Hadisə əsgərlər PKK-ya qarşı keçirilən əməliyyat zamanı həlak olmuş hərbçinin cəsədinin axtarışı zamanı baş verib
İraqın şimalında yerləşən mağarada aparılan axtarış əməliyyatı zamanı Türkiyə ordusunun 19 əsgəri metan qazından zəhərlənib, onlardan 12-si həyatını itirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, hadisə 2022-ci ilin may ayında PKK-ya qarşı əməliyyat zamanı həlak olmuş baş leytenant Nuri Melih Bozkurun cəsədinin iyulun 6-da axtarışı zamanı baş verib.
Nazirlik bildirib ki, Nuri Melih Bozkurun cəsədinin axtarışları hələ də davam etdirilir.
PKK 1980-ci illərdən etibarən Türkiyə ilə silahlı mübarizəyə başlayıb. Əvvəllər müstəqil Kürdüstan uğrunda döyüşən təşkilat, son illərdə məqsədini ölkə daxilində muxtariyyət və kürd vətəndaşlara daha geniş hüquqlar əldə etməyə dəyişib.
Bu illər ərzində müxtəlif Türkiyə hökumətləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan rəhbərliyindəki iqtidar məsələnin hüquqi yollarla həllinə çalışsa da, bu təşəbbüslər nəticə verməyib. Münaqişə zamanı on minlərlə insan həyatını itirib.
Təşkilatın adı Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terror qruplaşması siyahısına salınmışdı.
Kürdüstan Fəhlə Partiyası (PKK) 2025-ci il mayın 12-də silahlı fəaliyyətinə son verdiyini və təşkilatın buraxıldığını açıqlayıb.
Bu qərar, təşkilatın qurultayında qəbul edilib və Abdullah Öcalan tərəfindən səslənən çağırışa cavab olaraq həyata keçirilib.
Mayın 12-də yayımlanan bəyanatda PKK 40 illik silahlı mübarizənin “tarixi missiyasını” başa vurduğunu və kürd məsələsinin artıq demokratik siyasət çərçivəsində həll oluna biləcək bir mərhələyə gəldiyini bildirib.