Noyabrın 11-də Gəncə Hava Limanından Türkiyəyə uçan C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğraması nəticəsində 20 hərbçi həlak oldu.
Hadisənin baş vermə səbəblərinə gəlincə, rəsmi qurumlar araşdırmanın davam etdiyini, nəticələrin hələ açıqlanmadığını bildirirlər.
Faktla bağlı uçuşların təhlükəsizliyi qaydalarının və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı vasitəsinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.
Qəzaya məruz qalan təyyarənin modelinin C-130EM Hercules (tail number 68-1609) olduğu bildirilir. Təyyarə 1968-ci ildə istehsal olunub, əvvəllər Səudiyyə Ərəbistanında xidmət edib, daha sonra Türkiyə Hərbi Hava Qüvvələrinə verilib. İstehsalçı “Lockheed Martin” də istintaqa dəstək verəcəyini açıqlayıb.
Bu, son bir ildə Azərbaycanla bağlı olan ikinci təyyarə qəzasıdır.
2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğramışdı və göyərtədə olan 67 nəfərdən 38-i həlak olmuşdu. Azərbaycan hadisədə Rusiyanı günahlandırıb və üzrxahlıq və təzminat tələb etmişdi. 2025-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əlyevlə Düşənbədə görüşən zaman baş vermiş hadisəyə görə, üzrxahlıq etmişdi.
“Partlayış səmada baş verib, mülahizə qurmaq doğru olmazdı”
Azərbaycanda fəaliyyətini dayandıran Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hadisənin baş verməsi səbəbləri ilə bağlı ilkin araşdırma olmadan mülahizələr irəli sürməyin doğru olmadığı qənaətindədir:

“Videolara baxdım, partlayış səmada baş verib, təyyarə səmada üç hissəyə bölünüb. Arxa və ön tərəfi yoxdur. Qanadlar da fırlanaraq yerə doğru gəlirdi. Partlayış nədən baş verib – müəyyən səbəblərdən içəridəmi olub, diversiyadırmı, yoxsa kənardan vurulub – bunu bilmirik. Hərbi yüklər ola bilərdi, məsələn, tullanmayıb və detonasiya baş verib. İçəridə nəsə olub. Bunu araşdırma göstərəcək. Fakt olmadığı üçün mülahizə qurmaq doğru olmazdı”.
“Ən real ehtimal texniki nasazlıqdır”
Meydan TV-yə danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın fikrincə, əgər raketlə hücum olsaydı, bir neçə ölkənin hava hücumundan müdafiə sistemləri bunu dərhal qeydə alardı:

“Adətən, kənar müdaxilə zamanı hava hücumundan müdafiə sistemi bunu görür. İlkin dağıntılara baxıldıqda, mütəxəssislər bildirirlər ki, daxildən partlayışın baş verməsi ehtimalı da yoxdur. Buna görə də, ən ağlabatan ehtimal texniki amillərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, təyyarə 57 il əvvəl istehsal edilib. Əvvəllər Səudiyyə Ərəbistanına məxsus olub, daha sonra Türkiyəyə verilib və orada istifadə edilib. Qəza baş verən gün təyyarə bir neçə reys yerinə yetirib, o cümlədən Gəncəyə də uçub. Mənim fikrimcə, ən inandırıcı versiya texniki nasazlıq məsələsidir. Təyyarənin materialının korroziyaya uğraması və soyuq, kontrast hava şəraiti belə bir qəzanın baş verməsinə səbəb ola bilər. Mütəxəssislər də bu istiqamətə daha çox diqqət yetirməlidirlər. Təbii ki, yekun rəy “qara qutu”nun açılıb oxunduqdan sonra bəlli olacaq”.
“Regionda təxribat istisna deyil”
Siyasi şərhçi Rauf Mirqədirov qəzanın kənar müdaxilə ilə baş verməsini istisna etmir və bunu regionda təxribat yaratmaq istəyi ilə əlaqələndirir:

“Region həddindən artıq qaynar nöqtədir. Nəzərə almaq lazımdır ki, hazırda bu ərazidə həm regional, həm də ciddi beynəlxalq qüvvələrin – Rusiya, İran və Türkiyənin – maraqları toqquşur. Azərbaycanla Ermənistan arasında münasibətlər yeni-yeni qaydasına düşməyə başlayır. Bu münasibətləri pozmaq istəyən qüvvələr də ola bilər. Qəzanın Azərbaycan–Gürcüstan sərhədində baş verməsi, həm də Ermənistan sərhədinə nisbətən yaxın olması bu ehtimalı gündəmə gətirir. Hətta türkiyəli rəsmilər də təxribat ehtimalını tam inkar etmirlər və bildirirlər ki, kənar müdaxilə ola bilər. Bu sualların hamısına cavab vermək üçün istintaqın nəticələrini gözləmək lazımdır”.