Türkiyə: hərbi qiyam və çevrilişlər

Darbələrin tarixinə qısa baxış

Source:

(I yazı)

Türkiyədə hərbi qiyamların tarixi əsrlər öncəyə, Osmanlı dönəminə uzanır. Türkcə “ayaklanmalar” deyilən bu qiyamlar peşəkar ordu sayılan yeniçəri ocağı tərəfindən qaldırılırdı. Osmanlı tarixində belə qiyamların sayı həddindən artıq çoxdur. Hətta o qədər ki, mütəxəssis tarixçilərin belə hamısını yadda saxlaması çətindir. Xüsusən də müasir dillə desək, sosial səbəblərdən – məvacibin gecikməsi və ya az olması, hərbi səfərin gecikdirilməsi və ya uzanması – olanlarını. Daha çox özündə siyasi səbəblər ehtiva edənlər məşhurdur. Belə siyasi tələblər adətən sədr-əzəmin (baş vəzirin) və ya hətta sultanın hakimiyyətdən uzaqlaşdırılmasından ibarət olurdu.

Osmanlı tarixində yeniçəri üsyanı nəticəsində hakimiyyətdən məhrum edilən ilk sultan II Osman (1618-1622) olmuşdur. Bu hadisənin əsas səbəbi II Osmanın bir çox yenilikləri həyata keçirmək, o cümlədən idarəolunmaz hala gəlmiş yeniçərilərə balans olacaq yeni qoşun növü yaratmaq istəyi olmuşdur. Lakin gənc sultanın təcrübəsizliyi, islahatları çox sürətlə həyata keçirmək cəhdi uğursuzluğa gətirib çıxardı. II Osman öncə hakimiyyətini, 10 gün sonra da həyatını itirdi.

Sonrakı əsrlərdə belə çevrilişlər bir neçə dəfə təkrar olundu. Əksər hallarda sultanlar hakimiyyətləri ilə yanaşı həyatlarını da itirirdilər. Bəzən isə yalnız hakimiyyətdən uzaqlaşdırılmaqla canlarını qurtarırdılar. Bu zaman sədr-əzəmin başı gedirdi, Lalə dövrünə son qoyan məşhur Patrona Xəlil üsyanında olduğu kimi. Bu üsyan sədr-əzəm Nevşehirli İbrahim paşanın həyatına son qoydu, sultan III Əhməd isə taxtdan enib, daha 6 il yaşadı və öz əcəli ilə dünyadan köcdü.

Üsyanlar və çevrilişlər içində tarixçilər tərəfindən Osmanlı dövlətinə xeyirli kimi qiymətləndirilənlər də vardı. Əqli potensialı şübhə doğuran sultan İbrahimin 1648-ci ildə devrilməsi buna misaldır. Lakin ümumilikdə, yeniçərilər mühafizəkar ruhanilərin əlində hər hansı bir yeniliyə, islahata qarşı qüvvəyə çevrilmişdilər və neqativ rol oynayırdılar.

Sonuncu faktor 1789-1807-ci illərdə Osmanlı sultanı olmuş III Səlimin taleyində bariz şəkil aldı. İmperiyanın Avropa dövlətlərindən xeyli geri qaldığını anlayan və dəyişikliklərin vacibliyini dərk edən III Səlim bir çox islahatlar, o cümlədən Nizami- Cədid (yeni qayda) adını almış hərbi islahatlar keçirmək arzusunda idi. Artıq müəyyən addımlar atılmışdı və Nizam-i Cedid Ordusu adlanan yeni qoşun birliyi də yaradılmışdı. Lakin ruhanilərin təhriki ilə 1807-ci ildə üsyan qaldıran yeniçərilər yeni birliyin ləğvinə və III Səlimin taxtdan endirilməsinə nail oldular. Devrilmiş sultan 1 il sonra, tərəfdarları onu yenidən taxta qaytarmaq istəyərkən öldürüldü.

Yeniçəri özbaşınalığına yalnız 1826-cı ildə son qoyuldu. Sultan II Mahmud bu başıpozuq kütləni ləğv etməyincə islahatların mümkünsüzlüyünü anlayırdı. Yeniçərilərin növbəti ayaqlanmasından istifadə edərək onları artilleriya atəşinə tutdu, bir qismini öldürdü, əksəriyyətini isə həbs, daha sonra sürgün etdirdi. Osmanlı tarixinə bu hadisə Vaka-i Hayriye (xeyirli hadisə) adı ilə düşdü.

Bundan sonrakı 50 il ərzində Osmanlı dövlətində silahlı çevrilişlər olmadı. Lakin yeni, Avropa modelində yaradılan ordudakı zabitlər get-gedə Avropa siyasi təcrübəsinə, xüsusən də konstitusiyalı quruluşa meyl edirdilər. Nəticədə 1876-cı ildə sultan Əbdüləziz (1861-1876) devrildi, Konstitusiya elan edildi, parlament təsis olundu. Lakin bu nailiyyətlərin ömrü qısa oldu. Tezliklə II Əbdülhəmid (1876-1909) mütləqiyyəti bərpa etdi.

Əvəzində XX əsrin əvvəllərində Gənc Türklər inqilabı da daxil, bir sıra hərbi-siyasi çevrilişlər baş verdi. Osmanlı dövlətinin Birinci Cahan Savaşında məğlubiyyəti və Mustafa Kamal paşanın öndərliyində aparılan milli-azadlıq hərəkatı sultanlğın devrilməsi, Türkiyə Cümhuriyyətinin yaranması ilə sonuclandı.

Respublikanın 1923-cü ildə elan olunmasına rəğmən, Türkiyə yalnız İkinci Cahan Savaşından sonra çoxpartiyalı sistemə keçdi. 1946-cı ildə bu sistem əsasında ilk parlament seçkiləri keçirildi. Atatürk tərəfindən yaradılan və fasiləsiz hakimiyyətdə olan Cümhuriyyət Xalq Partiyası bu seçkilərdə də iqtidarını qoruya bildi. Lakin artıq növbəti seçkilərdə Demokrat Partiyası 52,7% səslə qalib gələrək hakimiyyəti ələ keçirdi.

Prezidentin Cəlal Bayar, baş nazirin isə Adnan Menderes olduğu DP iqtidarı tam 10 il Türkiyəni təkbaşına, koalisiyasız idarə etdi. Partiya 1954-cü il parlament seçkilərində daha çox, 57,6% səs topladı ki, bu göstərici indiyə qədər Türkiyədə rekord hesab olunur. Müqayisə üçün göstərək ki, indiki hakim AKP çox yaxın olsa da, heç zaman səslərin 50%-ni aşa bilməyib.

Lakin 50-ci illərin ortalarından başlayaraq meydana çıxan iqtisadi problemlər DP-nin nüfuzuna təsirsiz ötüşmədi. 1957-ci il seçkilərində partiyanın səsi 10%-ə qədər azalaraq 47,9%-ə düşdü. Nüfuzunun azalması barışa bilməyən Adnan Menderes hökuməti bir sıra antidemokratik addımlar atdı, müxalifətə, müstəqil mətbuata təzyiqləri artırdı. Halbuki, növbəti seçkilərdə uduzmaqda heç bir faciə yox idi və DP-nin yenidən iqtidara qayıtması üçün bütün şansları vardı.

Sonralar DP-nin əvəzinə qurulan Ədalət Partiyası 1965-ci il seçkilərində 52% səs toplayaraq təkbaşına iqtidar olmuşdu. Lakin A.Menderes hakimiyyətini nəyin bahasına olursa olsun qorumaq istəyirdi. Görünür, demokratiya təcrübəsinin azlığı öz sözünü deyirdi. Nəticədə ölkədə siyasi gərginlik kulminasiya nöqtəsinə çatdı.

Bütün bunlar 1960-cı il mayın 27-də hərbi çevrilişə gətirib çıxardı. Hakimiyyəti ələ keçirən hərbçilər keçmiş Quru qoşunları komandanı Camal Gürseli hakimiyyətə gətirdilər. Adnan Menderes isə hökumət yoldaşları Hasan Polatkan və Fatih Rüştü Zorlu ilə birlikdə mühakimə edilərək asıldılar. Ədalət naminə qeyd etmək lazımdır ki, A.Menderes buraxdığı nöqsanlara baxmayaraq, bu qədər ağır cəzanı haqq etməmişdi.

Ümumiyyətlə, keçmiş DP iqtidarını mühakimə edən Yüksək Ədalət Divanı 15 nəfər haqqında ölüm hökmü çıxarmışdı. Lakin onlardan 12-nin cəzası dəyişdirildi. Prezident Cəlal Bayarın cəzası da ömürlük həbslə dəyişdirildi. Lakin o, artıq 1966-cı ildə səhhəti ilə əlaqədar əfv edildi və 1986-cı ildə 103 yaşında vəfat etdi. Qeyd edək ki, Cəlal Bayar dövlət başçısı olmuş insanlar içərisində ən uzunömürlüsü sayılır.

Çevriliş nəticəsində hərbçilər hakimiyyəti ələ keçirsələr də, onu uzun müddət özlərində saxlamadılar. Artıq 1961-ci ildə parlament seçkiləri keçirildi, CHP rəhbəri İsmət İnönü koalisyon hökumətin başçısı oldu. Elə həmin il qəbul edilmiş Konstitusiya özündə bir sıra demokratik müddəaları əks etdirirdi. Məsələn, bundan sonra Türkiyənin prezidenti yalnız 1 dəfə 7 il müddətinə seçiləcəkdi. Yeni Konstitusiya həm də ikipalatalı parlamenti nəzərdə tuturdu. 1980-ci il çevrilişinə kimi Türkiyədə Senat da mövcud idi.

Türkiyənin cümhuriyyət dövründəki hərbi çevrilişlərdən bəhs edərkən adətən 4 belə hadisə xatırlanır: 27 may 1960-cı il çevrilişi, 12 mart 1971-ci il muhtirası, 12 eylül (sentyabr, 1980-ci il) çevrilişi və “postmodern darbe” adını almış 28 şubat (fevral, 1997) süreci. Lakin bunlar siyasi hakimiyyətin dəyişməsinə səbəb olmuş hadisələr idi. Onlarla yanaşı uğursuz təşəbbüslər də olmuşdu.

Bunlardan ikisi albay Tələt Aydəmirin adı ilə bağlıdır. Quru qoşunları hərbi məktəbinin rəisi olan albay Aydəmir və tərəfdarları ilk dəfə 1962-ci il fevralın 22-də qiyama cəhd etdilər. Lakin bu təşəbbüs uğursuz oldu. Bununla belə, hökumət kimsəni məsuliyyətə cəlb etmədi. Aydəmir xüsusi əfv sərəncamı ilə məsuliyyətdən azad edilərək təqaüdə göndərildi.

Təqaüdçü albayın 1963-cü il mayın 20-dəki ikinci cəhdi daha zəif oldu və hakimiyyət tərəfindən çətinlik çəkilmədən yatırıldı. Aydəmirə bu dəfə güzəşt edilmədi. O və yaxın köməkçisi Fethi Gürcan asıldılar. Daha iki nəfərin edam cəzası isə ömürlük həbsə dəyişdirildi, bir neçə il sonra isə əfv edildilər.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəXəbərlərTürkiyə: hərbi qiyam və çevrilişlər