Tszyan Tsin: Mən Maonun itiydim

Tszyan Tsin

Tszyan Tsin

(Birinci hissə)

Həyatın dibindən hakimiyyətin zirvəsinə, ordan edam hökmünə və sonra da intihara qədər uzanmış ömür – Çin Xalq Respublikasının qurucusu Mao Tsedunun 4-cü arvadı Tszyan Tsinin həyat hekayəsi. Böyük siyasətin kirli əməllərinə böyük həvəslə qatılmış balaca qadın bu hekayəni gözəlləşdirmək üçün bioqrafiyasındakı faktların bir qismini dəyişib, başqa bir qismini gizlədib, arzuolunmaz şahidləri aradan götürüb, sənədləri məhv edib. Amma bir çox odioz fiqur kimi, tarix onu da layiq olduğu yerə qoyub – qələbələr və məğlubiyyətlər, cinayətlər və cəzalar, sevgi və nifrət dolu həyat yaşamış “madam Mao” sayğı və sevgiylə anılan görkəmli siyasətçi kimi yox; gəlmiş-keçmiş minlərlə fəndgir və qəddar siyasi fiqurlardan biri olaraq tanınır.

****

Tszyan Tsin 1914-cü ildə, Çinin Şandun əyalətində anadan olub. İlk adı bəzi mənbələrə görə Şumen, digərlərinə görə Li Tszin olub. Məktəbdə Li Yunxe adıyla tanınıb. Özünün dediyinə görə, atası cavan yaşlarında ölüb, anası ev qulluqçusu kimi çalışmağa başlayıb, ona ali təhsil verib. Bəzi mənbələrə görəsə, o illərdə çox savadlı biri kimi tanınan, Qorkini, Şoloxovu, dünya klassikasını oxuduğu deyilən Lan Pin heç məktəbə də axıra kimi getməyib. Qulluqçuluqdan başqa, “qədim peşə”ylə də məşğul olan anası dülgər Linin 6-cı arvadı olub – Çin adətlərinə görə ən hüquqsuz olanı. Sərxoş ərinin fiziki zorakılıqlarına dözməyən qadın bir gün qızını da götürüb evdən gedib; gah münasibətdə olduğu adamların evində, gah da çalışdığı evlərdə qalıb; nəhayət, atası evinə - Tszinana qayıdıb.

Ana-bala çox yoxsul həyat yaşayıblar. Həmişə köhnə paltarda, cırıq ayaqqabılarda gəzən, buna görə həmişə yaşıdlarının lağ hədəfinə çevrilən qızcığaz sonralar o illəri “Mənim çox miskin uşaqlığım olub” deyə xatırlayacaqdı. Onda onun ən böyük arzusu kino ulduzu olmaqdı. Bir müddət kitabxana işləyəndən və tarixi mübahisəli olan zaman kəsiyində bir neçə aylıq ədəbiyyat və dram kursuna gedəndən sonra - 16 yaşı olanda Li Yunxe küçə aktyorlarına qoşulub Şanxaya yollanıb və teatr tamaşalarında Lan Pin adıyla çıxış etməyə başlayıb.

****

Şöhrətpərəst və ambisiyalı Lan Pininin fiziki göstəriciləri onun iddialarına uyğunuydu – zərif bədən quruluşu, gözəl üz cizgiləri vardı. Yeganə əskiyi hər ayağında bir artıq barmaq olmasıydı, amma qapalı ayaqqıbalarla bu qüsurunu gizlədə bilirdi.

Üç milyon əhalisi olan Şanxay o illərdə minlərlə gənc yazıçı, dramatruq və rəssamın Məkkəsiydi. Şəhərdə çox sayda əcnəbi vardı və bu, Şanxayda kosmopolit ruh yaratmışdı. Onu Şərqin Parisi adlandırırdılar - filmlər, tamaşalar, orkestrli konsertlər, caz musiqisi altında rəqslər, içkilər, bolşeviklərdən qaçıb gəlmiş rus qızlarıyla dolu fahişəxanalar və masaj salonları. Amma qadın aktrisa çox azıydı, çünki Şanxayda aktrisaları avaralar, cinayətkarlar və fahişələrlə bir tuturdular, ona görə də qadın rollarını əsasən kişi aktyorlar ifa edirdilər.

Bu fakt Lan Pini fikrindən döndərmir; o, yerli bohemlə yaxın münasibətlər qurub müxtəlif tamaşalarda rol almağa nail olur. Qəzetlər onun çoxsaylı sevgi macəraları haqda yazmağa başlayır. Gənc qızın o dönəmdəki həyatı haqqında informasiyalar dolaşıqdır – bioqrafları onun sevgililəri və ərə getdiyi adamlar haqqında bir-birindən fərqli şeylər yazırlar, bəzən hətta tarixlər də üst-üstə düşmür.

Bəzi məlumatlara görə, Lan Pin Şanxayda varlı tacir oğluyla ailə qurub, amma ərinin qohumları onu tənbəllikdə və əxlaqsızlıqda ittiham edib evdən qovublar. Digər versiyaya görə, 1931-ci ildə sevgilisi Kan Şen (Mao Tszedunun rəhbərliyi dönəmində kəşfiyyatın rəhbəri olacaq şəxs) Lan Pini yerli kommunistlərin lideri Yu Tsiyveylə tanış edib və onlar tezliklə evləniblər.

İki il sonra Yu Kavey həbs edilib, Lan Pin adını dəyişib və təlaş içində şəhəri tərk edib. Amma bir il sonra (1934) onu da tutublar. Gənc aktrisanın məhbəs həyatı cəmi üç ay çəkib, hamıya təəccüblü görünən bu humanistliyi Lan Pin özü belə izah edib: “Araşdırıb gördülər ki, gözəl qadının heç bir günahı yoxdur”. Bu izah şübhələri dəf etməyib, ortada müxtəlif şaiyələr dolaşıb. Kimi deyib, Lan Pini nüfuzlu bir əcnəbinin xahişiylə azad ediblər, bir başqası ona Kan Şenin kömək etdiyini iddia edib. Gənc aktrisanın hakim Homindan Partiyası tərəfindən agentlik fəaliyyətinə cəlb olunduğu barədə də söz-söhbətlər də dolaşıb (Sonrakı illərdə bu şayiə ona ciddi problemlər yaradacaqdı), dolayı sübut kimi Lan Pinin hakimiyyətyönlü mədəniyyət liqasından rol aldığı göstərilir. Lan Pin həyatının o qaranlıq dönəmini sonralar çox bəsit mətləbə “calayacaqdı”: “O vaxt həyatım çox romantikdi. Mənim sevgimi qazanmaq istəyən o qədər çox pərəstişkarım vardı ki”.

Tszyan Tsin

Tszyan Tsin

****

Həbsdən çıxandan sonra həm də filmlərə çəkilməyə başlayan aktrisanın həyatında yeni macəralar baş verir – rejisor Çan Ken; idmançı Kuay O; sevgilisi, yoxsa əri olduğu dəqiq bilinməyən David Yu. Amma məşhur aktyor və tənqidçi Tan Naya ərə getməsi (1936) və ərinin sayəsində Şanxayın teatr elitasıyla yaxınlaşması bilinən faktdır. Bir il sonra Lan Pin onu aparıcı teatrın direktoru və rejissoru, evli Tsyan Minlə (başqa bir versiyaya görə, əvvəlki sevgilisi Yu Tsiveylə) eşq yaşamağa başlayır. Tan Na ard-arda iki dəfə intihar cəhdində bulunur, amma ölmür. Hadisə ictimailəşir, bütün qəzetlər gənc aktrisa haqqında təhqiredici məqalələr dərc edir. Bu hadisə Lan Pinin teatr karyerasını bitirir. Taleyini bu dəfə də qismətin ümidinə buraxmayan aktrisa Çinin başqa bir yerinə - hakimiyyətdə kommunistlərin olduğunu Yanana yollanmaq qərarına gəlir. Həm də Yaponiyanın Şanxaya hücumu (7 iyul 1937) kino sənayesini bərbad hala salmışdı deyə, o şəhərdə qalmağın artıq heç bir perspektivi yoxuydu.

****

Hamının müdrik rəhbər, əxlaqlı insan kimi tanıdığı Mao əslində möhkəm arvadbazıydı. O, yeyib-içməyi, rəqs etməyi və gözəl qızlarla əylənməyi çox xoşlayırdı. Tszyan Tsinlə tanışlığına qədər o, üç dəfə evli olmuşdu. Özünün dediyinə görə, ilk dəfə 14 yaşında, Çin adətlərinə uyğun olaraq valideynləri tərəfindən evləndirildiyi 16 yaşlı Lo Uiquyla o, heç bir gün də ailə həyatı yaşamamışdı, toydan dərhal sonra kənddən qaçıb şəhərə gəlmiş, təhsilini davam etdirmişdi (Rüsvay olmuş qızcığazsa atası evinə qayıtmış, iki il sonra dizenteriyadan vəfat etmişdi). İkinci arvadı Yan Kayxueylə Mao təhsil aldığı məktəbdə tanış olmuş, əsgərlikdən qayıdıb işə düzələndən sonra onunla evlənmiş, 9 illik evlilikləri ərzində onların 3 övladı dünyaya gəlmişdi. 1930-cu ildə Homindan agentləri Maonun arvadını və bir oğlunu oğurlayıb Yandan tələb etmişdilər ki, publik şəkildə ərindən və kommunist ideologiyasından imtina etsin. Ağır işgəncələrə baxmayaraq gənc qadın razılaşmamış və 8 yaşlı oğlunun gözü qarşısında öldürülmüşdü.

Elə həmin il Mao partizan müharibəsinin fəal iştirakçısı, 19 yaşlı döyüşçü He Tsıçjenlə evlənir. Partizan qız Maonu bütün hərbi əməliyyatlarda müşayiət etmiş, onun ən sadiq silahdaşlarından biri olmuş, o illərdə həm də 5 uşaq dünyaya gətirmişdi. Aldığı yaralar sonrakı illərdə onun səhhətində ciddi problemlər yaratdığı üçün Heni Moskvaya müalicə almağa göndərmişdilər (Bəzi mənbələrdə bitib-tükənməyək bilməyən xəyanətlərə görə qadının Maodan uzaqlaşdığı, bəzilərindəsə psixiatrik xəstəxanaya qapadıldığı qeyd edilir).

26 yaşlı Tszyan Tsin Yananda məhz bu ərəfədə peyda olur. Keçmiş sevgilisi Kan Şen sayəsində siyasətə meyllənən Lan Pin tezliklə Kommunist Partiyasına üzv olur (bəzi mənbələrdə aktrisanın bu partiyaya 1933-cü ildə daxil olduğu qeyd edilir) və gələndən az sonra Mao Tsedunla tanış olmaq fürsəti yaxalayır. Tanışlarına “Mən Çinin ən məhşur adamına ərə gedəcəm” deyən aktrisa Lan Pin çox keçmədən adını və peşəsini dəyişərək gənc kommunist Tszyan Tsin olaraq ortaya çıxır.

Mao çiçəyiburnunda kommunist qızı ilk dəfə konsertdə görür və onu Marksizim-leninizm İnstitutundakı leksiyalarına dəvət edir. Zalda birinci cərgədə oturan Tszyan Maonun diqqətini çəkmək üçün tez-tez ona sual verir, liderin dediklərini dizinin üstünə qoyduğu dəftərə yazır. Leksiyadan sonra isə Maoya yaxınlaşıb deyir: “Mən hələ çox şey öyrənməliyəm. Sizin sayənizdə biliklərimi artıra biləcəyimi düşünürəm”. Maonun cavabı gecikmir: “Başa düşmədiyiniz yer oldusa, utanmayın, gəlin yanıma, aydınlaşdırarıq”. Beləliklə, onlar görüşməyə başlayırlar.

****

Bir il sonra Tszyan Tsin Maonun şəxsi köməkçisi təyin edilir. Amma liderin şübhəli keçmiçi olan bir qadınla əlaqəsi partiya rəhbərliyinin ciddi narazılığına səbəb olur, hərəsinin 5-6 arvadı olan bu əxlaq “dağarcıqları” Maonun Hedən boşanıb Tszyanla evlənməsinə qarşı çıxırlar. Mao “Tszyan Tsin olmasa, mən inqilab yolunu davam etdirə bilmərəm,”- deyir. Onun köməyinə “Çinin Beriyası” Kan Şen yetişir (deyilənlərə görə, Tszyan vasitəsilə Maoya təsir etmək üçün), bildirir ki, istintaq Tszyanın Şanxaydakı həyatında şübhəli bir şey aşkar etməyib. Bundan sonra partiyanın Siyasi Bürosu geri addım atmağa məcbur olur, amma şərt qoyur ki, Tszyan Tsin partiyanın işlərinə qarışmamalı, məsul vəzifələrə təyin edilməməli və kütləvi tədbirlərdə ərini müşayiət etməməlidir. Beləliklə, 1938-ci ildə Tszyan özündən az qala iki dəfə böyük olan Maoya ərə gedir.

Çox güman,o, zəngin eşq həyatı olmuş Maonun hisslərinə çox da bel bağlamırmış, yoxsa “məsələni”dərhal siyasiləşdirməyə ehtiyac duymazdı - təzə gəlin evliliyin az qala ilk günlərindən özünü ətrafdakılara Maonun silahdaşı kimi qəbul etdirməyə çalışır, “rəhbərin sirli dünyasını intuitiv olaraq və dərhal anladığını” vurğulayır, həmişə (deyilənlərə görə, hətta yataqda da) ona Sədr deyə müraciət edir. Ona və bir il sonra doğulan qızına cani-dildən qulluq edir; üstəlik, Maonun ondan əvvəlki arvadının - Henin iki oğluna da baxır. Mao Tszyanın qayğıkeşliyinə o qədər vərdiş edir ki, arvadı olmayanda uşaq kimi ərköyünləşir.

Tarixçi Aleksandr Pantsov yazır ki, “Tszyan Tsin Mao üçün təkcə ehtiraslı sevgili yox, həm də səliqəli katib və bacarıqlı ev xanımı olub. Onun səhhətinə, geyiminə, yeməyinə, gəzintisinə, iş rejiminə, ziyarətçi qəbuluna, bir sözlə, hər şeyinə nəzarət edib”.

****

Günlərin birində bu idilliya sona çatır. İkinci uşağı doğmaq istəməyən Tszyan abort üçün həkimə müraciət edir, əməliyyat uğursuz olur, onun uşaqlığını götürməli olurlar. Sonra onda vərəm, ardınca da xərçəng aşkar edilir, Tszyan müalicə üçün SSRİ-yə gedir. Əməliyyat Maonun ona bir qadın kimi marağını azaldır, “böyük lider” silahdaşlarına bəxtindən şikayətlənir: “Ailə həyatım yenə alınmadı. Tszyan Tsin arvadımdır, sadəcə işçim olsaydı, dərhal ondan qurtulardım”.

Evlənəndən sonra da gənc qadınlarla intim əlaqələrini davam etdirmiş Mao artıq bunu gizlətməməyə başlayır. Onun şəxsi həkimi xatirələrində yazır ki, “Bu münasibətlər getdikcə daha açıq xarakter alırdı və Tszyan Tsin buna çox əsəbləşirdi”.

Zavallı qadın evdəki və ofisdəki gənc qızları işdən qovmaqla vəziyyətə nəzarət etməyə çalışır, amma tezliklə bunun əhəmiyyətsiz olduğunu başa düşüb dərin ümidsizliyə qapılır (Evdəki xidmətçilər bir gün onun bərkdən ağlayaraq “Yoldaş Sədrə sevgi məsələlərində də heç kim çata bilməz” dediyini xatırlayacaqdılar). Çünki Mao ölkəboyu səyahətləri zamanı da əyləncəsindən qalmır, xüsusi agentliklərin onun üçün “təşkil etdiyi” gözəl qızlarla görüşürdü; qurultaylar zamanısa bu işi siyasi şöbələr görürdü - rəhbərin fasilə zamanı dincəldiyi xüsusi otağa proletar qızlar gətirilirdi. Hətta məmurlar da öz qızlarını və ya bacılarını Maoya təqdim etməyi özlərinə şərəf bilirdilər. Tszyan Tsin bütün bunların qarşısını almaq iqtidarında deyildi.

****

Nəhayət, bu durum ailədə ciddi problemlər yaradır. Bir neçə müddət davam edən sürən söz-söhbət və çəkişmələrdən sonra ər və arvad ümumi razılığa gəlirlər. Mao onu boşamamağa və siyasətə gəlməsinə izacə verməyə; Tszyansa onun yataq otağında baş verənlərə müdaxilə etməməyə söz verir.

Böyük siyasətə böyük qurban verərək daxil olan Tszyan Tsin bir müddət sonra özünü yenidən xoşbəxt hiss etməyə başlayır. “O, çox dəyişmişdi. Artıq çox enerjili şəkildə, belini dik tutaraq yeriyirdi, daha səhhətindən də şikayətlənmirdi. Onun həkimə ehtiyacı qalmamışdı” – Maonun şəxsi həkimi o dönəmi sonralar belə xatırlayacaqdı.

1949-cu ildə Çin Xalq Respublikası yaradılanda Tszyan ölkənin birinci ledisi statusunu qazanır, 50-ci illərin ortalarından Mədəniyyət Nazirliyinin kino sənayesi komitəsində çalışmağa başlayır, film çəkilişlərinə nəzarət edir.

Çində kütləvi aclığa səbəb olmuş “Böyük sıçrayış” kampaniyasından (aqrar iqtisadiyyatdan sənayeləşmə və kollektivləşməyə sürətli keçid kampaniyası, 1958-1961) sonra partiyada ciddi tənqidə məruz qalan Mao düşmənilərinə qarşı mübarizə prosesinə Tszyan Tsini də cəlb edir (1965) və yeni ortaya atdığı “böyük proletar mədəniyyəti inqilabının alovunu yandırmaq” ideyasını gerçəkləşdirməyi ona tapşırır. Maoya sədaqətini sübut etmək üçün əlinə fürsət düşmüş Tszyan Çin ədəbiyyatı və mediasında icazə verilmiş inqilabi materiallardan başqa bütün yeni əsərləri qadağan edir. Ərinin dəstəyilə onu Mərkəzi Mədəni İnqilab Qrupunun direktor müavini təyin edirlər. Ev xanımından bir nömrəli inqilabçı qadına çevrilən Tszyanın populyarlığı sürətlə artmağa başlayır, yaltaq məmurlar bütün məsələlərdə onunla məsləhətləşmək üçün növbəyə düzülürlər. Statusuyla birlikdə Tszyanın xarici görkəmi də dəyişir – çox da uzaq olmayan keçmişdə çox gözəl olan bu qadın saçlarını qısa kəsdirib başına “dimdikli” papaq qoyur, hərbçi geyimini xatırladan eybəcər kostyumlar geyir, hərəkətləri sərtləşir.

Həmin ərəfədə Mao Tsedun tələbələrə və özünün yarı-hərbi “Qırmızı keçikçilər” dəstəsindəki gənclərə “İnqilab təhlükədədir” deyə səslənərək onları “burjuaziya elementlərini – ziyalıları və yaşlı partiya üzvlərini məhv etməyə” çağırır. Mədəni inqilabın birinci dalğası prezident Lyu Şaotsini istefaya məcbur etməklə nəticələnir (1968).

Böyük əzm və enerjiylə siyasət meydanına atılan Tszyan Tsin də mitinqlərdə gənclər qarşısında çıxış edib ölkədə vətəndaş müharibəsinin başlandığını elan edir, hunveybinləri (“Qırmızı keçikçilər”in üzvlərini) “balaca generallar” adlandırıb onları coşdurur. Kütlə ona “Yoldaş Tszyan Tsin üçün ölümə getməyə and içirik!” hayqırtılarıyla cavab verir. Minlərlə tələbə və məktəbli onun çağırışına səs verib keçikçilərə qoşulur. Tszyan Tsin daha üç partiya üzvü - Çjan Çuntsyao, Yao Venyuan və Van Hunvenlə birlikdə “Dördlüyün bandası” adlı qrup yaradır.

 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u602a1

Ən çox baxılan