Türkiyə-Ermənistan – Müqəddəs Taxt sınağı (Təhlil)

Bir müddət sonra Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həllində də mühüm olan erməni-türk dialoqunun bərpası üzrə yeni təşəbbüslərin başlayacağını gözləmək olar

Source:


Bir müddət sonra Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həllində də mühüm olan erməni-türk dialoqunun bərpası üzrə yeni təşəbbüslərin başlayacağını gözləmək olar

Roma Papasının və Avropa Parlamentinin Osmanlı Türkiyəsində “erməni soyqırımını” pisləməsi təkcə erməni məsələsinin həlli üçün deyil, həm də Ön Asiya regionun inkişafı və çiçəklənməsi üçün dialoqa səbəb olur. Bu problemlə əlaqəsi olan dairələrdə emosiya partlayışı şəraitində bu tezis mübahisəli görünə bilər, amma heç də əsassız deyil.


Məqsədlər güdən bəyanat

Roma Papası Frantsisk 12 aprel 2015-ci il tarixində – pravoslavların Pasxa bayramı günü 20-ci əsrin üç “ən böyük misli görünməmiş faciəsini” elan edib: erməni soyqırımı, nasizm və stalinizm. Həmin gün katolik kilsəsinin rəhbəri “erməni soyqırımının” 100 illiyi ilə əlaqədar xüsusi messa keçirərək, ermənilərin, Suriya katoliklərinin və pravoslavlarının çəkdiyi iztirabları “XX əsrin birinci soyqırımı” kimi səciyyələndirib.

Maraqlıdır ki, pontifikin bəyanatı aprelin 5-də katolik Pasxası günü səslənməyib, baxmayaraq ki, 20-ci əsrin faciəsinə baxışını müəyyən dərəcədə bütün dünyada 1,2 milyard katolikin adından danışmağa imkan verən həmin gündə səsləndirmək məntiqli olardı. Pravoslav Pasxası günündə bu bəyanatı pravoslav məzhəbinin iyerarxlarından eşitmək məntiqəuyğun olardı. Amma onlar həmin gün susdular, baxmayaraq ki, 100 il əvvəl yunan və rus pravoslav kilsələri katolik və protestant kilsələri ilə birlikdə La-Manşdan Qafqaza qədər Avropa hərbi əməliyyatlar teatrında 22 mln. insanın həyatına son qoymuş Birinci Dünya Müharibəsinə yollanan əsgərlərə müqəddəs su çiləyirdilər.

Beləliklə, Papa 20-ci əsrin üç faciəsi haqqında danışır: erməni soyqırımı, nasizm və stalinizm. Əməllərin (erməni soyqırımı) və ideologiyaların (nasizm və stalinizm) bir cərgədə sadalanması öz-özlüyündə səhvdir. Faciələr siyahısını millət siyahısı ilə davam etdirmək daha məntiqli olardı və bu siyahı həddindən artıq uzun olardı. Məsələnin bu cür qoyuluşu müxtəlif millətlərə aid insanların kütləvi qətlinin digər qurbanlarına hörmətsizlik deyilmi? Nasizm və stalinizmin qurbanı olan çox sayda digər xalqlara qarşı cinayətləri haraya aid etmək lazımdır? Nə məhkəmədə, nə tarixən sübut edilməmiş “erməni soyqırımı” Birinci Dünya Müharibəsi zamanı, yarımfeodal Avropada nasizm və stalinizmin olmadığı dövrdə baş verib. Amma məhz qabaqcıl Avropa mədəniyyətinin və azad fikrin daşıyıcısı olan dövlətlər 11 mln. mülki şəxsin həyatına son qoymuş kütləvi ətçəkənin təşkilatçısı olublar. Bu, bütünlükdə Avropa ordularının itkilərindən daha çox oldu. Müharibənin şahzadə Ferdinandın qətli kimi bəhanələri deyil, səbəbləri haqqında suala çoxdan çoxsaylı elmi-təhqiqat əsərlərində cavab verilib. Müharibənin kökündə resurslar, müstəmləkələr və əmək və malların satışı bazarı uğrunda mübarizə dururdu.

Nasizmin və stalizmin davamı kimi təqdim edilsə də, eyni məqsəd və vəzifələrə xidmət edən İkinci Dünya Müharibəsi ilk tamamlanmamış əməl – 20-ci əsrin birinci yarısında nüfuz sahələrinin yenidən bölgüsü üzrə ikinci addımı oldu.

Nasizm və stalinizm Birinci Dünya Müharibəsinin nəticəsində yaranıb və onun daşıyıcılarının iki böyük dövlət – ən böyük və alçaldıcı itkilər verən Rusiya və Almaniya olması təsadüfi deyil. Və hər iki ölkədə belə bənzər totalitar rejimlərin yaranmasını da təsadüfi adlandırmaq olmaz. Təkcə ona görə yox ki, onlar viranələrdə və düşmən mühitdə yaranıblar, həm də təhqiqatçıların kifayət qədər çox və inandırıcı danışdığı bir sıra səbəblərə görə.

Hətta İtaliya, Bolqarıstan, Yunanıstan, Xorvatiya və öz miqyaslarında müqayisə olunacaq dərəcədə itkilər vermiş digər əlaltı ölkələrdə də bənzər rejimlər yaranıb. Almaniya və Rusiya ilə müqayisə olunmayacaq dərəcədə böyük ərazi itkiləri verən Türkiyədə bunun baş verməməsi təəccüblü deyilmi? “Birinci soyqırımın” “anasının” özünə qapanıb, dəqiq qanunauyğunluqla nasist və ya Stalin rejimi yaratmalı olması daha məntiqli olardı. Amma bu, baş vermədi. Bunu yalnız dünyəvi Türkiyənin ilk prezidenti Atatürkün xidməti adlandırmaq doğru olmazdı. Bu, məntiqi olaraq bizim müasir Türkiyə adlandırdığımız hazırki vəziyyətə gəlmiş imperiyasonrası ölkənin seçimi idi.

Birinci Dünya Müharibəsindən sonra Türkiyə Respublikasının Ön Asiyada sabitliyin zamini rolunu oynadığına çox az insan etiraz edər və son illərdə alovlanan müsəlman dünyasındakı hadisələr, Avropa enerji təhlükəsizliyi məsələsinin gərginləşməsi, regional sabitlik fonunda bu funksiya xeyli güclənib. NATO üzvü və ABŞ-ın forpostu kimi Türkiyənin güclənməsi tələbatı getdikcə daha çox əhəmiyyət kəsb edir və Osmanlı İmperiyasından irs qalmış bir sıra tarixi məsələlərin həllini tələb edir. Erməni, kürd və Kipr məsələlərini buraya aid etmək olar. Bütün bu mövzular gündəlikdədir və Ankaranın fəallığı göstərir ki, xarici oyunçularla yanaşı, o özü də onların həllini sürətləndirməyə çalışır.


Avropa barışığı sürətləndirir

Pravoslav Pasxası günü katolik Papanın bəyanatı növbəti həllər və addımların məntiqindən irəli gələrək səslənib: bu məsələdə pravoslavların dəstəyini qazanmaq və “izmlərin” pislənməsi və ona qarşı mübarizə, habelə sözün geniş mənasında demokratiya prinsip və dəyərləri üçün yolun təmizlənməsi məsələsində xristian dünyasının birləşməsinə nail olmaq məqsədilə.

Erməni məsələsi Ön Asiya regionunda, o cümlədən Xəzər hövzəsində avrointeqrasiyanı gecikdirən ciddi amildir. Ermənistan regionun Avrointeqrasiyası prosesində təcrid edilmiş ada olaraq qalmaqdadır və Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən, Qara Dəniz və Xəzər Dənizi regionunun çox sayda ölkəsinin birləşməsi üzrə real perspektivləri olan regional layihələrdən və təşəbbüslərdən kənarda qalır. Ermənistanın bu təcriddən çıxarılması üzrə əsas addım onun Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırılmasıdır. Burada Ankaranın bu istiqamətdə irəliləməsi prosesinin sürətlənməsi böyük əhəmiyyət qazanır, Avropa Parlamentinin 15 aprel tarixli Türkiyənin “həqiqi barışıq” üçün yol çəkmək məqsədilə erməni soyqırımını tanıması zərurətini vurğulayan qətnaməsi buna dəlalət edir. Parlamentarilər Ermənistanı və Türkiyəni “Avropa millətləri arasında uğurlu barışıq nümunələrindən (Fransa və Almaniyanın Avropa Birliyini təsis etməsi – Turan) istifadə etməyə”, diplomatik münasibətlər qurulması haqqında, sərhədlərin açılması və münasibətlərin fəal şəkildə yaxşılaşdırılması haqqında protokolları təsdiq etməyə və qeyd-şərtsiz həyata keçirməyə çağırırlar. Sərhəddə əməkdaşlıq və iqtisadi inteqrasiya xüsusi vurğulanır.

Praktiki olaraq, Qərb Türkiyə və Ermənistanı Sürix-2 prosesinə itələyir. Məlum olduğu kimi, iki illik məxfi danışıqlardan sonra, 10 oktyabr 2009-cu ildə Sürixdə Ermənistan və Türkiyə xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması haqqında protokol imzalayıblar. İmzalama tədbirində ABŞ dövlət katibi Hillari Klintonun və Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı artıq ABŞ və Rusiyanın pərdəarxası maraqlarını göstərirdi. Və kimin kimin tərəfində maraqları olduğu aydındır. Növbəti hadisələr göstərdi ki (ABŞ və Rusiya arasında Ön Asiyada gərginləşən mübarizə və onun kulminasiya nöqtəsi olan Ukraynada və Suriya-İraq bölgəsində böhran, Rusiya tərəfin məcburiyyəti ilə Ermənistanın Aİ ilə Assosiasiya Sazişi imzalamaqdan imtinası), zamin tərəflər Sürix-1-in sürətləndirilməsinə hazır deyildilr. Və bu il fevralın 16-da Ermənistan prezidenti Sürixdə imzalanmış Ermənistan-Türkiyə protokollarını parlamentdən geri çəkir. Sürix protokolları ətrafında gizli vəziyyət (Ankaranın Bakının təzyiqi altında onların həyata keçirilməsini Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə əlaqələndirməyə başlaması, rəsmi Yerevanın isə öz müxalifətinin təzyiqi altında Türkiyənin ərazi bütövlüyünü təsdiq edən sənədləri təsdiq etməməsi) başa çatıb.


24 apreldən sonrakı vəziyyət

Türkiyənin Papanın bəyanatına qədər son dövrdə  soyqırımın tanınması kampaniyasına qarşı heç bir ciddi addım atmaması nəzərə çarpır. Yalnız erməni məsələsininin araşdırılması üzrə beynəxalq elmi qrup yaradılması, dialoqa dəvət təşəbbüsləri, habelə Türkiyə dövlətçiliyinin qorunub saxlanması və yenidən təşkili üçün mühüm məqam olan Çanaqqala döyüşünün 100 illiyinin qeyd edilməsi istisnadır.

Keçmişdə qızğın surətdə ermənilərə 1918-ci ilin martında Bakıda və Azərbaycanın regionlarında müsəlman əhalinin kütləvi qətlini xatırladaraq erməni dairələrinin anti-türk kampaniyasının qarşısının almağa çalışan Azərbaycan tərəfdən də indi xüsusi entuziazm görünməyib.

Belə bir təəssürat yaranır ki, Ankara və Bakının regionda hadisələrin növbəti inkişafı ssenarilərindən xəbərləri var və aranı qızışdırmırlar, yalnız Vatikan və Avropa Parlamentinin qərarına formal olaraq mənfi reaksiya ifadə edirlər.

Roma Papası ötən ilin noyabrında Türkiyəyə səfər edib, həmin vaxt bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma əldə olunub, xüsusən, müsəlman Türkiyədə xristian kilsələrinin tikilməsi qadağasının aradan qaldırılması və xristian fondlarının yarandılması ilə bağlı. Maraqlıdır ki, katolik pasxasından düz bir ay əvvəl, martın 5-də multikulturalizmin məşhurlaşması üzrə böyük addımlar atan və katolik artefaktlarına dəstək göstərən Azərbaycan prezidenti İlham Əliyev Vatikana səfər edib.

Aprelin sonuna qədər davam edəcək bütün gərginliyə baxmayaraq, bir müddət sonra Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həllində də mühüm olan erməni-türk dialoqunun bərpası üzrə yeni təşəbbüslərin başlayacağını gözləmək olar. Və burada xristian dünyasının böyük hissəsi arasında nüfuzu olan Vatikanın sülhməramlı rolu əhəmiyyətli ola bilər. Həm də soyqırımı pisləyən Papa Frantsisk barışıq dəvəti yer alan bəyanatı ilə türklərin, ermənilərin və azərbaycanlıların gözündə Vatikanı tarazlaşdırdı. Və Müqəddəs Taxtın vasitəçilik səyləri gələcəkdə səmərəli ola bilər. Demokratiya və Avropa dəyərlərinin bütün inkişaf etməkdə olan dünyada, o cümlədən Ön Asiyada sürətlə yayılmasına çalışan Qərb ölkələrinin maraqları da buna təkan verir.

Turan Analitika Xidməti

Ana səhifəXəbərlərTürkiyə-Ermənistan – Müqəddəs Taxt sınağı (Təhlil)