”Turizm mərkəzləri sürüşməyə səbəb olur”

Mirnuh İsmayılov: ”Ağsu aşırımı bu gün öz tarazlığını tamamilə itirib”

Source:
foto APA


Mirnuh İsmayılov: ”Ağsu aşırımı bu gün öz tarazlığını tamamilə itirib”

“Ağsu aşırımında nə qədər istirahət zonaları yaradılıb, səth sularının axını tamamilə pozulub. Bunun nəticəsində Ağsu aşırımı bu gün öz tarazlığını tamamilə itirib”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyib.

Mütəxəssis hesab edib ki, risk daşıyan ərazilərdə sürüşmələrin baş verməsinin əsas səbəblərindən biri də Azərbaycanda əhalinin sayının artması, insanların əvvəlki illərdən fərqli olaraq daha çox təhlükə daşıyan yamaclara, dağlıq ərazilərə meyl etməsidir:

“Azərbaycanda sürüşmə riski daşıyan ərazilər ən çox alçaq və orta dağlıq zonalardır. Əvvəllər sürüşmələr orta dağlıq ərazilərdə daha intensiv olsa da, son zamanlar bu proses alçaq dağlıq əraziləri də əhatə edib.

Ağsu aşırımı həmişə sürüşmə baxımından fəal olub. Bu gün bizim cəmi 11 faiz meşəmiz var və bu rəqəm orta dünya göstəricilərindən 3 dəfə azdır. 11 faiz meşənin içərisində də turizm mərkəzlərinin yaradılması qətiyyən yolverilməzdir. Sürüşmələrin, sellərin fəallaşmasına səbəb olan amillərdən biri də budur. Ağsu aşırımında şam ağacları əkilib. Amma bu ağacın kökü dərinə getmir və şam ağacı ilə yamac bərkitmə işləri görməzlər. Bunu botaniklər və digərləri də bilirlər. Biz sadəcə, hər şeyi tez həll etmək istəyirik. Amma yaxşı həll etmək daha yaxşıdır”.

Mirnuh İsmayılovin sözlərinə görə, sürüşmənin qarşısını almaq üçün alçaq dağlıq zonalar üçün səciyyəvi olan bitkilərdən istifadə etmək olar: “Məsələn, kökü dərinə gedən saqqız ağacından istifadə etmək olur. Onların kökü dərinə getdiyinə görə laylarda sürüşməni müəyyən qədər azaldır”.

Son günlər Ağsu və Şamaxıda sürüşmənin dinamikasında ciddi aktivlik müşahidə edildiyi bildirilir. Belə ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində yenə uçqun hadisələri baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov “Report”a açıqlamasında deyib ki, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyi də sürüşmə ərazisidir:

“Son günlər sahədə sürüşmə prosesi aktivləşib, nəticədə uçqun və çöküntü hadisələri qeydə alınıb. Həmin ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib”.

Onun sözlərinə görə, Ağsu aşırımında yerləşən Salyan sürüşmə sahəsində də aktivlik başlayıb.

Ana səhifəXəbərlər”Turizm mərkəzləri sürüşməyə səbəb olur”