Türkiyə bəzi ölkələrlə ticarət dövriyyəsində milli valyutaya keçə bilər

Nazim Bəydəmirli: ”Bu, Qərbə demarş cəhdidir”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Nazim Bəydəmirli: ”Bu, Qərbə demarş cəhdidir”

Ticarət dövriyyəsini milli valyutaya keçirmək üçün Türkiyə bir sıra ölkələrlə danışıqlara başlayıb.

APA yazır ki, həmin ölkələr arasında Azərbaycan da var. Xəbərə görə, Türkiyənin İqtisadiyyat Nazirliyi Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi ölkələrlə ticarət dövriyyəsinin dollar və avro ilə deyil, milli valyutalarla aparılması üçün artıq təmaslara başlayıb.

Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya, İran və Çinə ticarət dövriyyəsinin milli valyutalarla aparılması üçün bu ölkələrin liderlərinə müraciət edib. Onun sözlərinə görə, həmkarları bu təklifi dəstəkləyiblər. Türkiyə prezidenti hesab edir ki, atılacaq bu addım dolların sürətlə bahalaşmasının qarşısını alacaq. Eyni zamanda milli valyutanın dəyər qazanmasına səbəb olacaq.

Bildirilir ki, bəzi ölkələr artıq gələn ilin birinci yarısından Ərdoğanın təklifinə dəstək verərək Türkiyə ilə ticarət dövriyyəsində yerli valyutadan istifadə edəcək.

Cari ilin 10 ayının yekunlarına əsasən, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkələr arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. 826 mln. 861,84 min dollar təşkil edib. Azərbaycanın ümumi ticarət dövriyyəsinin 12,91 faizi Türkiyənin payına düşür. 10 ay ərzində Türkiyəyə 1,3 mlrd. dollarlıq mal ixrac edən Azərbaycan hesabat dövründə qardaş ölkədən 954 mln. dollarlıq mal idxal edib.

Sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli Meydan TV-nin bu barədəki sualını ironik sualla qarşılayıb: “Belə çıxır ki, dollar qızıla bağlanmalıdır? Yəni dollardan imtina edənlər qızılın bir bankdan digərinə göndərilməsini, yaxud əmanət kimi qoyulmasını da 1975-ci ilə qədər olan metodlarla həyata keçirəcəklər? Məsələ ondadır ki, 1975-ci ilə qədər ABŞ dolları qızılın qiymətinə bağlı idi Hətta həmin vaxt İspaniya Amerikaya 1 gəmi dollar göndərib ki, qızıllarını qaytarsınlar”.

Nazim Bəydəmirli foto Meydan TV

Nazim Bəydəmirli deyib ki, manat və lirə ilə alış-veriş etmək istəyən təşkilatlar və ya dövlət qurumları bunu hansısa valyutaya bağlamalıdırlar: “Gürcüstan, Ukrayna Azərbaycan və Moldova kimi (GUAM) ölkələr bir neçə dəfə bu məsələ haqda söhbətlər aparıblar. Regional valyutanın yaradılmasına çalışıblar. Amma bunun perspektivi görünmür. Hesab edirəm ki, bu, Qərbə demarş cəhdidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı etirafları da var. Məncə, son yanaşmalar maliyyə yox, geosiyasi maraqlardan doğur”.

İqtisadçı təklifin həyata keçilmə mexanizmlərini anlaya bilmədiyini də bildirib:

“Onda bu qızıla bağlanmalıdır, amma qızılın özü də dünya bazarında dollar və avro ilə alınıb, satılır. Dünya ticarətinin 75 faizi dollar , 25 faizi isə avro üzərindən həyata keçirilir. Odur ki, Azərbaycan və Türkiyənin xarici ticarətdə milli valyutaya keçə biləcəyinə inanmıram”, – Nazim Bəydəmirlinin sözləridir.

Ana səhifəXəbərlərTürkiyə bəzi ölkələrlə ticarət dövriyyəsində milli valyutaya keçə bilər