Mehman Əliyev maliyyə çətinlikləri ilə üzləşdiklərini deyir
“Turan” İnformasiya Agentiyinin fəaliyyətini dayandırdığı bildirilir.
Bu barədə agentliyin saytında müraciət dərc olunub.
Agentliyin direktoru Mehman Əliyevin kollektiv adından yaydığı müraciətdə bildirilib ki, “Turan” maliyyə çətinlikləri ilə bağlı mövcud formatda fəaliyyətini dayandırır.
“Otuz ildən artıq bir müddətdə “Turan” İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə – Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb”.
“Lakin bu gün qaçılmaz bir reallıqla üzləşirik: daimi maliyyə çətinlikləri səbəbindən informasiya fəaliyyətimizi hazırkı formatda davam etdirmək mümkün deyil. Davam etmək üçün zəruri resursları təmin etmək yolunda dayanmadan göstərdiyimiz səylərə baxmayaraq, bizi uzun illər təqib edən maliyyə çətinlikləri nəhayət agentliyin fəaliyyətini mövcud formatda dayandırmaq barədə ağır qərar qəbul etməyə məcbur etdi”, – Mehman Əliyev bildirib.
O, əlavə edib ki, bu, sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir:
“İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəyik. Müasir jurnalistikanın gələcəyi təkcə xəbər vermək deyil, həm də ictimai rəyi formalaşdırmaqdır. Biz hazırkı modeldən geri çəkilsək də, əsas məqsədimizdən – mürəkkəbləşən dünyanı anlamağa kömək edən müstəqil səs olmaqdan imtina etmirik”.
“Turan” 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən Bakıda yaradılıb.
Agentlik xəbərlər, Azərbaycanla bağlı analitik məqalələr və icmallar hazırlayır. İnformasiya məhsulları siyasət, iqtisadiyyat, energetika, maliyyə, kommunikasiya, market, qanunvericilik, din, mədəniyyət, idman, fotomaterillar, məlumat və arxiv materiallarından ibarət bloklar şəklində təqdim olunur.
2025-ci il fevralın 5-də “Turan” İnformasiya Agentliyi “Azərbaycan Prezidentinin təyyarəsi Rusiya üzərində GPS problemləri ilə üzləşdi, araşdırma təsdiqləyir” başlıqlı məqalə dərc edib.
Məqalədə iddia olunub ki, Azərbaycanın rəsmi prezident təyyarəsi Bakı-1, 2024-cü il dekabrın 25-də Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinə uçuş zamanı xarici texniki maneələrlə qarşılaşıb.
Fevralın 7-də “Turan” yazı ilə əlaqədar təkzib verib.
Azərbaycanda “Sputnik” və “BBC” redaksiyalarının tərkibinin minimuma endiriləcəyi barədə də xəbər yayılıb.
Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.