoxdur.

Nəhayət, bir ittiham da almanlara satılan və hərbi texnika istehsalında istifadə olunan xromla bağlıdır. Xarici ticarət bir çox hallarda azad surətdə həyata keçirilmir, beynəlxalq amillər nəzər alınır. İstanbuldan 300 km-dən az məsafədə - Yunanıstanda və Bolqarıstanda qoşun hissələri saxlayan bir yırtıcıya ürəyin istəyəndə "sənə xrom satmıram" demək çox riskli olardı.

Zənnimcə, İkinci dünya müharibəsi zamanı Türkiyənin savaşa qoşulmaması yeganə düzgün siyasət idi və alternativi yox idi. Üstəlik, İnönü hökuməti bunu çox ustalıqla həyata keçirdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/di6irc

Ən çox baxılan