”Turan” əməkdaşları: İfadəmiz mənəvi-psixoloji təzyiq mühitində alınıb

”Turan” bəyanat yaydı

Source:
turan
turan


”Turan” bəyanat yaydı

“Turan” İnformasiya Agentliyi əməkdaşlarının müdafiə hüququnun pozulduğunu bildirir. Bu haqda agentliyin bəyanatında bildirilir.

Deyilir ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti əməkdaşların vəkillərini onların dindirilməsinə buraxmayıb:

“Mehman Əliyevin qanunsuz həbsindən sonra avqustun 28-də agentliyin 10-a yaxın işçisi və onunla əməkdaşlıq edən şəxs Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb. Agentlik əməkdaşlarının eyni gündə çox qısa zaman fasiləsi ilə şahid qismində dindirilmək üçün istintaq orqanına dəvət edilməsi bir sıra kobud qanun pozuntularıyla həyata keçirilib. Belə ki, onlardan iki nəfər əvvəlcədən vəkillə təmin olunub. Amma istintaq orqanı dindirmədə nümayəndənin iştirakını qanunsuz olaraq təmin etməyib”.

Sənəddə vurğulanır ki, M.Əliyevə açılmış cinayət işinin istintaq qrupunun rəhbəri Vüsal İbadov bu qanunsuzluğa hər hansı ağlabatan izah verməyib:

“Nəticədə şahidlərdən hüquqi xidmətdən məhrum edilmiş, faktiki olaraq mənəvi-psixoloji təzyiq mühitində ifadə alınıb. Eyni zamanda, agentliyin sabiq və hazırkı dörd əməkdaşı iş saatı başa çatmasına baxmayaraq, təxminən axşam saat 10-na qədər dindirilib. Agentliyin əməkdaşlarının şahid qismində dindirilməsi avqustun 29-da da eyni intevsivlikdə davam etdirilib”.

Agentlik hesab edir ki, əməkdaşlarının prosessual qanun pozuntuları şəraitində, vəkil xidmətindən məhrum edilməklə, xüsusi bir intensivliklə dindirilməyə cəlb edilməsi M.Əliyevə verilmiş qurama ittihamın, nəyin bahasına olursa olsun, “möhkəmləndirilməsi” məqsədinə xidmət edir.

“Turan” İnformasiya Agentliyi baş verənləri qətiyyətlə pisləyir. İstintaq orqanını qanunçuluğa riayət etməyə, istintaq hərəkətlərini cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir.

“Turan” İnformasiya Agentliyinin bu açıqlamasına Vergilər Nazirliyinin mətbuat xidmətindən və istintaq qrupundan münasibət almaq mümkün olmayıb.

Vergilər Nazirliyi avqustun 8-də “Turan” İnformasiya Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. Agentlik ittihamları qəbul etmir. Avqustun 17-də isə agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Avqustun 28-i və 29-da “Turan” agentliyinin əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Onlar “Turan” İnformasiya Agentliyinə qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.

Dindirilmə barəsində detallı bilgi verilmir. Agentliyin bütün jurnalistlərinin və texniki işçilərinin ifadəsinin alındığı bildirilir.

Üstəlik, “Turan” İnformasiya Agentliyinin bank hesabı da dondurulub. Kollektiv bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini dayandırmaq məcburiyyətindədirlər.

Ana səhifəXəbərlər”Turan” əməkdaşları: İfadəmiz mənəvi-psixoloji təzyiq mühitində alınıb