Binaların təmirinə 13 milyon 470,9 min manatın xərclənəcəyi bildirilir
Bakı Şəhər İcra Hakimiyyəti Dövlət Mənzil Fonduna aid binaların təmirinə 13 milyon 470,9 min manat yönəldəcək.
Bu barədə "Turan" məlumat yayıb.
Bildirilir ki, icra hakimiyyətinin hansı binaların təmir edəcəyi barədə məlumatlar gizlədilir.
Agentlik yazır ki, təmir işləri ilə bağlı müqavilə iyunun 8-də “Star Konstrakşın-12” QSC-ə verilib.
Qeyd olunub ki, icra hakimiyyəti apreldə “TFM-Smart Project” MMC ilə dövlət mənzil fondunun binalarının təmirinin layihə-smeta sənədlərinin hazırlanmasına dair müqavilə imzalayıb: "Layihələndirmə şirkəti bu işə görə 290 min manat alacaq. Ancaq nə tender elanlarında, nə də satınalma prosedurları ilə bağlı müqavilələrin imzalanması məlumatlarında təmir edilməli olan binaların dislokasiyası barədə heç nə deyilmir. “Dövlət satınalmaları haqqında” qanunun 26 maddəsinə görə, elanda göndərilən malların adı, miqdarı (həcmi), çatdırılma yeri, görüləcək işin xarakteri,yeri və göstərilən xidmətin təsviri əks olunmalıdır. Əks təqdirdə, İnzibati Xətalar Məcəlləsinə (145-1.4.1 maddəsi) uyğun olaraq, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər inzibati cəriməyə cəlb edilir".
Agentlik İqtisadiyyat Nazirliyinin bu barədə sualını cavabsız qoyduğunu bildirib: "Paradoksal haldır ki, dövlət satınalmalarının vahid elektron portalına əsasən, paytaxtın mənzil fondunun həm layihələndirmə, həm də təmir işləri eyni gündə – dekabrın 31-də başa çatmalıdır".
Sonda qeyd olunub ki, 2020-ci ildə dövlət mənzil fondunun binalarının təmiri üzrə müqavilə “İnpeks.N” MMC-ə verilmişdi: "Müqavilənin dəyəri 19 milyon 986 min manatdır".