“Turan” İnformasiya Agentliyində 3 saatdan sonra axtarış bitib. Agentliyin direktoru Mehman Əliyev bildirib ki, axtarış edənlər maliyyə sənədlərini, mühasibin noutbukunu aparıblar. Agentlikdə axtarış həyata keçirən Vergilər Nazirliyinin əməkdaşları isə mətbuata açıqlama vermədi.
————————————————————————————————–
“Turan” İnformasiya Agentliyində aparılan yoxlama davam edir. Məlumatı agentlik özü yayıb. Bildirilir ki, müfəttişlər sənədləri götürür, əməkdaşların şəxsi əşyalarını yoxlayırlar. Yoxlama və sənədlərin götürülməsi prosesini çəkməyə icazə verməyiblər:
“Vergi nümayəndələri yoxlama və götürmə barədə sanksiyaya dair sənədin surətini verməyiblər, ancaq tanış olmaq üçün göstəriblər. Yoxlama davam edir”.
—————————————————————————————————
”Onların bu addımı tamamilə qanunsuzdur”
Hazırda “Turan” İnformasiya Agentliyinin ofisində yoxlama aparılır. Meydan TV-yə məlumatı agentliyin direktoru Mehman Əliyev verib. O, yoxlamanın Nəsimi Rayon Məhkəməsinin qərarıyla aparıldığını söyləyib:
“Biz nazirə, 1 saylı Bakı İqtisad Məhkəməsinə şikayət göndərmişik. Bütün bunlara məhəl qoymadan belə addım atılması qanunsuzdur”.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaq başlanıb.
Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Vergi yoxlaması qərarı Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin agentliyə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirlər.
Agentlik isə bildirir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıyır.