Ekspertlər gərginliyin uzun sürməyəcəyinə əmindirlər
Türkiyə ABŞ istehsalı olan bir sıra məhsulların ölkəyə idxalına görə vergi dərəcələrini artırıb.
BBC-Azərbaycanca
yazır ki, bu barədə prezident qərarı Türkiyənin “Resmi Gazete”-sində yayımlanıb.
Məhsulların arasında düyü, sərt qabıqlı meyvələr, alkoqollu içkilər, tütün məhsulları, daş kömür, minik avtomobilləri var.
Rusiya mətbuatının məlumatına əsasən, ABŞ-dan idxal edilən tütün məhsullarının dərəcəsi 60%, alkoqollu içkilər 140%, avtomobillər 120%, kosmetik məhsullar 60%, düyü 50%, meyvələr 20% artırılıb.
Bunlar ötən cümə günü ABŞ prezidenti Donald Trampın Türkiyədən alüminium və polad idxalına olan vergi dərəcələrinin artırılmasına cavab olaraq edilib. Dərəcələr müvafiq olaraq 20% və 50% artırılıb. Bu qərar Türkiyə lirəsinin dollara qarşı kəskin ucuzlaşmasına səbəb olub.
Prezident köməkçisi Fuat Oqtay əlavə vergilərlə bağlı “Twitter”də açıqlama yazıb və qərarın ABŞ hakimiyyətinin Türkiyə iqtisadiyyatına hücumlarına qarşı olaraq verildiyini deyib:
“ABŞ hakimiyyətinin iqtisadiyyatımıza bilərəkdən hücumlarına qarşı olaraq, qarşılıqlılıq prinsipi çərçivəsində bəzi məhsulların idxalında vergi nisbətləri artırılmışdır”.
Rəcəb Tayyib Ərdoğan avqustun 14-də ABŞ-ın elektron məhsullarının boykot ediləcəyini bildirib:
“Amerikanın elektronik məhsullarını biz boykot edəcəyik. Onların “iPhone”u varsa, o biri tərəfdə “Samsung” var. Öz ölkəmizdə “Venüs”, “Vestel” var. Biz bunları tətbiq edəcəyik. Nə etdiyimizi, nə edəcəyimizi başa düşsünlər. Olmayanı da istehsal edəcəyik. Xaricə pul verib etdirdiyimiz hər işin daha yaxşısını edib, biz xaricə verəcəyik”.
Bu bəyanatla Türkiyə ilə ABŞ arasında rahib Endrü Bronsonun azadlığa buraxılmamasıyla dərinləşən böhranın yeni mərhələyə qədəm qoyduğu qeyd edilir.
ABŞ-ın Ticarət Nazirliyinin məlumatlarına görə, 2016-cı ildə 8 milyard 27 milyon dollar olan ABŞ-ın Türkiyədən idxalı 2017-ci ildə 9 milyard 412 milyon dollara qədər artıb. ABŞ-ın Türkiyəyə ixracı isə 2016-cı ildə 9 milyard 350 milyon dollar, 2017-ci ildə isə 9 milyard 741 milyon dollar olub.
2018-ci ilin ilk 6 ayında ABŞ-dan Türkiyəyə 5 milyard 75 milyon dollarlıq ixrac, Türkiyədən ABŞ-a isə 5 milyard 78 milyon dollarlıq ixracat edilib.
Rusiyalı ekspertlər öz növbəsində hesab edirlər ki, Türkiyə və ABŞ arasında gərginlik uzun müddət davam etməyəcək. Belə ki, “RİA-Novosti” agentliyinə açıqlama verən Rusiya beynəlxalq münasibətlər şurasının proqram direktoru İvan Timofeyev hesab edir ki, hazırda Türkiyə bu oyunda hərarəti bilərəkdən artırır ki, danışıqlar zamanı özləri üçün daha çox xal qazana bilsinlər.
“Bu o demək deyil ki, ABŞ və Türkiyə arasında strateji əlaqələr pozulacaq. Baza məsələlər üzrə hər iki ölkə müttəfiq olaraq, qalacaqlar”, İ.Timofeyev deyib.