Şəkinin Kiş kəndi Kiş çayının sahilində, dağətəyi ərazidə yerləşir. Bura qədim yaşayış məntəqələrindəndir. 7000 nəfər əhalisi olan kəndin ərazisi turizm üçün əlverişlidir.
Münbit torpaqlara malik kənd ərazisində əkin-biçin işləri, adətən, həyətyanı sahələrdə bağçılıq və bostançılıqla aparılır. Kənddə çoxlu sayda qədim tikililər mövcuddur. Bunlardan ən məşhuru Kiş məbədidir.
Kiş məbədi Cənubi Qafqazda ilk Apostol kilsəsi hesab olunur. Qış aylarında kəndə gedən yol çətinləşir və sakinlər bundan əziyyət çəkirlər. Eyni zamanda son illərdə kənd sel daşqını ilə üz-üzə qalmaq təhlükəsindədir.
Selləri yaradan ən başlıca faktorlardan biri isə çayların sahilinə yaxın ərazidə meşələrin qırılması, yaşıllıq örtüyünün məhv edilməsidir. Kiş kəndi qış aylarnda qarlı günlərdə sanki yatmış olur.
Yolların nasazlığı qış aylarında daha da çətinlik yaradır. Bu səbəbdən də yayda olan az sayda turistlər qışda heç gözə dəymir.
Kənd sakinləri deyir ki, turist cəlb etmək imkanları olsa da, rəsmi qurumlar bu istiqamətdə heç bir ciddi addım atmır. Kənddə iş yerləri az, sosial təminat zəifdir.