Tural Kosayevin qətli ilə bağlı istintaq yekunlaşıb

Bakı Hərbi Məhkəməsi. Foto: Meydan TV

İşə Bakı Hərbi Məhkəməsində baxılacaq

Bu il iyunun 27-də metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında – “Metro Park” ticarət mərkəzinin qarşısında 24 yaşlı Tural Kosayevin odlu silahla qətlə yetirilməsiylə bağlı istintaq yekunlaşıb. Onun qətlilə bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılacaq.

Meydan TV-nin bu barədə sorğusuna cavab olaraq, Hərbi Prokurorluğun Mətbuat Xidməti də məlumatı təsdiqləyib. Bu qurumdan bildirilib ki, Tural Kosayevin ölümüylə bağlı cinayət işinin istintaqı Bakı Hərbi Prokurorluğunda aparılıb. Onun ölümündə şübhəli bilinən İsmayıl Allahverdiyevə Cinayət Məcəlləsinin 120.2.4 (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2 (təkrarən qanunsuz olaraq odlu silah saxlama), 232.2.3 (qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını talama) və digər maddələri ilə ittiham verilib.

21 yaşlı İsmayıl Allahverdiyevin Daxili Qoşunlarda xidmət etdiyi və qətlin də xidməti silahla törədildiyi iddia olunur.

İddiaya görə, Tural Kosayev və İsmayıl Allahverdiyev arasında mübahisə onların hər ikisinin eyni qızı sevməsinə görə yaranıb.

Ana səhifəSiyasətTural Kosayevin qətli ilə bağlı istintaq yekunlaşıb