Tükənən büdcə, hiyləgər qonşular və anti-Qərb isteriyası

ABŞ və Azərbaycan arasında yaşanan gərginlik müəyyən müddətdən sonra səngiyəcək. Lakin Bakı seçimini etməlidir – ya Qərb, ya Rusiya.

Source:


ABŞ və Azərbaycan arasında yaşanan gərginlik müəyyən müddətdən sonra səngiyəcək. Lakin  Bakı seçimini etməlidir – ya Qərb, ya Rusiya.

Bakıda yenə də anti-Qərb küləkləri əsməkdədir. Hakimiyyət bütün cəbhə boyunca Vaşinqtona və ABŞ dövlət katibi Con Kerriyə hücuma keçib.

Bakıdakı “Ağ ev”də hazırlandığı heç kəsdə şübhə doğurmayan anti-Kerri “araşdırması” bir informasiya agentliyinin vasitəsilə ictimai rəyə təqdim edildi. Ardınca, yenə də dirijor çubuğu ilə idarə olunan xor işə düşdü.

Yenə eyni koordinant, yenə eyni yanaşma və “37-ci” ilin düşüncə tərzinə uyğun “əcinə ovu” primitivliyi ilə seçildi. Ardınca Milli Məclisdəki  “susan çoxluq” dilə gəldi. Prezident Aparatı anti-Qərb bəyanatları ilə çıxış edərək, dünyanın tək gücünə qarşı savaş baltalarını havaya qaldırdı.

Nə baş verir?  Aqoniyamı? Kənardan görünən budur ki, hakimiyyət sanki təşviş içindədir. Bakı Qərb təsisatlarını, xüsusən də ABŞ dövlət katibini hədələyir. Birləşmiş Ştatları terrorçuluqda ittiham edir. Nə baş verdi ki, iqtidar 1 nömrəli amerikalı diplomata qarşı bu qədər dözülməz oldu?

Əslində burada yenilik yoxdur. Azərbaycanda zaman-zaman anti-ABŞ isteriyası müşahidə edilib. Lakin heç bir zaman Birləşmiş Ştatların dövlət katibi və prezidenti hakimiyyətin ən yüksək pilləsindən bu dərəcədə aşağılanmamışdı.

Baş verənlər “ərəb baharı”nı xatırladır. Yaxın Şərqdəki proseslər ərəfəsində də Birləşmiş Ştatlar ərəb diktatorlarının hədəfində idi. Bütün bunlar ərəb hakimiyyətləri üçün faciəli oldu.  Son dərəcə zəngin olan ərəb diktatorları ilə müqayisədə Azərbaycan məmurları dilənçini xatırladırlar.  Yəni, məmurların pulları “Sem dayı”ya meydan oxuyacaq qədər çox deyil. Deməli, Qərb Azərbaycan iqtidarını küncə sıxır. İndi hamını bir sual düşündürür – Vaşinqton Bakıya münasibətini niyə bu dərəcədə kəskin dəyişməkdədir? Əslində bu suala cavab da olduqca sadədir – Azərbaycan hakimiyyətinə diplomatik seçimi ilə bağlı mövqe sərgiləməsinə zaman verilmişdi. Artıq bu limit bitmək üzrədir və kənardan görünən budur ki, Bakı Rusiyanı seçir.

Vaşinqton Bakını Rusiyaya meyllənməkdən imtina etməyə və birmənalı qərbyönümlü siyasət yeritməyə səsləyir. Bakı isə hələ də “açıq qapı” siyasətinə üstünlük verir.

İstisna deyil ki, ABŞ və Azərbaycan arasında yaşanan gərginlik müəyyən müddətdən sonra səngiyəcək. Lakin  Bakı seçimini etməlidir – ya Qərb, ya Rusiya.  Qərblə inteqrasiya əlbəttə ki, Rusiyanı qıcıqlandıra  bilər. Bu zaman Moskva Bakıya ən müxtəlif istiqamətlərdən hücuma keçə bilər.  Qərb ən azı enerji maraqlarına görə Azərbaycanı Rusiya ilə savaşlar müstəvisində tək buraxmaz. Lakin hakimiyyət başqa yol seçib. Moskvanı xoş salmaq üçün Qərbi terrorçuluqda ittiham edir. Bunun nələrə səbəb olacağını yəqin ki, Azərbaycan hakimiyyəti sona qədər dərk edə bilmir.

Bakının mərkəzində “Avromaydan” qurulsa rusların bunun qarşısını almaq üçün yalnız zorakılığı dəstəkləməkdən başqa yolu qalmayacaq. İndiki mərhələdə xalqa qarşı zorakılıq isə rəngli inqilab ideyasının gerçəkləşməsi anlamına gələ bilər.

Azərbaycan hakimiyyəti son davranışları ilə özünə ABŞ-ın timsalında yeni müxalifət yaratdı. Belə müxalifətə qarşı duruş gətirmək fantastik görünür. Bu dəfə hədəfdə bir neft ölkəsindəki demokratiya deyil, ABŞ-ın dövlət maraqlarıdır. Əslində, belə bir vəziyyətin yaranmasında elə Qərb ölkələri özləri günahkardır. Qərb dövlətlərinin özlərinin də Azərbaycana marağında enerji məsələləri xüsusi önəm kəsb edir və onlar bunu gizlətmirlər.

Məhz, Qərb Azərbaycan demokratiyasının dəfn olunmasına şərait yaradıb. Qərbin susqunluğu fonunda Avropa qiyafəli siyasətçilər və hüquq müdafiəçiləri həbs ediliblər. Qərb öz maraqlarının müdafiəçilərini çox asanlıqla avtoritar rejimlə üz-üzə buraxıb.

Demokratiyanın boğulmasının digər bir səbəbi də böyük enerji layihələrinin ölkə üçün yaratdığı geosiyasi manevr imkanlarıdır. Qərb dövlətlərinin təzyiqini hiss edən Azərbaycan bunu İran və digər ölkələrin təsiri ilə tarazlaşdıra bilir.

Lakin Bakı Kremlin yatağına gedə bilməz. Rusiya siyasi elitası özü də gələcək perspektivi Avropa ilə əməkdaşlıqda görür. Məhz buna görə də Rusiya siyasi elitası pullarını Avropa banklarında saxlayır. Rusiya siyasi hakimiyyətinin ən yüksək pilləsində təmsil olunan simaların övladları Avropada təhsil alır, orada biznes fəaliyyəti ilə məşğul olur.

Avropa daha təhlükəsizdir. Biznes maraqlarına görə, təhsilin və səhiyyənin səviyyəsinə görə, insan kimi yaşamağa görə də Avropa daha təhlükəsizdir. Elə  bu  amil Azərbaycan məmurlarını da vadar edir ki, övladlarını təhsil üçün Qərbə göndərsinlər.

Siyasi karyera qurmaq üçün bizim məmurların övladları məhz Qərb ölkələrində lobbi fəaliyyəti ilə məşğul olurlar. Qərb Azərbaycan siyasi hakimiyyətinin üz tutduğu “xilas kəməri”dir. Rusiya ilə əməkdaşlıq isə  təhlükəlidir. Biznes fəaliyyəti qurmaq üçün də yararlı deyil. Digər tərəfdən, Birləşmiş Ştatlara savaş elan etmək, Rusiyanın Bakıya təzyiqlərinə son qoymur. Moskva Azərbaycanı tamamilə diz çökdürmək istəyini açıq şəkildə nümayiş etdirir. Bir tərəfdən də İran Bakıda keçiriləcək Avropa Yay Oyunlarını özü üçün təhlükə görür. Qərblə bağlı belə layihələrin Xəzər dənizi sahillərinə gəlməsini arzulamır. Odur ki, təzyiqlərini artırır.

Göründüyü kimi, Azərbaycan təklənmiş durumdadır. Belə vəziyyətdə, faktiki olaraq hamının etirazını göz önünə almaq və Vaşinqtonu terrorçuluqda ittiham etmək  ciddi kataklizmlərin xəbərçisi hesab oluna bilər. Bir yandan da, dövlət büdcəsi tükənir. Ölkədə pul çatışmazlığı yaşana bilər. Bu artıq hər şeyin sonu anlamına gələ bilər. Bunu Azərbaycan hakimiyyəti də anlayır. Göstərmək istəyir ki, Rusiya ona təzyiq edir.  İran onu hədələyir. Pul çatışmır. Ona yardım lazımdır. Kreditlər lazımdır. Demokratiya tələbini unutmaq və düşmən əhatəsində çabalayan Azərbaycana kömək etmək lazımdır. ABŞ isə susur. Vaşinqton Bakıya barışıq əli uzatmır. Bakı başqa variantı seçir – anti-Amerika şivəni ilə Vaşinqtonun diqqətini çəkmək istəyir. Bu gün Vaşinqtonu lənətləyən Azərbaycan hakimiyyəti Birləşmiş Ştatların ona uzanacaq əlini gözləyir. Obama və yaxud Kerrinin rəsmi Bakıya “gəlin, Vaşinqtonda sizi qəbul edəcəyik” mesajını versə, anti-Qərb isteriyasını yaşadanlar  iməkləyə-iməkləyə Birləşmiş Ştatlara səfər edərdi…

Ana səhifəXəbərlərTükənən büdcə, hiyləgər qonşular və anti-Qərb isteriyası