“Müsavat kimi partiyanın 1 noyabr seçkilərində yalnız 60 dairədən namizəd irəli sürə bilməsi, 5000 məntəqədən 100-dən bir az çox müşahidəçi ilə prosesə qatılması, bələdiyyə seçkilərində 15 min yerə 15 namizəd verə bildiklərini, yaxud 10 minlik mitinq elan edib, amma 200 nəfər toplaya bildiklərini müzakirə edib nəticə çıxartmaq lazımdır nəinki xırda intriqalara istiqamət vermək”
“Müsavat Partiyası üzvlərinin Nizamnamə pozuntularına baxılacaq”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanın üzvü Nemət Kərimli deyib.
N. Kərimli partiya üzvləri İltizam Əkbərli və Tural Abbaslının Müsavatın noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakı dayandırmaqla bağlı qərarına əməl etmədiyini xatırladaraq, onlar barəsində tədbir görüləcəyini bildirib: “Onlarla bağlı məsələ kollegial qaydada müzakirə olunacaq və Nizamnaməyə uyğun qərar qəbul olunacaq. Nizamnamədə nəzərdə tutulur ki, hər hansı üzv partiyanın qərarına tabe olmursa, ya partiyadan çıxarılır, ya töhmət verilir, ya da xəbərdarlıq olunur. Bu baxımdan onlar partiyadan xaric də oluna bilərlər. Məsələyə konkret nə vaxt baxılacağını isə deyə bilmərəm”.
İ. Əkbərli isə APA-ya bildirib ki, partiyanın onun haqqında qəbul edəcəyi istənilən qərara hörmətlə yanaşacaq: “Mən seçicilərin qarşısında öhdəlik götürmüşdüm və bu öhdəliyi əsas gətirərək, seçkilərdə iştirak qərarını verdim. Əgər partiya rəhbərliyində mənim məsələm müzakirə olunarsa, qərardan asılı olmayaraq, buna hörmətlə yanaşacağam”.
Nemət Kərimlinin fikirlərini Meydan tv-yə şərh edən “Ağ Blok”un rəhbəri Tural Abbaslı təəssüflənib ki, bu açıqlama partiya rəhbərliyində olanların koordinasiyalı fəaliyyət göstərmədiyini ortalığa qoyur: “Nemət Kərimli ilə Gülağa Aslanlı bir otaqda otursalar da, bir-birindən açıqlamalarından xəbərsizdirlər, görünür, bir-birinin kitablarını oxumurlar. Tələb partiyanın qərarı ilə irəli sürülən 25 namizədə aiddir, mən isə həmin siyahı əsasında yox, şəxsi təşəbbüsümlə namizəd olmuşam. Bu mənada mənim partiya qarşısında öhdəliyim yoxdur. Partiyanın aparat rəhbəri Gülağa bəy də eyni mövqeyi sərgiləmişdi”.
Tural Abbaslı sual edir: tutalım, İltizam Əkbərlini partiyadan çıxartdılar, kim qazanacaq? Yaxşı olardı, partiyanın İmişli rayonunda İltizam Əkbərli qədər bir nüfuzlu üzvünün adını çəksinlər. Qurultaydan sonra Tovuz, Suraxanı, Zəngilan rayon təşkilatları iflic vəziyyətindədir: “Səbəb onların Arif Hacılını qəbul etməməsidir. Bu təşkilatların yerinə alternativ güc qoydularmı ki, indi də İmişli rayon təşkilatını həmin vəziyyətə salmaq istəyirlər? Partiya rəhbərliyinə məsləhət görərdim ki, intriqalarla məşğul olmaqdansa, gedib partiyanı gücləndirmək və seçkinin nəticələrini müzakirə etmək haqqında düşünsünlər. Bu gün partiya qarşısında çoxlu suallar var: Müsavat kimi partiyanın 1 noyabr seçkilərində yalnız 60 dairədən namizəd irəli sürə bilməsi, 5000 məntəqədən 100-dən bir az çox müşahidəçi ilə prosesə qatılması, bələdiyyə seçkilərində 15 min yerə 15 namizəd verə bildiklərini, yaxud 10 minlik mitinq elan edib, amma 200 nəfər toplaya bildiklərini müzakirə edib nəticə çıxartmaq lazımdır nəinki xırda intriqalara istiqamət vermək”.