On beş ilə yaxındır, qonşuyuq. Əslində, qonşu idik. Çünki artıq mövcud durumumuzun qonşuluqla bir əlaqəsi qalmayıb. Amma bu yaxınlara qədər münasibətlər normaldan da üstün idi. Xeyirdə-şərdə bir-birimizin yanında olardıq, pay verib pay, borc verib borc alardıq. Beləcə, keçinib getdiyimiz yerdə qonşu evini və həyətinin yarısını satıb pulun bir hissəsindən özünə təzə ev tikməyə başladı. Həm də həyatının arzusu olan “hamam-tualet evdə!” şüarı ilə. Bu iki vacib obyektin həyətdə olmasına çox darılırdı.
Daha allaha şükür, adam arzusuna qovuşacaq deyə xeyli sevindim. Yuxarıda dediyim kimi, biz paxıl və xain qonşular deyildik ki, belə bir önəmli məsələ məni sevindirməyə. And içmək kimi olmasın, vallah, ürəyimdə hələ niyyət də elədim ki, qonşunun sevimli ev tualetinə bir qəşəng unitaz alıb apararam. Çünki, o illəri unitazımız donub sıradan çıxanda düz bir il orta qiymətə yüksək keyfiyyətli unitaz axtarıb, sonda yüksək qiymətə orta bir unitaz almışam. Yəni, mənim üçün yüksək və orta… Normalda bəlkə bizim unitaz ortadan aşağıdır və qiyməti də heç yüksək deyil. Bütün hallarda daha təcrübəli alıcı olaraq münasib mal almaq mənim üçün iki üstəgəl iki kimi bir şeydi. Amma sən saydığını say, gör turizm nə sayır, deyiblər…
Bilirəm, çoxunuz: – “Turizmin bura nə dəxli var?”, deyə qaşlarınızı çatacaqsınız. Əlbət, sizin yerinizə olsam, mən də bu işə mat-məəttəl qalardım. Amma bircə qram səbriniz olsa görəcəksiniz ki, turizmin nəinki unitaza, hətta mülkiyyət hüquqlarına və ümimiyyətlə insaniyyətə də dəxli var.
Beş ay əvvəl
Günlərin bir günü kənddə iki gün qalıb qayıdanda görürəm ki, qonşuyla aramızda hasar-flan yoxdur. Sərhəddə sadəcə bizim dəmir talvarımız mövcuddur. Kənarları sökülüb ortada çılpaq qalan talvarın yazıq görkəmi içimə sinməsə də səsimi çıxartmadım: – “Qonşu köhnə hasarı sökübsə, yəqin modern evinə yaraşan gözəl dizaynlı hasar tikəcək”, deyə düşündüm. Şükür, pulları da var. Bizim dəmir tikilimiz də onda təzə hasarın əhatəsində yaraşığa minəcəkdi. Yayda altında çay içə-içə bu müsbət dəyişikliyin dadını çıxartmağa həvəslənib, beynimdə hədiyyə unitazın qiymətini bir az da artırdım. Qonşum da açıq sərhəddin o tayından təxminimdə yanılmadığımı söyləyəndə ürəyim dağa döndü. Zəif canımdakı nasazlıqlar bəlkə bir az da qəfil həyəcan üzündən baş qaldıranda təxminən bir aylıq yüngül müalicəyə getmək məcburiyyətində qaldım.
…Qayıdanda ilk olaraq təzə hasarımızla qarşılaşacaqdım. Özümü bu xoş görüntüyə kökləyib, həyətə girəndə donub qaldım. Qucağında paytaxtdan gələn unitaz qutusunu gətirən sürücünün: – Bacı, bunu hara qoyum?” – müraciətinə ayılıb, özümü birtəhər evə sala bildim. Əslində, həkimin sinirlərimlə bağlı qəti və sərt xəbərdarlığına qalsa özümü evə deyil, təkrar ona çatdırmalıydım. Amma yenicə aldığım müalicə və hədiyyə unitazdan sonra bir müddət səfərə çıxışıma iqtisadi əngəl yaranmışdı. Demək ki, problemdən qaçmayıb onu özüm çözməyə çalışmalıydım. Amma necə? Təpəmdən vurub ayağımdan çıxan üstüaçıq sinirlər necə olsun bəs?
Sürücünün qapıdan içəri qoyduğu “italyan” unitazının üstündə oturub qərara gəldim ki, ən yaxşısı bayaq gördüyüm mənzərənin həqiqiliyini yoxlamaqdır. “Evrika!” qışqırmaqdan özümü birtəhər saxlayıb həyətə düşdüm. Bayaq gördüyüm kimi hasarla sərhəddəki talvar yerində yox idi… Keyfiyyətli möhkəm dəmirdən qaynaq edilmiş tikilini altındakı beton döşəmə ilə bahəm peşəkarcasına ləğv etmək hansı ölçüyə uyğun ola bilərdi? Qonşumun belə əməl yiyəsi olduğuna inanmasam da, bu boyda hadisəni də yoxdan saymaq olmazdı axı…
Eşidəcəyim bütün cavablara guya “hazırlaşıb” qonşunu səslədim. Müasir evin xanımı plastik pəncərəni açıb boylananda bizim talvarı görüb-görmədiklərini soruşmağa ehtiyac qalmadı. O andaca gözüm köhnə hamamın qabağına səliqə yığılmış xeyli dəmir materiala sataşdı. Yağışda üstünə paltar sərdiyim iplər hələ də dəmir dirəklərdən asılı qalmışdı. Birdən elə bildim həmin iplər boğazıma dolanıb məni sıxır… Yad baxışlarla mənə baxan yaxın qonşuma daha heç nə deməyib qayıdanda arxamca “izahat” verdi: – “Yoldaşım sökmüşdü ki, hasarı dəyişəndə istifadə eləsin, amma hələ ki, hasarın yerinə öz köhnə materiallarını söykədik. Təzə hasarın puluna isə yataq dəstini təzələdik”… – “Xeyirli yatın, mübarəkdi”, dedim.
İnişillərdə özüm aldığım paslı dəmirlərin arasından həyətimizə keçəndə ayağım kiçik bir quyuya düşdü… Bu basabasda yıxılmaqdan qorxub ehtiyatla addımlamağa başladım. O biri “quyular” hanı bəs?! Demək, o tərəfdə qalıb. Lənət şeytana, armud ağacı da evimizdən uzaqlaşıb ki… Demək, can qonşum talvarı torpaq qarışıq yerli-dibli “götürübmüş”. Halal olsun, əla bir “proje” yaradıb… Di gəl ki, məqsəd torpaq olduğu halda talvarın dəmirlərini nə səbəbdən aparıb, onu qanmadım. Üstəlik madam ki, məchul bir zamanda hasara işlədəcək, elə daha yaxın öz tərəfimizə niyə yığmayıb? Belə dolaşıq və maymaq suallarla beynimi yormamaq üçün qonşuyla aramızdıki təmas xəttindən dərhal uzaqlaşdım…
Yay gəldi…
Bu günlərdə ünvana yetişməyən toz basmış hədiyyəni görüb kövrəldim və yaxın keçmişin şirin xatirələri yaddaşımda canlanmağa başladı. Gül kimi adamlar idik, gözütox, istiqanlı, qonşucanlı… Bu torpaq satmaq sevdası hardan çıxıb camaatı belə hala saldı? Yoxsulluğun, işsizliyin həyat tərzinə çevrildiyi dönəmdə topa pul görənlərin çoxusu adamlıqdan çıxıb təpəgözə döndülər. Ölkənin bütün bölgələrinə sahiblənən oliqarxların süni turizm və istirahət siyasətinin şirnikləşdirici təsiri bir çox dəyərlərin qəniminə çevrildi. Asılı vəziyyətə salınıb zəif düşən əhali mənəviyyat testindən keçə bilməyib ən ibtidai ehtiyaclara əsir düşdü. Əvvəllər axşamüstü mal-qara qabağına çıxan aqrar bölgənin kişiləri indi yola-rizə “turist tutmağa” çıxırlar. Söhbət bizim bildiyimiz əcnəbi turistlərdən deyil, öz istehsalımız olan orta imkanlı milli turistlərdən gedir… Onlar məsələn, ölkənin dəbdə olan “fövəlnazir qəbələsinə” dincəlməkdən daha çox ad üçün gəlirlər. Təbii, Qəbələdə torpaq, ev sahibi olmaq daha yüksək reytinq göstəricisi sayılır…
P.S.
Qonşuma haqq qazandırmaq və həyatım boyu minnətdar olmaq üçün əlimdə daha tutarlı və çox qiymətli bir dəlilim var: – Neçə il əvvəl gecəyarısı bir kabusdan dəhşətə gəlib səsim gəldikcə qışqıranda ailəliklə onlar harayıma çatıblar. Amma o hərəkətin əvəzi üç qucaq dəmir parçasıyla, beş-on addımlıq torpaq sahəsi deyil. Daha dəyərli, hətta əvəzsizdir…