"İnsanların kompakt şəkildə bir məkanda cəmləşməsi onların sağlamlığına təhlükə yarada bilər"
Dövlət Turizm Agentliyi fevralın 1-dən karantin rejiminin yumşaldılmasından sonra insanların kompakt şəkildə bir məkanda cəmləşməsinin onların sağlamlığına təhlükə yarada biləcəyinə dair xəbərdarlıq edib.
Qurum hesab edir ki, Azərbaycanda yeni növ koronavirusun yayılma dinamikası və coğrafiyası azaldığı üçün fevralın 1-dən paytaxtda və regionlarda kafe-restoranlar, həmçinin otellər fəaliyyətə başlayandan sonra bəzi yerlərdə sıxlıq müşahidə olunur.
Agentlik istirahət üçün otellərə gedən vətəndaşları, həmçinin otellərin işçi heyətini pandemiya ilə əlaqədar
Nazirlər Kabineti
nin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayiət etməyə çağırıb.
Qanuna əsasən, otellər sosial məsafənin qorunmasını təmin etmək üçün qəbul etdikləri qonaqların sayını tənzimləməlidir. Bundan əlavə, otel işçiləri həftədə bir dəfə COVID-19 testindən keçməlidir.
Sıxlığın qarşısını almaq üçün “Şahdağ” Turizm Mərkəzi öz fəaliyyətində dəyişiklik edib. Yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılma ehtimalını minimuma endirmək məqsədilə kompleksə yalnız rezervasiyası olanlar və öncədən xizək sürmək üçün bilet almış istifadıçilər buraxılacaq.
“New Baku Hotel”in idarəçisi, turizm eksperti Ceyhun Aşurov deyir ki, otellər Nazirlər Kabinetinin müvafiq qanununa uyğun fəaliyyət göstərir.
Qanundan gələn bütün qaydalara əməl olunduğu üçün yoluxma riski minimumdur: “Pandemiya ilə əlaqədar qaydalar qoyulub və dünyanın əksər ölkələrindəki otellərdə tətbiq olunur. Azərbaycanda da buna riayət olunur. Otellərdə ara məsafə qoyulduğu üçün heç bir sıxlıq müşahidə olunmur. Buna görə də yoluxma sayının artması riski yoxdur. Tez-tez monitorinqlər aparılır, qanundan irəli gələn bütün qaydalara əməl edilir”.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov hesab edir ki, pandemiya ilə əlaqədar turizmlə bağlı tənzimləmələr yoluxma riskinin artmasını kəskin önləyib: “Turizm digər sahələrlə müqayisədə yoluxma sayını daha çox artırmaq riskinə malikdir. Məhz buna görə birinci növbədə sərhədlər bağlandı, daha sonra otellərin fəaliyyəti dayandırıldı. Hazırda Bakı və regionlara gediş-gəlişin bərpası otellərdə sıxlıq yaradıb. Otellər də bu sıxlığın qarşısı müəyyən qədər almaq üçün müəyyən tədbirlər görür. Məsələn, “Şahdağ” qərar çıxardı ki, kənar müştərilər qəbul edilməyəcək. Əslində, bu, düzgün verilmiş qərardır. Əvvəlki illəri nəzərə alsaq, avtobus turları “Şahdağ”ın əsas ərazisini tuturdu, axın çox olurdu. Düzgün qərarlar verib, doğru addımlar atmaqla koranavirus pandemiyasından maksumum itkisiz şəkildə çıxa bilək”.
Həkim Vasif İsmayıl isə deyir ki, yoluxmanın artmasının qarşısını almaq üçün tövsiyələrə ciddi əməl etmək lazımdır: “İnsanlar mütləq şəkildə sosial məsafəni qorumalı və gigiyenik qaydalara əməl etməlidir. Həmçinin düzgün qidalanmalı, mütləq şəkildə meyvə-tərəvəz balansına fikir verməlidir. Çoxlu su içmək isə həmişə məsləhətlidir. Həmçinin insanların kütləvi toplandığı yerlərdən uzaq dayanmaq lazımdır”.