Zərdüşt Əlizadə

Mənbə: Meydan.TV

Başlıq: Zərdüşt Əlizadə

Tüllab

Tüllabın öz mahiyyətini dəyşəcəyinə inanan dünyanın ən sadəlövh insanıdır!

“Taliban” bədbəxt Əfqanıstanda 30 ildir ki, meydan sulayan mürtəce hərbi-siyasi hərəkatdır. Bu 30 ilin təxminən 10 ilini hakimiyyətdə olub və bu illər ərzində əfqan xalqını böyük əzm və uğurla ibtidai-icma quruluşuna qaytarıb. “Var idi hüsnü-camalı, oldu Dəli Bayraməli” atalar sözü bu məqamda yerinə düşür, zira elə “Taliban”sız da Əfqanıstan çox geridə qalmış dövlət idi. Fəqət bu hakim qüvvə geridə qalmış Əfqanıstanı daha 1000 il geriyə sala bildi.

Bütün dünyanın müsəlman üləması vargücü ilə bağırır ki, “İslam tərəqqi, azadlıq, barış, işıq, elm, qanacaq və mərifət dinidir”. Bu sözləri onlar islam dinini orta əsr inam və təfəkkürü, gerilik və zülm rəmzi kimi təsdiq etməyə çalışan islam bədxahlarının təbliğatını zərərsizləşdirmək məqsədilə sidqi-ürəkdən deyirlər. Misal kimi müsəlman qədim və çağdaş alimlərinin, ədib və filosoflarının, sərkərdə və siyasi xadimlərinin fikirlərini və nəcib əməllərini gətirirlər. Ən çox da islamı müdafiə etməyə çalışan insanlar Muhamməd peyğəmbərin nəcibliyini, insanpərvərliyini nümunə göstərirlər.

“Sən saydığını say, gör fələk nə sayır”. İslam təəssübkeşləri islamın mədhi naminə yüz söz deyirlər, “Taliban” hökuməti musiqini, radio və televiziyanı, qadınların təhsil almasını və işləməsini qadağan edir, ölkə ərazisində ümumdünya tarixi irsin dəyərli nümunələri sayılan Budda heykəllərini dinamitlə partladır və islamın müdafiəsi pərdəsi altında törətdiyi bu barbar hərəkətlərlə bütün dünyanın gözündə islam dinini biabır edir.

Ağıllı, savadlı islam cəfakeşlərinin səyi puça çıxır.

Taliban niyə belə edir? Çünki onlar tüllabdır!

Talib sözü ərəbcə “tələb edən, istəyən” deməkdir, “taləbə” felinin ismi-failidir. Çoxmənalı sözdür, ən geniş yayılmış mənası “elm və bilik tələb edən insan”, yəni şagird və tələbə deməkdir. “Talib” sözünün cəmi ərəbcə “tulləb”dir. Azərbaycanlılar bu sözü dilimizin ahənginə uyğunlaşdırıb “tüllab”a çeviriblər.

Bəs “Taliban” necə əmələ gəlib? Çox sadə, ərəb sözü “talib”ə Əfqanıstanda farscaya çox yaxın olan rəsmi dəri dilindəki cəm mənası verən “an” şəkilçisini əlavə ediblər və mənaca “tələbələr” bildirən “Taliban” alınıb.

Bu əfqan tələbələr elm və bilik tələb edirlərmi? Əsla yox, onlar əndazə tanımayan hakimiyyət tələb edirlər. Elə hakimiyyət ki, onlara ölkəyə və bu ölkədə yaşayan bütün insanlara öz iradələrini zor gücünə sırımaq imkanı versin. Öz hakimiyyətlərini əndazəsiz gerçəkləşdirmək əzmi isə ondan doğur ki, Taliban cox gözəl anlayır: əhalinin mütləq əksəriyyəti onların cəmiyyətə sırımağa çalışdığı tərzdə yaşamaq istəmir.

Camaat istəyir azad işləyib, azad yaşasın, istədiyi paltarı geysin, istəsə, saqqal saxlasın, istəsə, qırxsın. İstəsə, müasir paltar geysin, istəsə, milli libasa üstünlük versin. İstəsə, qızını və ya xanımını oxutsun, onun işləyib-işləməməsi məsələsini ailəsində özü qərarlaşdırsın.

İstəsə, mahnı oxusun, istəsə, rəqs etsin.

Taliban bütün bunları qadağan edir və bütün insanların həyat tərzini yalnız öz başlarında mövcud olan guya islami qəliblərə salmağa çalışır. Kim tabe olmasa, onu islamın düşməni elan edib öldürür. İnsanı öldürmək Taliban üçün bir qurtum su içmək kimi asandır.

Azərbaycanda, xüsusən Bakıda cəmiyyətlə hesablaşmayan, özünü hamıdan ağıllı sayıb iradəsini digər insanlara onların istəyinə rəğmən zorla sırımağa çalışan insanlara istehza ilə “tüllab” deyirlər. Bəli, tüllab! Ağa olmayıb özünü ağayana aparmağa çalışan, dərin biliyi olmayıb özünü alim kimi təqdim etməyə can atan, əlindən-başından heç nə gəlməyib özünü ali peşəkar hesab edən adam haqqında onun əhli-hal ətrafı bircə söz deyir: tüllabdır!

Elə çıxır ki, xalqımız əfqan Talibanının mahiyyətini hələ onlar hərbi-siyasi hərəkat kimi dünyaya gəlməmişdən əvvəl bilib və onlara yaraşan ad da icad edib!

2001-ci ilin sentyabr ayının 11-də Nyu-York şəhərində məchul qüvvə tərəfindən təşkil edilmiş cox mürəkkəb terror əməliyyatını ABŞ hökuməti Üsama bin Ladenin rəhbərlik etdiyi “əl-Qaidə” təşkilatının üzərinə yıxdı. Üsama həmin vaxt Əfqanıstanda yaşayırdı.

Terror aktı günü sizin həqir bəndəniz ABŞ-da idi, hadisəni canlı yayımda müşahidə edirdim. İkinci təyyarə ikinci qülləyə çırpılanda Rəsul Quliyev dedi: “Belə mürəkkəb əməliyyatın logistikasını uzaq Əfqanıstanda əyləşmiş əl-Qaidə heç cür bacara bilməz. Dünyada iki kəşfiyyat idarəsi var ki, yalnız onlar bu vəzifənin öhdəsindən gələ bilər”.

Rəsul Quliyev bu iki kəşfiyyat idarəsinin adlarını çəkmədi. Ehtiyac da yox idi. İkimiz də eyni nəsildən idik və eyni mühitdə yaşamışdıq, sözsüz anladıq ki, bu iki təşkilat hansılar ola bilər.

Oğul Corc Buş Talibandan tələb etdi ki, Üsama bin Ladeni ABŞ-a təhvil versin. Həmin vaxt artıq 10 ilə yaxın Əfqanıstanı “Ağa Nəzərəm, belə gəzərəm” meyarı ilə idarə edən Taliban, təbii ki, bu tələbi rədd etdi. Bundan sonra ABŞ və onun NATO müttəfiqləri Afqanıstana hücum etdilər.

Həmin vaxt məzə ilə yazmışdım ki, ABŞ kəşfiyyatı hər Taliban komandirinə 300 000 dollar və bir peyk telefonu peşkəş edəndən sonra onların hamısı “öz kəndlərinə qayıtdı”.

Taliban üsuli-idarəsi sürətlə çökdü və müvəqqəti qeybə çəkildi.

ABŞ Əfqanıstanda müasir demokratik cəmiyyət qurmağa başladı. Orta əsr qadağaları götürüldü, hakimiyyəti seçki yolu ilə qurmağa başladılar, söz azadlığı, radio-televiziya, geyim, musiqi və rəqs – hamısı azad oldu!

Təəssüf ki, Əfqanıstanın bəlası olan narkotik maddə istehsalı da azad oldu və Qərbsayağı quruluş dövründə 40 dəfə artdı. Narkomaniyanın ictimai fəsadları bütün dünyada eynidir və insanların dinindən, irqindən, cinsindən və millətindən asılı deyil. Narkotiklərin gətirdiyi ağlasığmaz nəhəng gəlir də eynilə cahanşümul səciyyə daşıyır.

Müxtəsər, Sovet İttifaqı Əfqanıstanda 10 il sosializm qura-qura öz sonuna çatdığı kimi, ABŞ da Əfqanıstanda 20 il demokratiya qura-qura bir də gördü ki, SSRİ-nin yolu ilə gedir.

Onda da qəti qərar qəbul olundu ki, Əfqanıstandan təcili çıxmaq dəmidir.

Təcili çıxmaq əslində qaçmağa bərabər oldu, çünki artıq Pakistanın hərbi kəşfiyyatının sayeyi-mərhəmətindən xortlamış Taliban Əfqanıstanın bütün əyalətlərini ələ keçirmişdi və “demokratik” hakimiyyətin nəzarətində yalnız iri şəhərlər qalmışdı. Son illər Əfqanıstandan üzüsulu abırla çıxmaq arzusu ilə Talibanla danışıq aparan ABŞ diplomatları tarixin labüd gedişinin istiqamətini görən Talibanla ortaq məxrəc tapammırdı.

Məlum oldu ki, hakimiyyəti itirmiş Taliban bu illər ərzində nəyisə öyrənə bilibmiş. Nəyi? Diplomatik bicliyi. İndi Taliban dünyanın bütün nüfuzlu qüvvələri ilə danışıq aparıb hamını inandırmağa çalışır ki, “islah olub”. Yəni barbarlıq olmayacaq, qadınlara təhsil və iş qadağası qoyulmayacaq, əvvəlki zorakılıqlar təkrarlanmayacaq. Bu məqsədlə Taliban ruslarla, çinlilərlə, amerikanlarla, ərəblərlə, avropalılarla danışıq aparır.

Hər şeyə razıyıq, təki hakimiyyəti ələ keçirməyimizə mane olmayın!

İnanan daşa dönsün! Tüllabın öz mahiyyətini dəyşəcəyinə inanan dünyanın ən sadəlövh insanıdır!

Hakimiyyətə qayıdıb yenə sadə əfqan xalqını amansızlıqla minəcəklər, fərqli düşünənləri öldürəcəklər.

Milyonlarla əfqan bu sadə həqiqəti anlayıb və başını götürüb ölkədən qaçır. Qaçqın dalğası artıq İranı və Türkiyəni bürüyür.

Mənimsə yadıma Elçibəy Xalq Cəbhəsinin köməyi ilə Bakıda hakimiyyətə qayıtmış Heydər Əliyevin 1993-cü ilin yayında keçirdiyi mətbuat konfransı düşür. Türk jurnalisti Ulu öndərə sual verir:

-Demokrasi bitdimi?

Heydər Əliyev gülə-gülə cavab verir:

-Hayır, demokrasi bundan sonra hızla gedəcək.

Bəli, demokrasi çox hızla getdi. Bəhrəsini cəmi-əhli-Azərbaycan görür və hər gün hiss edir.

Əminəm ki, əfqan tüllabı da əfqan xalqı üçün çox işıqlı gələcək hazırlayır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/45znrp

Ən çox baxılan