”Turan” fəaliyyətini bərpa edir

””Qara sentyabr” geridə qaldı, yola davam”

Source:

“Turan” İnformasiya Agentliyi oktyabrın 1-dən fəaliyyətini bərpa edəcək. Bu barədə məlumatı agentlik özü yayıb. Bildirilir ki, gələn Aydan fəaliyyətlərini tam həcmdə davam etdirəcəklər:

“Oxucularımız və abunəçilərimiz, bildiyiniz kimi, agentlik sentyabrın 1-dən etibarən öz işini əhəmiyyətli dərəcədə dayandırmaq məcburiyyətində qalmışdı. Bu, Vergilər Nazirliyinin uydurma vergilərdən yayınma ittihamı ilə cinayət işi açmasının və agentliyin direktoru Mehman Əliyevin həbsinin nəticəsi idi.

2017-ci ilin avqust-sentyabr aylarında “Turan” 27 illik tarixində ən çətin dövrünü yaşadı, amma onun da öhdəsindən gəldi. Söz azadlığını boğmağa müvəffəq olmadılar.

İctimaiyyətin – siyasi və ictimai xadimlərin, parlament deputatlarının, ziyalıların, jurnalist həmkarlarımızın və sadəcə sıravi vətəndaşların hamılıqla dəstəyi olmasaydı, bu, mümkün olmazdı.

Beynəlxalq təşkilatların və ilk növbədə dəstəyin əlaqələndiricisi missiyasını öz üzərinə götürən “Sərhədsiz Reportyorlar”ın geniş və fəal dəstəyi olmasaydı, “Turan” “sağ qala” bilməzdi.

Beynəlxalq koalisiyaya daxil olan onlarla hüquq müdafiə və jurnalist təşkilatları da bizim müdafiəmiz üçün səsini yüksəltdi.

Azərbaycanın mühacirətdə olan fəalları da öz imkanları daxilində bizə əllərindən gələn dəstəyi göstərdilər, müxtəlif instansiyalarda söz azadlığı məsələlərini qaldırdılar.

ABŞ Dövlət Departamentinin, Norveç, Fransa, Böyük Britaniya XİN-lərinin, Avropa İttifaqının, Almaniya Ombudsmanının mövqeyini qeyd etməsək, olmaz.

Avropa Şurasının baş katibi Tornbyorn Yaqlandın və ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Arlem Dezirin, Avropa Şurasının Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Sezar Predin şəxsi addımlarını qeyd edirik.

Sərt və prinsipial mövqe tutan Amerika konqresmenləri və senatorları – Makkeyn, Smit, Makqovern, Durbin, Rubio, Oyerə xüsusi minnətdarlığımızı bildiririk.

Hörmətli oxucular, “qara sentyabr” geridə qaldı və ümid edirik ki, agentliyin işində qalan digər problemlərə də onunla birlikdə son qoyulacaq. İnanırıq ki, uydurma cinayət işi bağlanacaq. Bu inamla oktyabrın 1-dən işimizi əvvəlki həcmdə bərpa edirik”.

Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb.

Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Bundan sonra, avqustun 24-də “Turan” İA-nin direktoru Mehman Əliyev saxlanıldı. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürüldü. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçmişdi. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.

Daha sonra Yasamal Rayon Məhkəməsinin qərarı ilə  sentyabrın 11-i “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən ev dustaqlığına buraxıldı.

Avqustun 31-i də kollektiv bəyan etdi ki, “Turan” İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq “Turan”da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər.

Ana səhifəXəbərlər”Turan” fəaliyyətini bərpa edir