Bu gün, avqustun 25-də bloger Tural Sadıqlının əmisi Elmir Sadıqovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Sabunçu Rayon Məhkəməsində hakim Samirə Məmmədlinin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Vəkil Nazim Musayev Meydan TV-yə bildirib ki, həbs qətimkan tədbirin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib.
Hakim vəsatəti təmin etməyib.
Növbəti məhkəmə iclası sentyabrın 8-nə təyin edilib.
Elmir Sadıqov aprelin 24-də həbs olunub. Ona, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə şərlənib.
Tural Sadıqlı əmisinin onun siyasi fəaliyyətinə görə şərlənərək həbs olunduğunu bildirib.
Hazırda Almaniyada mühacir olan bloger hələ bu il aprelin 22-də özünün “Azad Söz” kanalında fəaliyyətini dayandırmayacağı təqdirdə valideynlərinin həbs olunacağı ilə bağlı təhdidlər aldığını demişdi. Bundan bir neçə gün sonra Sadıqlının əmisi həbs olundu.
Fəaliyyətinə görə son illər Azərbaycanda bir neçə dəfə onun yaxınları saxlanıb. Hətta narkotik alveri və polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılan qardaşı Elgiz Sadıqlı da həbsdə olub.
Hazırda mühacirətdə olan Tural Sadıqlı müəllifi olduğu “Azad Söz” kanalında hakimiyyətə qarşı sərt tənqidlərlə çıxış edir. Almaniyada yaşayan Tural Sadıqlı Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 220.2 (kütləvi iğtişaşlara çağırış) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.
İyunun 3-də blogerin barəsində qiyabı həbs qərarı verilib.
Tural Sadıqlı haqqında səslənən ittihamları rədd edib və bunu tənqidi fəaliyyəti ilə əlaqələndirib.