Ortaylının dediyinin əksinə olaraq, “azəri” ifadəsini Stalin gətirməyib
Türk tarixçisi İlber Ortaylı deyib ki, “Türklər arasında Azəri adlı millət yoxdur…Bunu Stalin xiyarı uydurub”.
Ortaylının ifadə etdiyi fikir bizim ölkədə pantürkist cərəyanın təsiri altında olan şəxslərin “Azəri, yox Azərbaycan türkü” devizi ilə üst-üstə düşən məsələdir.
Mən aşağıda pantürkist cərəyanın bu devizinin Azərbaycandakı titul etnosun (çoxluq etnos) adı (etnonimi) ilə əlaqədar meydana çıxan problemi (problem – biz türkük, yoxsa azərbaycanlıyıq (azəriyik)) izah etmək üçün niyə qüsurlu olduğunu göstərməyə çalışacam (etnonimlər eksonim-digərləri tərəfindən adlandırılma, endonim-öz-özü tərəfindən adlandırılma növlərinə bölünür) və eləcə də çalışacam ki, ehtimali perspektiv üçün bu problemin həll variantını təklif edim.
Haşiyə: Ortaylı “şişirdilmiş adam”dır. Bunu onun akademik fəaliyyətinə görə deyil, türk mətbuatında ictimai-siyasi çıxışlarına görə deyirəm. Bu çıxışlarda adətən “populist”, yaxud akademik dəyəri olmayan fikirlər bildirir. Bu dediyi onlardan biridir.
I. İlk növbədə, bunu qəbul etməliyik ki, identiklik, o cümlədən milli, yaxud etnik identiklik “təbii fenomen” deyil, sosial konstruksiyadır. Başqa sözlə, identiklik tarixi prosesdə sosial amillərin (hakim qrupun təsiri, intellektual təsir və digərləri) nəticəsində meydana çıxır və bu amillərin fövqündə təbii (bioloji) amillərin nəticəsi deyil. Buna görə də identiklik mövzusunda essensialist yanaşmanı rədd etməliyik (essensializm identikliyin “təbiilik” üzərində qurulduğu nəticəsinə gəlmə deməkdir). Buna uyğun olaraq bilməliyik ki, identikliyi ifadə etmək üçün istifadə edilən bu halda “türk”, “azəri” və “azərbaycanlı” istilahlarının hamısı sosial konstruksiyadır və “sünidir”. Biri digərinə münasibətdə təbii deyil. Buna görə də identikliyi ifadə etmək üçün “azərbaycanlı”/”azəri” sözlərini işlətmək nə qədər “sünidir”sə, “türk” ifadəsi də o qədər “süni”dir.
II. Daha sonra, nəzərdən keçirməliyik ki, nəyə görə müxtəlif dövrlərdə sosial konstruksiya olaraq identikliyi ifadə etmə vasitəsi kimi “türk” və “azərbaycanlı”/”azəri” istilahlarından istifadə edilib. Buna tarixilik konstekstində baxmaq lazımdır.
Uzun tarixi dövr ərzində Azərbaycan Cənubi Qafqazın tərkib hissəsi kimi İran imperiyasının tərkibində olub və bu dövrdə Cənubi Qafqazda yaşayan müsəlman türkdilli (yaxud türki, ingiliscə turkic) etnos özünü etnik identikliyə nəzərən daha çox dini identikliklə ifadə edib (“müsəlman”>”türk”). Qafqaz türki etnosunun etnonimi kimi “türk” ifadəsinin işlədilməsi bu dövr üçün dominant yanaşma olmayıb. XIX əsrdə Cənubi Qafqaz İrandan Rusiya imperiyasına ilhaq edildikdən sonra rəsmi mənbələr buranın türki etnosunu “tatar”, yaxud “türk-tatar” kimi ifadə edib. Yalnız 19-cu əsrin sonlarında milli azadlıq, yaxud avtonom hərəkatları meydana çıxdıqdan sonra Rusiya imperiyasında ikinci çoxluq etnosa (türki etnosa) aid olan intellektuallar, o cümlədən Qafqaz/Azərbaycan intellektualları arasında özünü “türk” kimi ifadə etmə meyli yüksəldi. Həmin dövrdə “yazının sahibi” bu intellektuallar olduğu üçün onların təsiri altında milli identiklik kimi “türk” identifikasiya sosial konstruksiya (“süni”) olaraq yarandı. Bu intellektual hərəkat 20-ci əsrin əvvəllərində artıq təkmil pantürkist hərəkata çevrildi və hətta Osmanlı imepriyasının elitası üçün də həlledici rol oynadı. Rusiya imperiyasının dağılmasından sonra yeni yaranmış Azərbaycan Respublikası bu intellektual ənənənin təsiri altında həm siyasi olaraq Azərbaycan termini, həm də etnonim olaraq “türk”, yaxud “Azərbaycan türkü” termini mənimsədi. Amma intellektual təbəqənin bunu mənimsəməsi əhalinin çoxluğu üçün təyinedici deyildi, çünki onlar hələ də özlərini “müsəlman” olaraq identifikasiya edirdilər.
Azərbaycan digərləri kimi SSRİ tərəfindən ilhaq edildikdən sonra yeni mərhələ başladı. SSRİ-nin “millətlər siyasəti” qarışıq xarakter daşısa da, onun əsas məqsədi yerli respublikalarda “etibarlı titul millət”lər yaradıb, idarəçiliyi bu “titul millət”lər vasitəsilə həyata keçirmək idi (korenizatsiya). SSRİ-nin bu siyasəti yalnız ona məxsus deyildi. Oxşar yanaşma həmin dövrün trendi olan “məcburi modernizasiya” siyasəti çərçivəsində başqa ölkələrdə də edilmişdi. Belə ölkələrə İran və Türkiyə də aid idi. Xüsusilə Türkiyədə baş verənlər bizim üçün də vacib idi. Türkiyə 1920-30-cu illərdə “türk” identikliyi üzərindən ümumölkə vahid identifikasiya yaratmaq siyasəti həyata keçirirdi. Bu siyasət çərçivəsində etnik azlıqların bu kimlik içərisində “yox edilməsi” siyasəti də aid idi (məsələn, kürdlərin). Eyni olmasa da, paralel siyasət SSRİ rəhbərliyi tərəfindən Azərbaycanda da türki və digər müsəlman etnosları birləşdirmək üçün də istifadə edildi. Lakin “türk” brendi Türkiyə tərəfindən alınmışdı. Həm də 1930-cu illərdən Türkiyə ilə SSRİ-nin münasibətləri soyumağa başlamışdı. Bundan əlavə, korenizatsiya siyasətinə görə yerlərdə yaradılmalı titul millət axtanton (qədim) olmalı idi. Lakin türkilər axtanton deyildilər və “türkləşmə” orta əsrlərdə (12-13-cü əsrlərdən sonra) baş vermişdi. Belə olanda SSRİ rəhbərliyi üçün “azərbaycanlı” identikliyi yaratmaqdan başqa çıxış yolu qalmırdı. Bu da edildi. 19-cu əsrin sonlarının sosial konstruksiyası olan “türk” 20-ci əsrin 30-cu illərində yeni bir sosial konstruksiya ilə – “azərbaycanlı” ilə əvəzləndi. Bunun nəticəsi olaraq Azərbaycanın türk etnosu “azərbaycanlı” adı ilə qəti şəkildə bu ölkənin titul millətinə çevrildi. Hətta digər müsəlman etnik azlıqların mühüm hissəsinin də “azərbaycanlı” etnosu içərisində “assimilasiyası” getdi və hazırda Azərbaycanda müsəlman etnik qruplar arasında olan “harmoniya” da o vaxtkı “azərbaycanlı” seçimindən xeyli dərəcədə asılıdır (bu cümlə deskriptiv xarakter daşıyır və hər hansı “assimilyasiya”nı dəstəkləmək mənasına gəlmir). Belə bir harmoniya “türkiyəli” deyil, “türk” seçimi edən Türkiyədə əldə edilməyib (bax Türkiyədə kürd üsyanları). Beləliklə, “türk”dən “azərbaycanlı”-ya keçid heç də Stalinin “şəxsi məhsulu” deyildi, həmin dövrün reallıqlarından irəli gələn məsələ idi. Maraqlı məsələ həm də bundadır ki, Rəsulzadənin 1940-1950-ci illər fəaliyyətinə baxdıqda onun da bu cür “azərbaycançılığı” dolayı olaraq mənimsədiyini görmək olar (Müasir Azərbaycan ədəbiyyatı, Müasir Azərbaycan tarixi, Azərbaycan şairi Nizami kitabları). [Alternativ tarix yazmaq istəmərəm, amma bəlkə də hətta müstəqil dövlət qalsaydı belə, “türk” brendinin Türkiyə tərəfindən mənimsənilməsindən sonra Azərbaycan tərəfindən eyni addımlar atılardı].
“Azəri” məsələsinə gəldikdə. Ortaylının dediyinin əksinə olaraq, “azəri” ifadəsini Stalin gətirməyib. Yuxarıda qeyd edildiyi kimi SSRİ-nin gətirdiyi “azərbaycanlı” olub. “Azəri” ifadəsi əvvəllər də istifadə edilməklə bərabər (məsələn, 1910-cu illər Azərbaycan mətbuatında “Açıq söz” qəzeti 1917, “Azəri həmvətənlər” məqaləsi) daha çox istifadə edilməyə 1920-30-cu illərdə başladı. “Azəri” ifadəsi eksonimdir, yəni bizi başqaları, xüsusilə Qərb mətbuatı tərəfindən ifadə etmək üçün istifadə edilir. Həmçinin Türkiyədə “türk” brendi rəsmiləşdirildikdən sonra Türkiyə mətbuatı tərəfindən Azərbaycana münasibətdə istifadə edilir. O cümlədən Azərbaycan siyasi mühacirləri də özlərini ifadə etmək üçün “azəri” ifadəsindən istifadə edirlər (məsələn, 1928-ci ildə Türkiyədə nəşr edilən “Azəri türk” jurnalı və mühacirlərin Türkiyədə yazdıqları yazılarda bu ifadəyə rast gəlinir). Müasir “azəri” ifadəsi “Azərbaycan” sözündən törəmədir (törəmə sözdür – sözün birinci hecası olan “azər” və fars mənşəli aidiyyət bildirən “-i” şəkilçisi) və daha çox Azərbaycandakı dominant etnosu ifadə etmə, bəzən isə bütün Azərbaycan əhalisini ifadə etmək üçün istifadə edilir. Yaxşı, nəyə görə Qərb mənbələri bu ifadəni seçmiş ola bilərlər? Məncə, lakoniklik üçün. Qərb linqvistikası lakonikliyə üstünlük verir (Rusiya linqvistikasından fərqli olaraq). “Azərbaycan” sözü uzundur və buna görə də iki sözdən ibarət olan “azərbaycan türkü” yaxud tək sözdən ibarət olan “azərbaycanlı” ifadələri uzunçuluq yaradır (“türk” ifadəsinin ayrıca yiyəsi var və qarışıqlıq yaradacaq). Belə olanda ən optimal variant “azəri” olur (açığı, məncə də, “azəri” lakoniklik baxımından çox uğurlu seçimdir). Ona görə də Qərb mətbuatı və onun təsirində olanlar “azəri” eksonimindən istifadə edirlər.
Nəticə olaraq, “türk” əvəzinə “azərbaycanlı” və “azəri” istifadə edilməsinin tarixi və əsaslı səbəbləri var və bunu istifadə etmənin kiminsə “şəxsi qərəzi” olaraq görmək səhvdir. Eləcə də bu misal üzərindən etnonimlərin istifadəsinin sosial konstruksiya (süni) olduğu da görünür.
III. Beləliklə, hazırda Azərbaycanın türki titul (dominant) etnosunun üç etnonimi qarşımıza çıxır:
“azərbaycanlı” – rəsmi etnonim, Sovet dövründən qalıb, konservator cərəyanın təsiri altında olan şəxslər işlədir (dəstəkləyir) və əhalinin çoxu tərəfindən də praktiki olaraq mənimsənilib; “azərbaycan türkü” yaxud sadəcə “türk” – bir müddət rəsmi etnonim olub, pantürkist cərəyanın təsiri olan şəxslər işlədir (dəstəkləyir) və əhalinin gənc kütlələrinin bir hissəsi tərəfindən mənimsənilib; “azəri” – daxil auditoriya tərəfindən çox da istifadə edilmir və daha çox eksonimdir.
Hazırda konservatorlar (daha çox sovet təsiri altında olanlar) və pantürkistlər arasında etnonim uğrunda mübahisə gedir. Konservatorlar sovet nostalgiyası və təsiri altında olan elita və intellektuallardır.
Konservatorlar indiki hakimiyyətdə daha çox təmsil ediliblər. Pantürkistlər isə müxalifətdə daha dominantdırlar. Etnonimin və buna bağlı olaraq rəsmi dilin necə adlandırılması 1995-ci ildə Konstitusiya müzakirələrində də vacib yer tutmuşdu (və konservatorlar “udmuşdu” o məsələdə). Amma pantürkistlərin narazılığı və təsiri hələ də davam edir (bax “azəri yox, Azərbaycan türkü” devizi). Mən yuxarıda göstərdiklərimə görə pantürkistlərin yanaşmasını dəstəkləmirəm. Məncə, pantürkistlər tarixi reallıqları nəzərə almırlar. Amma pantürkizmin Azərbaycan tarixindəki yeri və rolu da danılmamalıdır. Həm 20-ci əsrin əvvəllərində, həm də müstəqillik hərəkatında pantürkizmin mühüm rolu olub. Mən bu tarixi mövcudiyyəti danmağın tərəfdarı deyiləm. Buna görə də ehtimali gələcək Konstitusiya (“fərziyyəvi Konstitusiya”) müzakirələrində mən bu məsələdə (etnonim və rəsmi dilin adı məsələsində) kompromis versiyaya gəlinməsini dəstəkləyirəm.
IV.”Kompromis versiya”ya görə “fərziyyəvi Konstitusiya”da bu müzakirənin məsələləri aşağıdakı kimi əks edilə bilər:
– Konstitusiyanın preambula hissəsindəki bəyanlardan birində Azərbaycandakı bütün etnik qrupların adı sadalansın və onların birgəyaşayışı və qardaşlıq ruhu vurğulansın. Bu sadalamanın içərisində çoxluq etnosun adı belə yazılsın: “türki etnos olan azərbaycanlılar (yaxud azərilər)” (azərbaycanlı, yoxsa azəri arasında hansının seçilməsi ayrıca müzakirə edilər);
– Konstitusiyanın rəsmi dili müəyyən edən müddəası aşağıdakı kimi ifadə edilsin:
“Respublikanın rəsmi dili türki dil olan Azərbaycan dilidir (bundan sonra – Azərbaycan dili)”.
V. Mövzu ilə daha yaxından tanış olmaq üçün tövsiyə edirəm:
– İdentikliyə dair konstruktivist və essensialist yanaşmalar haqqında bax: Chris Lorenz, Representations of Identity: Ethnicity, Race, Class, Gender and Religion. An Introduction to Conceptual History:
http://www.culturahistorica.es/chris_lorenz/representations_of_identity.pdf
– 1930-cu illərdə “azərbaycanlı” istilahından istifadə edilməsini zəruri edən tarixi əsaslar üçün bax: Dr. Harun Yılmaz’ın National Identities in Soviet Historiography: The Rise of Nations Under Stalin adlı monoqrafiyası:
https://books.google.az/books…
Bunun Azərbaycan dilində olan versiyası üçün bax: Sovet İttifaqı və 1930-cu İllərdə Azərbaycanda Milli Kimliyin Qurulması:
http://webcache.googleusercontent.com/search…
– Azərbaycan tarixşünaslığının və etnoniminin inkişafı üçün bax: Victor Schnirelmann’ın The Value of the Past. Myths, Identity and Politics in Transcaucasia adlı monoqrafiyası (rus dilində Войны памяти: мифы, идентичность и политика в Закавказье; rus dilli versiyasını internet ödənişsiz yükləmək olur)
– Mühacirlər tərəfindən “azəri” ifadəsinin işlədilməsi nümunələri üçün bax:
http://elibrary.bsu.az/books_170/N_15.pdf
Yazı Səməd Rəhimlinin şəxsi facebook
hesabından
götürülmüşdür.