Nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir
Dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin 501 nömrəli özülündə qəza baş verib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin bir qədər əvvəl yaydığı məlumatda bildirilir ki, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb.
Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar.
Hadisədən sonra dənizdə operativ axtarış işlərinə başlanılıb. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir.
“Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”, – deyə SOCAR-ın rəsmi məlumatında bildririlir.
“Turan İA” bildirir ki, “Neft Daşları” yatağında güclü tufanların olması mütəmadi baş verir və bunların bir-neçəsi insan tələfatı ilə nəticələnib. Ən böyük faciə 1957-ci ildə qeydə alınıb. O zaman özülün aşması nəticəsində vaxtada olan 21 nəfər neftçi başda “Neft Daşların”da ilk kəşfiyyat quyusunu qazan usta Mixail Koveroçkin olmaqla Xəzərin sularında həlak oldular.