Tural Abbaslı azadlıqda

Müsavatçı həbs olunan şəxslərə polis bölmələrində edilən təzyiqdən danışdı

Source:

Müsavatçı həbs olunan şəxslərə polis bölmələrində edilən təzyiqdən danışdı

Mayın 21-də Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı azad olunub. Tural Abbaslı mayın 6-da NİDA-çı gənclərə hökm çıxarılan gün Bakı Ağır Cinayətlərə dair Məhkəmənin qarşısında keçirilən etiraz aksiyasında həbs edilmişdi.

Meydan TV-yə açıqlama verən Tural Abbaslı Binəqədi Saxlanma Təcridxanasında “kars”a salınmadığını deyib: “Çünki orada “kars” yoxdur. Əgər daxili intizam qaydalarını pozarsansa, akt tərtib olunur və cəza metodu kimi əllərini 2 saat qandallı saxlayırlar. Bu dəfə xüsusi cəzalanma olmadı. Bəli, nəzarətçi ilə söz güləşdirməsi olur ki, bu da təbiidir”.

Tural Abbaslının sözlərinə görə, AXCP üzvü Kəmalə Bənanyarlıya işgəncələr Nəsimi Rayon Polis İdarəsində verilib: “Məhkəmədən sonra Kəmalə xanımla söhbətimiz oldu. Ondan hansısa ifadələr almaq üçün işgəncələr verildiyini dedi. O, döyüldükcə bayılırmış, sonra üzünə su çiləyib kamera quraşdırıblar ki, partiyasının rəhbərliyinə qarşı ifadə versin. Hətta DİN-in rəsmiləri onunla təcridxanada görüşüb, işgəncənin hansı polis idarəsində verildiyini yox, AXCP-nin maliyyəni haradan alması barədə suallar veriblər. Amma bütün bunların qarşılığında rədd cavabı alıblar. O cümlədən, həbs olunanların bəzilərinə Nəsimi və Səbail polis idarələrində təzyiqlər oldu. Məhkəmədən sonra təcridxanada xüsusi təzyiqlər olmadı”.

Müsavatçı onu da deyib ki, təcridxanada təmir aparıldığından sanitar durum yaxşı deyil.

Ana səhifəXəbərlərTural Abbaslı azadlıqda