Tunelin sonunda işıq var

Bu proses ümumi Azərbaycan cəmiyyətinin daxilində inanclı kəsim adlanan hissənin də aktivləşməsinə səbəb olur.

Source:
Rövşən Məmmədli
Rövşən Məmmədli

Ölkədə gedən proseslərdən xəbərdarsınız. İllər uzunu insan haqları, sivil dövlət, ədalətli sistem uğrunda mübarizə aparan şəxslər sıxışdırıldı, həbslərə atıldı, bu və ya digər şəkildə təqiblərə məruz qaldı. İqtidara alternativ ola biləcək qüvvələr müxtəlif məhrumiyyətlərlə üzləşdi, siyasi arena, televiziya kanalları onların üzünə qapadıldı, demək olar ki, bütün imkanlardan məhrum edildi. İndi isə Azərbaycan iqtisadi böhran ərəfəsindədir. Əslində iqtisadi böhranın səbəbi ölkədə baş verən siyasi böhrandır və şübhə yoxdur ki, bu böhran özü ilə birlikdə daha böyük siyasi böhran gətirəcək. Hakimiyyətin güvəndiyi neft pulları tükənmək üzrədir və bunu hər bir vətəndaş öz gündəlik həyatında getdikcə daha çox hiss etməkdədir.

Bütün bunlarla yanaşı dinə basqı da əvvəlki illərlə müqayisə olunmayacaq dərəcədə artıb. Din-inanc mövzusu ümumilikdə insan azadlıqlarının bir hissəsidir, lakin həssas və hazırkı vəziyyətdə aktual mövzu olduğu üçün bu barədə daha ətraflı şəkildə yazmaq istəyirəm. Əslində, bu mövzu hər zaman aktuallığını qoruyub saxlayıb. Azərbaycan müstəqillik qazanandan bəri istər dini ayinlərə, istərsə də inanclı insanlara bu və ya digər şəkildə təzyiqlər olub. Hər şey ondan başladı ki, ilk öncə şəxsiyyət vəsiqəsində hicablı şəkilə icazə verilmədi, sonra bir sıra məscidlər bağlandı, daha sonra məktəblərdə qız şagirdlərin hicablı formada gəlməsi qadağan olundu. Bu isə təbii olaraq inanclı insanların etirazı ilə qarşılandı. Ardıcıl baş verən 3 etiraz aksiyası bunun sübutu idi. Bu aksiyalarda yüzlərlə şəxs, habelə bir sıra ilahiyyatçılar saxlanılaraq, həbs edildi.

Keçən il Nardaranda baş verən hadisə – “Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və digər şəxslərin həbsi isə ümumilikdə dini kəsimə vurulan ən ağır zərbələrdən biri idi. Onu da qeyd edim ki, Taleh Bağırzadə artıq 3-cü məhkumluq həyatını yaşayır, MBH isə Azərbaycan siyasi arenasında yeganə təşkilatdır ki, idarə heyətinin bütün üzvləri həbsdədir. Lakin bütün bunlara baxmayaraq, qadağalar, təzyiqlər ildən ilə daha da artmaqdadır, bu il isə artıq son həddinə çatıb desəm, yanılmaram. Evlərdə və ictimai yerlərdə dini ayinlərin yerinə yetirilməsinə qoyulan qadağa, xaricdə dini təhsil alan şəxslərin fəaliyyətinə icazə verilməməsi, habelə bayraqların, dini şüarların məscidlərdən yığışdırılması və s. mövcud vəziyyəti anlamaq üçün kifayət edər.

Bu, faktdır ki, din kimi həssas mövzularda hakimiyyətlərin “qadağa” dili ilə danışması yaxşı heç nə vəd eləmir. Qadağaların artması onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirməkdən başqa heç nəyə yaramır. Bunu istər yaxın, istərsə də keçmiş tarixdə bu kimi siyasət yürüdən digər rejimlərin taleyi ilə maraqlansaq, görə bilərik. Siyasət ictimaiyyətin mənafeyinə hesablanmalıdır, amma təəssüf ki, yaşadığımız ölkədə bunu görə bilmirik. Ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanların inancı nəzərə alınmırsa, deməli, hakimiyyət nələrdəsə səhvə yol verir. Bunu istər dünyada baş verən hadisələrlə əlaqələndirsin, istərsə də milli maraqlar çərçivəsində əsaslandırmağa çalışsın. Amma “hər şərdə bir xeyir var”- deyiblər. Bu prosesdə də xeyir var. İlk xeyir budur ki, qadağalar, təzyiqlər ümumilikdə Azərbaycan insanının siyasi aktivliyini artırmaqdadır. Cəmiyyət getdikcə anlamaqdadır ki, siyasi dəyişiklik olmadan vəziyyətin düzəlməsi mümkün deyil. Sistem isə artıq islaholunmazdır və dəyişilməlidir.

Bu proses ümumi Azərbaycan cəmiyyətinin daxilində inanclı kəsim adlanan hissənin də aktivləşməsinə səbəb olur. Doğrudur, insanları inanclı və inancsız deyə bölmək düzgün deyil, demək olar ki, hamı az və ya çox dərəcədə inanclıdır. Lakin bu ifadələr artıq siyasi diskuslarda geniş şəkildə istifadə edildiyi üçün yeri gələndə işlətməkdən qaçmayacam. Din sahəsində tətbiq edilən məhdudiyyətlər göstərdi ki, Azərbaycanda əqidəsindən asılı omayaraq heç kim sığortalanmayıb, istər liberal olsun, istər solçu, istərsə də dindar. Əslində, Azərbaycan cəmiyyəti yetərincə siyasiləşməyib ki, burada insanlar ideologiyalara görə qruplaşsınlar. Bir az Markssayağı çıxsa da, reallıq budur ki, ölkədə hazırda əzənlər və əzilənlər mövcuddur. Əzilənlərin əzənlərə qarşı birləşməsi lazımdır. Onu da nəzərdən qaçırmamaq lazımdır ki, ümumilikdə bu kiçik Qafqaz ölkəsində yaşayan əhali siyasətdən uzaq həyat tərzi yaşayır. Bu da vətəndaşlıq şüuruna yetərincə sahib olmamağımızdan irəli gəlir. Əqidəsini ideologiya səviyyəsində mənimsəmiş inanclılar isə 9 milyonluq əhalinin kiçik bir hissəsini təşkil edir. Lakin bu kiçik hissənin siyasi proseslərdə aktivliyi də ölkədə müsbət dəyişikliklərin baş verməsinə əhəmiyyətli dərəcədə təsir edə bilər. Zatən doğru olan da budur. Baş verənlər əqidəsindən, dünyagörüşündən asılı olmayaraq hamıya təsir edir. Hərə bir şəkildə ziyan çəkir. Ziyan çəkənlərin kəmiyyət və keyfiyyəti artdıqca, onların ümumi işə fayda vermə və qatılma prosesi də sürətlənəcək.

Bütün bunlara görə nikbin olmağa dəyər. Yolun sonunda bizi yaxşı şeylər gözləyir. Bu “şeylər” barədə tam təsəvvürüm olmasa da, doğru yolda olduğumuza əminəm. Tunelin sonunda bir işıq var, onu görmək lazımdır.

Ana səhifəXəbərlərTunelin sonunda işıq var