Troll müşavirəsi

YAP Sədrinin müavini bildirib ki, partiya üzvləri qazanılan uğurları geniş təbliğ etməli, bu işdə sosial şəbəkənin imkanlarından faydalanmalıdırlar

Mənbə: Meydan TV


Əli Əhmədov mövcudluğunu cəmiyyətə göstərməkdə, “mən də varam” deməkdə davam edir

YAP hakimiyyətində problemlər var. Həm də ciddi. Bunu partiyanın icra katibi, Baş nazirin müavini Əli Əhmədovun çıxışlarından görmək olur. Bütün sahələrdə uğursuzluqdur. Müxtəlif vasitələrlə adamların ələ alınması, milyonlar xərclənməsi effekt vermir. Ölkənin inkişafı, əhalinin normal yaşayışı üçün çalışmaq əvəzinə bütün gücü daxildə rəqibləri, müxalifətçiləri susdurmağa yönəltdilər. Fəal, etirazçı kəsimi meydanlardan virtual aləmə – sosial şəbəkələrə qovdular. İndi də onun ağrısını çəkir, çıxış yolları axtarırlar. O, ötən ildən başlayaraq YAP-çı gəncləri sosial şəbəkələrdə fəal olmağa səsləyir. Masallıda bu missiya ilə yenə gənclərlə görüşüb, onlara müraciət edib.

Belə müraciətlərdən birini icra katibi 2018-ci il fevralın 1-də Gənclər Günü ilə bağlı yapçı gənclərlə görüşdə etmişdi:

"Gənclərin qarşısında mühüm vəzifələr dayanır. Bunlardan biri gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməlidir. Bu ilin oktyabr ayında prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası növbəti dəfə prezident İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək. İlham Əliyevin cəmiyyətdə yüksək reytinqi onun qələbəsi üçün əsas yaradır. Gənclər də seçkilərin yüksək səviyyədə keçməsi üçün fədakarlıqlar etməlidir”

.

Göründüyü kimi, onun bu müraciəti uğursuz olmuşdu. Gəncləri oktyabrda keçiriləcək prezident seçkisində fəallığa səsləyən Əli Əhmədovun təmsil olunduğu komandada belə heç bir nüfuz sahibi olmadığı cəmi 4 gün sonra bilindi; fevralın 5-də İlham Əliyev növbədənkənar prezident seçkisi ilə bağlı sərəncam imzalayanda. Sən demə, növbədənkənar seçkiyə gedilməsi hakim partiyanın faktiki birinci adamından gizli saxlanılıb. Bunun bir neçə səbəbi ola bilər: ya ona etibar edilmir, ya partiyada nüfuzu yoxdur… Çox səbəblər sadalamaq olar.

Buna baxmayaraq, icra katibi mövcudluğunu cəmiyyətə göstərməkdə, “mən də varam” deməkdə davam edir. Çoxu YAP daxilində baş verənlərdən xəbərsiz olsa da, Əli Əhmədov avqustun 5-də FB hesabında

"Daha sıx birləşmək, səfərbər olmaq zamanıdır" başlıqlı postuyla durumun ağır olduğu mesajını verir:



“ Müxalifət maraqlı xarici qüvvələrlə birləşərək və onların tapşırıqları əsasında Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyaya başlayıb. Məqsəd ölkəmizin davamlı inkişafı yolunda əngəl yaratmaq, insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmaq, Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir”.

69358809_889629494744781_2983136816099491840_n.jpg
YAP rəhbərliyi

Ancaq icraçı katibi olduğu partiyanın sədri, həm də ölkə başçısı İlham Əliyev ölkədə müxalifət olmadığını, onların rəzil günə qaldığını deyir. Maraqlıdır, “rəzil” gününə qalan müxalifətlə hansı xarici qüvvələr birləşib? Bu qüvvələr hansı gücdədir ki, YAP belə qorxuya düşüb? Axı biz ancaq müxalif qüvvələr arasında çəkişmənin, didişmənin, bir-birini qəbul etməmənin sorağını alırıq; hakimiyyətin nəzarətində olan qəzetlər və saytlar elə-hey bundan yazır. Bu “pərakəndə”, “erməni dəyirmanına su tökən”, “antimilli” qüvvələr “

insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmağ”ı


necə bacarır? Üstəlik, Azərbaycanın imicinə “kölgə” də salır. O hansı imicdir: kürü diplomatiyası, Landromat, nazirlərin, deputatların xaricdə ortaya çıxarılan (həm də sənədlərlə) var-yatırları, bunlarımı nəzərdə tutursuz?


Ölkədə bütün sahələr məmur-oliqarxların monopoliyasındadır, Əli Əhmədovsa oturduğu binadakıları qoyub, bazarda kartof, meyvə-tərəvəz satanların yaxasından yapışır; qiymətləri onlar diktə eləmir, hörmətli icra katibi. Bir də bazara girməklə çörək əsiri elədiyiniz xalqın qəlbinə girə bilməzsiz, onun yolları başqadır.


Sosial şəbəkələrdə fəallığa başlamaqla yanaşı, ətrafınızda olan gəncləri də orda fəal olmağa çağırırsız. Sizin “təğyiri-libas” olub bazarda kartofun qiymətinə etirazınızdan sonra kimsə yazmışdı: “2 milyona saat olar, 2 manata kartof olmaz?” Qarşınıza çıxsa, zəhmətdən keçib, adamın cavabını verin.


“Müxalifətin qeyri-sağlam və qeyri-konstruktiv qüvvəyə transformasiyası səbəbindən bütün milli qüvvələrin birləşib səfərbər olması, dövlətçiliyin və sabitliyin keşiyində dayanması aktuallıq kəsb etməyə başlayıb.

69864029_227299134842810_8903553215623069696_n.jpg
Gənclər Günü tədbiri


Biz doğru yoldayıq. Bu yolda fədakarlığa dəyər və Yeni Azərbaycan Partiyasının bütün fəal üzvlərini, gəncləri yeni fədakarlıqlara səsləyirəm”.

Bu da sizin müraciətinizdəndir. Xalqdan oğurlamaq, xalqın malını yemək, ölkə büdcəsini talan eləmək, məhkəmə sistemini oyuncaq quruma çevirmək, insan haqlarını ayaqlar altına atmaq… belə milli qüvvə olmur.

Görünür, bu müraciətiniz də əvvəlkilər kimi elə də dəstək qazanmayıb. O səbəbdən durub uzaq yola çıxıb Masallıya getmisiz. Masallı Olimpiya İdman Kompleksində o regionun gəncləriylə görüşdə “uğur və inkişaf nağılları” danışandan sonra başlıca niyyətinizi dilə gətirmisiz, nə qədər ağır da olsa. AZƏRTAC səfərinizlə bağlı saytda xəbər də yerləşdirib:


“YAP Sədrinin müavini bildirib ki, partiya üzvləri qazanılan uğurları geniş təbliğ etməli, bu işdə sosial şəbəkənin imkanlarından faydalanmalıdırlar. Müstəqil Azərbaycanın inkişafını görmək istəməyən dairələrin, o cümlədən radikal müxalifətin sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını diqqətə çatdıran Əli Əhmədov bu dairələrin əsl niyyətlərinin ifşa olunmasında gənclərin fəal olmasının vacibliyini vurğulayıb”.

Bu səfəriniz Füzulinin və Cəbrayılın işğalının ildönümünə düşmüşdü. İşğallar sizin hakimiyyətlə yaşıddır. 26 ildir, bilməmiş olmazsız. Ancaq gənclərlə görüşdə nə işğaldakı torpaqlardan, nə ermənilərin Qarabağı su yoluna döndərməsindən, nə Paşinyanın orada yallı getməsindən, nə də düşmənə qarşı informasiya müharibəsindən danışıldı. İnanmırsızsa, rəsmi agentliyinizin yaydığı xəbəri bir də oxuyun; sizdən sitat da var.

69371467_1248360388676824_4164167807916834816_n.jpg
“Bu yolda fədakarlığa dəyər və Yeni Azərbaycan Partiyasının bütün fəal üzvlərini, gəncləri yeni fədakarlıqlara səsləyirəm”
Ana səhifəXəbərlərTroll müşavirəsi