Türkiyədəki referendumda gözlənilməz bir şey baş vermədi, məncə. Bir qədər – lazım olan qədər saxtakarlıq və Atatürk cümhuriyyətinin yıxılması. Niyə, bu, baş verdi? Türkiyə bundan sonra hara gedəcək?
Bu hadisənin həm tarixi, həm də indiki dövrün tələblərinə aid edilə bilən səbəbləri var. Tarixi səbəblər odur ki, Türkiyə demokratiyanı çox unikal yolla qurmuş ölkədir. Türkiyədə modernist-liberal əsaslar Atatürk tərəfindən qurulub. Atatürk özü diktator olsa da, ölkəsinin orta əsrlər qaranlığından qurtulması üçün əvəzsiz işlər görüb və xeyli mənada buna nail olub. Türkiyənin demokratikləşməsi isə NATO-nun tələbləri əsasında baş verib. Türkiyə 1952-ci ildə NATO-ya üzv olmaqla Qərb ailəsinə qoşuldu, SSRİ-dən uzaqlaşdı və Qərbin bir çox xüsusiyyəti kimi demokratiyasını da tətbiq etməyə məcbur oldu.
Amma demokratiyanı özünəməxsus formada tətbiq etdi. Belə ki, Türkiyədə ordu demokratiyanın qoruyucusu sayılırdı. Atatürk özü general idi və Türkiyə Cümhuriyyəti özü əslində bir darbe nəticəsində yaradılıb. Ona görə də Türkiyədə ordunun darbe edərək, qeyri-demokratik meylləri olan qüvvələri hakimiyyətdən uzaqlaşdırması və ya belə qüvvələrə qarşı mübarizə çərçivəsində hakimiyyəti ələ keçirməsi tarixən adi hal alıb.
Ordu əsas 2 qeyri-demokratik qüvvəyə qarşı bu mübarizəni aparıb – dindarlara və kommunistlərə qarşı. Hər iki qüvvənin məqsədi demokratik üsuldan sui-istifadə edərək, liberal-modernist demokratiyanı məhv etmək olub. 1960-cı ilin darbesi Adnan Menderesin dini hakimiyyət meyllərinə qarşı idisə, 1980-ci ilin darbesi öz inkişafının zirvəsində olan SSRİ-dən cənub qonşularına qarşı gələn kommunizm təhlükəsini önləməyə yönəlmişdi. Əfqanıstan və İranda artıq hakimiyyətlər dəyişmiş, anti-Qərb qüvvələr hakimiyyəti ələ keçirmişdi. Amma bu dövlətlərdə bu dəyişikliklərdən də əvvəl demokratik hakimiyyətlər olmadığına görə, onlarda rejimi dəyişmək işğal və inqilab yolu ilə mümkün olmuşdu. Türkiyədə isə demokratiya, yəni kütlələri manipulyasiya etməyin leqal yolları var idi.
Nəticə Türkiyə üçün dağıdıcı idi, solçu və sağçı gənclərin arasında olan gündəlik toqquşmalar tez-tez qanlı xarakter alırdı. Ordu böyüyən təhlükəni önləmək məqsədilə hakimiyyətə əl qoydu və müvəqqəti olaraq, demokratiyanı rəfə qaldırdı. Ordunun müvəqqəti olan bu qeyri-demokratik idarəetməsi çox qəddar oldu və Türkiyədə dindarlardan başqa ayaq üstə qala bilən qeyri-hərbi toplum buraxmadı. Çünki 1980 darbesində əsas hədəf toqquşan solçular və millətçilər idi. Təsadüfi deyil ki, hərbi xuntanın idarəçiliyi davam edən müddətdə prezidentlik etmiş şəxs – Turqut Özal da dini hakimiyyətə meylli olması ilə tanınır.
Amma Turqut Özal bu niyyətini həyata keçirə bilmədi və ondan sonra tez-tez dəyişən hökumətlər fonunda demokratik hakimiyyət böhranları yaşandı. Necmettin Erbakan da 1997-də dini hakimiyyətə meyl etsə də, ordunun “post-modern darbe” adı ilə tanınan əməliyyatı nəticəsində o, hakimiyyətdən getdi. Bütün bu “gözü çıxmış qardaşlar” – Menderes, Özal, Erbakan Ərdoğan üçün yaxşı “dərs vəsaiti” oldular. Ərdoğan əla natiq, manipulyator, kütlələri əlində oynatmağı bacaran liderdir. Bunu o qədər yaxşı bacarır ki, bir neçə ay fərqlə bir-birinə 180 dərəcə zidd sözlər desə də, onu sevənlər artır, ölümünə dəstəkləyirlər.
Köhnə üsul 2002-dən 2017-ə qədər dəfələrlə Ərdoğanın işinə yaradı – səsvermə yolu ilə demokratiyanı devirmək. Bu illər ərzində o, gah kürdlərə apelyasiya etdi, gah da millətçilərə, gah Qərbə, gah da Rusiyaya. Görünən nəticə budur ki, hamısından uğurla çıxdı. Sonuncu referendumda isə saxtalaşdırma iddiaları güclü oldu, Ərdoğanın özünün və onun oyuncaq baş nazirinin tələsik nəticələri elan etmələri, etirazların mənasız olduğunu demələri də onu göstərir ki, səsvermə prosesi şəffaf və demokratik olmayıb.
Yəni Ərdoğan artıq saxtakarlığa əl ata bilir. Onun üçün vasitə olaraq da demokratiyanın – səsvermənin ömrü bitib. Buna qədər ona məhdudiyyət qoyan xalqın iradəsinin ifadə tərzinin demokratik olması və Ərdoğanın bu ifadə tərzinə işləməyə məcbur olması idi. Amma indi əldə saxtalaşdırma varsa, xalqın iradəsi yanlış çatdırıla bilirsə, demokratik vasitəyə sadiq qalmağa nə hacət?! Ərdoğanın əlində onun bir əmri ilə sekulyarları, kemalistləri didməyə hazır olan milyonlarla türk və suriyalı var. Vasitə dəyişib – demokratik yarışdan qorxuya, hədəyə və bunların bəzən reallaşdırılmasına keçib. 15 iyul darbe cəhdi zamanı insanların əsgərləri döyməsi, bəzi iddialara görə linç zamanı öldürməsi Ərdoğanın Türkiyəyə mesajı idi – “mənim əlimdə elə bir güc var ki, sizin demokratiya qoruyucusu olan əsgərinizi də parçalayar.”
Bəs Ərdoğan niyə 15 il ərzində bu referendumu keçirmədi, məhz indi keçirdi? Bunun səbəbi dünyanın hazırkı vəziyyətidir. İndi dünya populist sağın liberalizm, sosial-demokratiya üzərində triumfunu izləyir. Trump, Brexit anqlo-sakson liberalizmini məğlub etdi. Kontinental Avropanın qərbi hələ dirənsə də, Şərq artıq təslim olur. Orbanın güclənən avtoritarizmi, Polşanın yeni mühafizəkar hökumətinin anti-demokratik islahatları, Çexiyanın ruspərəst prezidenti… Bunlar demokratik ölkələrin böhranıdır. Bütün bunların fonunda isə fürsət gözləyən qeyri-demokratik dövlətlərin hökumətləri öz siyasətlərini ekspansionist hala gətiriblər. Rusiya və İran uzun müddətdən sonra ilk dəfədir ki, öz sərhədlərindən kənarda böyük ordu ilə vuruşur. Onların satellitləri də qeyri-demokratik siyasəti gücləndiriblər. Türkiyə də öz zəif institutlaşma səviyyəsi ilə bu sunaminin qarşısında dura bilmədi və onsuz da başında bu fürsəti gözləyən bir prezidentlə dərhal bu anti-demokratiya, anti-liberalizm dalğasının qucağına düşdü.
Dünyada bu dalğanın yaranmasının səbəbi bundan əvvəlki aşırı beynəlmiləl, sol dalğanın yatması və Obamanın yanlış beynəlxalq gedişləridir, amma bu, başqa söhbətin mövzusudur.
Hazırda Türkiyə yeganə demokratik müsəlman çoxluğu olan ölkə statusunu itirib və islamla demokratiyanın bir araya sığa bilməməsi, Şərqlə Qərbin tamam fərqli insanlardan və ya canlılardan ibarət olması kimi aşırı sağçı fikirlərin əlinə oynayır. Buna görə də dünyada hazırda mövqeləri üst-üstə düşən liderlər Trump, Theresa May, Putin, Ərdoğandır.
Redyard Kiplinqin “Şərq Şərqdir, Qərb Qərbdir” sadə, amma rasist fikri öz yeni doğuluşunu yaşayır. Türkiyə müsəlmanların ölkələrinə buraxılmasının əleyhinə olan mühafizəkar qərbliləri haqlı çıxardır, təəssüf ki. Dünyada gedən bu anti-demokratik dalğanın növbəti 4-10 il ərzində yatacağı gözləniləndir. Britaniyada, ABŞ-da hakimiyyətlər dəyişdikcə, Avropa Birliyi gücləndikcə, iqtisadi problemlər Rusiyanı öz işğallarından geri çəkilməyə sövq etdikcə, Türkiyə və İran kimi ortada çırpınan dövlətlərdə də dəyişikliklərə yol açacaq. Ərdoğanın avtoritarizmi xarizmatik hakimiyyət növünə aiddir. O, daha çox öz xarizması, nüfuzu ilə qalib gəlir. Ona görə də Ərdoğandan sonra (öldükdən və ya başqa yolla hakimiyyətdən getdikdən sonra) bu siyasəti Türkiyədə davam etdirməyə adam olmayacaq. Maksimalist səviyyədə qruplaşmış toplum olan Türkiyə yenə özünün parlamentar, böhranlı hökumətlərdən ibarət demokratik dövrünə geri qayıdacaq. Təbii ki, bu, zaman alacaq və cəmiyyətə on illərlə sağala bilməyən yaralar vuracaq (artıq xeylisi vurulub).
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.