Bloger valideynlərinin şərlənərək həbs olunduğu təqdirdə, siyasi fəaliyyətinə daha sərt formada davam edəcəyini bildirib
Siyasi mühacir Tural Sadıqlı Azərbaycanda yaşayan valideynlərinin evinə odlu silah və ya narkotik atılaraq şərlənəcəyi ilə bağlı təhdid aldığını deyir.
Sadıqlı iddia edir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları onu siyasi fəaliyyətini dayandırmadığı təqdirdə valideynlərinin həbsi ilə hədələyir.
“İllərdir təhdid, təzyiq altında fəaliyyət göstərirəm. Bu dəfə isə Azərbaycanda yaşayan ailəmə – atama-anama qarşı ciddi təhdid mesajları var. Polislər Bakıda yaşayan valideynlərimin evinə ya silah, ya da narkotik maddə qoyaraq onları şərləmək istəyir. Daxili İşlər Nazirliyinin sistemlərində atamın və mənim pasport məlumatlarımı mənə göndəriblər. Onların yaşadıqları ünvanı da göstərirlər, deyirlər ki, ağıllı ol, iş ciddidir, fəaliyyətini dayandır. Bu işi kimlərin gördüyünü, torbanı kimlər tikməyə çalışdığını, hansı polisə nələr tapşırıldığını, sifarişi kimlər verdiyini – general, general köməkçiləri və s.- hamısı ilə bağlı məlumatlarım var”, – Tural Sadıqlı deyib.
Siyasi mühacir valideynlərinin şərlənərək həbs olunduğu təqdirdə, siyasi fəaliyyətinə daha sərt formada davam edəcəyini deyib.
Meydan TV Tural Sadıqlının söylədikləri ilə əlaqədar DİN-nə sorğu göndərsə də, cavablandırılmayıb.
Hazırda mühacirətdə olan Tural Sadıqlı hakimiyyətə sərt tənqidləri ilə tanınır. Son illər Azərbaycanda bir neçə dəfə onun yaxınları saxlanıb. Hətta narkotik və polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılan qardaşı Elgiz Sadıqlı həbsdə də olub.
Onlar saxlanma və həbsi Tural Sadıqlıya görə şərlənmələri ilə izah ediblər. Amma hüquq-mühafizə orqanları belə dəyərləndirmələri qəbul etməyib.
2025-ci ilin əvvəlində Baş Prokurorluq mühacirətdə yaşayan şəxslərə, eyni zamanda da Tural Sadıqlıya qarşı müxtəlif maddələrlə cinayət işi açıb.
Tural Sadıqlı kütləvi iğtişaşlara çağırış və başqa qanunsuz əməllərdə ittiham olunur.
Sadıqlı axtarışa verilib və onun haqqında qiyabi həbs qətimkan tədbiri seçilib.
Tural Sadıqlı haqqında səslənən ittihamları rədd edib və bunu tənqidi fəaliyyəti ilə əlaqələndirib.