Transseksual: İstərdim cəmiyyətdən bizə olan nifrətin səbəbini öyrənim

Dərya
Dərya


“Vəsiqədə cinsi mənsubiyyətim dəyişsə, cəmiyyətin mənə münasibəti də dəyişər”


Onu hamı Dərya kimi tanıyır. Elə özü də şəxsiyyət vəsiqəsinə yazılmış kişi adından imtina edib. Amma  transgender olsa da, bioloji oğlan bədənində qadın kimi yaşasa da, Azərbaycan qanunvericiliyi sənədlərdə bu dəyişikliyi qeyd etməyə imkan vermir.


1989-cu ilin dekabrında Türkmənistanın Krasnovodsk şəhərində doğulan Dərya 12 yaşında anası ilə birgə Azərbaycana köçüb. O, Azərbaycanda yaşadığı çətinliklər, sosial problemlər barədə Meydan TV-yə danışıb…


– Dərya, özündə bu fərqliliyi (yəni ənənəvi qəbul edilən normalar baxımından) neçə yaşında hiss elədin?

– Dəyişiklik deyilən bir şey yoxdur, mən bununla doğulmuşam. Yəni bioloji baxımdan oğlan ola bilərəm, ancaq özümü dərk edəndən oğlan bədənimdə qız ruhu deyilən şeyi anlamırdım. Böyüyəndən sonra anladım ki, bu, mənə görə normal bir şeydir, bizim insanlar üçün isə anormaldır.


– Zaman-zaman insanların sənə qarşı reaksiyası necə oldu?

– Azərbaycanda yaxşı bir söz var: “Heç kim öz ayranına turş deməz”. Ailədən başlayım: ailə bəlkə də bunu bilə-bilə nədənsə uşaqlığa bağlayırdı, düşünürdülər, uşaqdır, böyüyər, dəyişər. Vaxt keçər başqa cür olar. Və əminəm ki, mənim simamda bütün cinsi azlıqların həyatında baş vermiş bir hadisədir. Məktəb, bağça, həyət… Yaşa dolduqca, insanlar görür ki, sən oğlan olsan da, cinsinə aid olmayan hərəkətlər edirsən. Başqa oğlanlardan seçildiyinə görə, birmənalı qarşılanmırsan. Bu vaxt təpkilər bir o qədər olmur, sadəcə həyət-bacada uşaqların lağ etməsi var. Böyüdükcə, görürsən ki, özündən asılı olmayaraq əl hərəkətlərinlə, davranışlarınla başqa oğlanlardan seçildiyinə görə birmənalı qarşılanmırsan.


– Neçə yaşından bundan əziyyət çəkməyə başladın?

– Əziyyətim hardasa 12-13 yaşımdan oldu.


– İlk dəfə sənə təpki hardan başladı: ailədən, cəmiyyətdən, məktəbdən, yoxsa dostlarından?

– Bilirsiniz, ailəm məni sıxmayıb, uşaq vaxtından ata görməmişəm, həmişə anamın himayəsində böyümüşəm. Ana isə bir o qədər də büruzə vermir, maksimum təzyiq qonşulardan, qohumlardan ola bilər. Türkmənistanda ata qohumlarım uşaqlıqla əlaqələndirirdilər bunu. Azərbaycanda ana qohumlarım yaşayır. Rayon yeridir, hərəkətlərimi gördükcə çalışıblar məni dəyişsinlər, bu isə dəyişilməyən bir şeydir və onlar da bunu anlamadıqlarına görə təzyiq, zor, təhqir işlətdilər. 18 yaşıma qədər dözdüm və Allaha şükür ki, canımı qurtardım, qaçıb gəldim Bakıya.


– Sirr deyilsə, Azərbaycanda hansı rayonda yaşadın?

– Ağcabədidə. İlk öncə təzə gəlmiş qonaq kimi mənimlə yaxşı davranırdılar. Yaşa dolduqca, xüsusən 14-15 yaşımda, özümdən asılı olmayan hərəkətlərimə ana qohumlarımın 90 faizi artıq reaksiya verməyə başladı, hətta şiddətə gəlib çatırdı. Saçın telinin 1mm uzanması belə mənim ömrümdən 10 gün kəsilmiş kimi ola bilərdi. Mən də onları haradasa anlayırdım. Rayon yeri ilə mənim beynimdə qurduğum həyat tərzi üst-üstə düşmədiyinə görə cox əziyyət çəkirdim.


– İstəyərdim ki, şiddətdən danışasan, çünkü bunu hamı görür, amma heç kim bu barədə danışmır. İlk dəfə neçə yaşında döyüldün, kim döydü səni və nəyə görə?

– Mən rayonda da döyülmüşəm, Bakıda da. Öncə bu görünüşdə deyildim hələ, metroda idim, işə gedirdim, qapılar açıldı, naməlum bir şəxs arxadan mənə təpik vurdu. Hələ də onu xatırlayanda çox pis oluram. Mən belə başa düşürəm ki, görünüşüm onu əsəbiləşdirdiyi üçün bu zərbəni yedim.


– Dərya deyirsən ki, uşaqlıqdan arzun saç ustası olmaq olub. Bəs qadın salonunda işləməyin sənin üçün əngəl yaratmırdı?

– Bu işdə çalışdığıma görə nə isə özümdə bir dəyişiklik istəyirdim. Bir də gördüm ki, oğlan uşağına xas olmayan bir qaş forması yarandı. Bilirsiniz ki, Bakıda işləyən oğlan saç ustalarının 90 faizinin özünəməxsus bir saç stili var, və nədənsə o stil salondaxili keçərli idi, salon xaricində isə yox. Küçəyə çıxandan sonra ətrafdakı obyektlərin işçiləri söz atırdılar, barmaqla göstərirdilər, hətta konkret ünvanıma olmasa da, təhqirlər edirdilər. Mən də məcburiyyət qarşısında belə işə gedib gəlirdim.


– Əməliyyatlara getmək qərarına necə gəldin? Maddi cəhətdən bunlar necə həll olundu?

– Dəyişikliklərə saçımdan, qaşımdan başladım, sonra üzümdə lazer epilyasiyasi elədim və yadımdadır ki, illər keçdikdən sonra yenidən Türkmənistana qonaq kimi qayıtmaq istədim, mənim üçün viza düzəldilirdi onda. Amma vizaya imtina gəldi. Səbəbini onlar da açıqlamadı, Türkmənistan bağlı ölkə olduğuna görə heç bir açıqlama verilmir. Əlimdə qalan pulu rinoplastikaya xərclədim. O illərdə ikili həyat sürürdüm, gecələr evdə eskort kimi işləyirdim, gündüzlər salonda. Tədricən öz görünüşüm üzərində işlədikcə, küçəyə çıxmağım daha da çətinləşirdi. Hətta hələ oğlan simasında olanda, yəni əməliyyatdan əvvəl metroda, avtobusda oğlanlar mənə “xanım” deyərək, yer verirdilər. Bu, xoşuma gəlirdi, düşünürdüm ki, nə isə bir dəyişiklik var və daha da irəli getdim. Müəyyən kosmetoloji prosedurlar elədim. Sonra sinə əməliyyatı, yenidən rinoplastika və hormon terapiyası …


– Sən də hamı kimi ictimai nəqliyyatdan istifadə edirdin. O zaman insanların sənə baxışlarndan nə hiss edirdin?

– Mən sakit insanam, nəqliyyatda bir o qədər problemim olmayıb, əsas küçədə incidilmişəm. Görmüşəm ki, cütlük gedəndə qız oğlana “bax gəlir” işarəsi ilə məni göstərib. Bu, mənim çox qəlbimə dəyirdi. Milləti hardasa başa düşürəm. Mənim də nəyəsə təəccübləndiyim olub, amma bunu nəzərəçarpacaq qədər eləmirəm.


– Anan necə qəbul etdi?

– Bu sualı mənə çox verirlər. Bizdə heç bir valideyn istəməz ki, övladı belə olsun. Amma mən anamı bu həyatıma alışdırdım. Dediyim kimi, məndə hər şey birdən-birə olmadı axı. Bəzən biri evdən çıxır, neçə illər özünə dəyişiklik edir, sonra da evə qayıdandan valideyn bunu qəbul edə bilmir. Bir Ayla var idi, salona gəlirdi, ailəsi ondan imtina etmişdi, həmişə ağlayıb anama deyirdi ki, sənə paxıllıq edirəm, çünkü bir ana olaraq övladını belə qəbul edirsən. Mən rayondan Bakıya qaçıb gələndən bir müddət sonra ayağım sındı, xəstəxanada yatdım. Onda dayılarım anama demişdi ki, yalandan deyir, səni ora gətizdirmək üçün bəhanə uydurub, getmə. Dayılarım anama şərt qoydular: gedirsənə, ya o, ya biz. Anam demişdi ki, əlbəttə, övladım. Ancaq zamanla anam da xəstələndi: şəkər tutdu, bunu biləndən sonra çox əziyyətlər çəkdi.


– Mən sənin seks işçisi kimi çalışmağından danışmaq istəyirəm. Bir çox transgenderlər nəyə görə bu həyatı seçirlər?

– Çünkü başqa çarələri yoxdur. Məhz transseksuallardan danışırıqsa, Azərbaycandan yeganə mənəm ki, öz işimdə çalışmışam, amma alınmayıb, bir gün gəlmişəm qapının üstündə nalayiq şeylər yazılıb, bir gün reklamı cırıblar, içəridə müştəri olanda daş atıblar, qapının şüşəsini sındırıblar. Gördüm ki, alınmır. Mənə “instaqram”da yazırlar ki, sən bu görünüşdəsənsə, seks işçiliyi etmək məcburiyyətində deyilsən, amma başa düşmürlər ki, məcburiyyətindəyəm. Fərz eləyin ki, mən ofisiant işləyirəm. Bir qrup uşaq oturub, yaxınlaşıb salam verirsən, sənin transseksual olduğunu biləndə, reaksiyaları necə olacaq? Bu işi kimsə bizə verə bilməz. O sözü mənə deyən belə, görüm məni bir həftə işlədə bilər, ya yox? Salon var ki, məni heç müştəri kimi içəri daxil olmağa imkan vermir, işçi kimi otursam nə olar? Kirayə ev tutmaq istəyirsən, deyirlər “olmaz”. Səbəb? “Sən transseksualsan”. Uşaqlarla “Tarqovı”dakı kafedə oturmuşduq, ofisiantlardan xidmət göstərən yox idi bizə. Çağırdım ofisiantı, dedim ki, görmürsünüz biz oturmuşuq burda? Administratoru çağırdım, gəldi və bildirdi ki, bizə xidmət göstərilə bilməz, səbəbini də demir. “Özünüz başa düşün də…” Soruşdum ki, trans olduğuma görə mənə xidmət göstərmirsən? Dedi : “Bəli”. O “Bəli” sözünü eşidəndə qulağımdam tüstü çıxdı. Bir Azərbaycan vətəndaşı kimi aidiyyəti orqanlara müraciət etdim, işə baxılmadı, səbəbi odur ki , özəl müəssisədir.


– Səncə, bu, mentalitetlə bağlıdır?

– Mentalitet budur? Bu ölkədə qardaş bacını zorlayır, ana uşağını doğur atır, kişi qardaşı qızını qaçırır, amma bir dəfə də cinayət işində göstərmirlər ki, transseksual kimisə öldürdü, oğurluq elədi və s. Ancaq millətdə onlara qarşı aqressiya hardandır, bilmirəm?!


– Dərya, polisə neçə dəfə müraciət etmisən və hansında səni ciddi qəbul ediblər?

– Demək olar ki, heç birində bizi ciddi qəbul etmirlər. Polislərin elə öz aralarındakı o lağ-lağa hərəkətləri, söz atmaları… Düşünürsən ki, burda oturmağın heç bir əhəmiyyəti yoxdur, yəni neçə dəfə olubsa, hamısı boş olub. Ancaq ərizəni götürürlər, vəssalam.


– “İnstaqram”da bir şəkil paylaşmışdın, 500-ə qədər mesaj yazmışdılar sənə . Ümumiyyətlə, sənə yazanlar kimlərdir, onlar səndən nə istəyirlər?

– Yazanlar müxtəlif insanlardır- ailəli olan da var, subayı da… Təbii ki, hərəsi özünü bir görünüşdə təqdim edir, istədikləri intim əlaqədir.


– Ümumiyyətlə, azərbaycanlıların transseksuallarla intim əlaqəyə marağı necədir?

– Mən sizə deyim ki, Azərbaycanda çox kişi var ki, biseksualdır. Bunu danırlar, amma fakt belədir. Dəfələrlə olub ki, hər iki halımda mənə nifrətlə baxan kişilərlə cinsi əlaqədə olmuşam. Cəmiyyət içində bunu özlərinə yaraşdırmasalar da, eyni zamanda gizlində bu işi görürlər. Mən və mənim simamda bütün transseksuallar belə hesab edirik ki, heteroseksuallıq Azərbaycanda 10 faiz qalıb, ya qalmayıb. Bunu peşəmə əsaslanıb deyirəm, görüşdüyüm adamların içində hətta gözləmədiyim və ya qəbul etməyə utandığım adamlar da olub, amma onlar utanmayıb gəliblər.


– Səncə, onlar istəklə gəlib, ya maraqla?

– Maraqlı olsaydı internetdə şəkillərimə baxardı, buracan əziyyətlə gəlibsə, məncə, o əziyyətinin bəhrəsini görməmiş getməz. Amma ailədə əlində pult “Ay arvad, çay getir” deyə bilər və ya uşaqlarını silləliyib-təpikləyə bilər, kişiyəm deyə… Heç nə göründüyü kimi olmur.


– Ümumiyyətlə, seks işinə necə baxırsan, bu iş sənə əziyyət verir?

– Bəzən çox yoruluram, amma mən həyatımı saç ustalığı ilə qura bilməzdim. Heç istəsəm də, işləyə bilmərəm. Mən kiminsə balasını bədbəxt eləmirəm, kimisə zorla evə soxmuram, kiməsə zəng eləmirəm, ailə dağıtmıram. Öz canımdan başqa heç kimə ziyanım yoxdur, amma buna məcburam, başqa edəcək heç bir şey yoxdur.


– Azərbaycanda transseksualların əsas problemi hansılardır?

– Dediyim kimi: cəmiyyət, millətin onlara davranışı. Bu, bizim bütün qızlarda olur. Dəfələrlə bununla bağlı istəmişəm qızlara müraciət edəm, cünkü xaricdə transseskuallara əməliyyatdan sonra qadın pasportu verilir. Məsələn, ASAN Xidmətə gedəndə vəsiqəni göstərənəcən adamla xanım deyə davranırlar, vəsiqədən sonra öz aralarında pıçıldaşmağa başlayırlar, bu isə insanı özündən çıxarır. Sonra davalar yaranır, qızlarımız var ki, qəbul etdiyi harmonlardan və ya həyat tərzindən əsəbləri pozulub. Normal həyat tərzi sürən insanın 10 ildə görmədiyini biz 1 saatın içində görürük. Klublarda oğlanlar tanış olmaq üçün yaxınlaşanda, kənardan tez bir qız yaxınlaşıb deyir ki , bu transdır, tanış olma. Axı mən sənin evindən qardaşını və ya ərini aparmıram, niyə belə edirsən? Belə hallarda da biz partlayanda adımız çıxır ki, transseksuallar təhlükəli adamlardır.


– Dostların kimdir, ancaq transseksuallar?

– Ümumiyyətlə, dostum yoxdur. Heç kimə inanmıram.


– Dərya, sən əsgərlikdə olmusan?

– Yox. Doğuşdan məndə sümüyümlə bağlı problem olub deyə əsgərliyə getməmişəm, amma nədənsə hamı elə bilib ki, mən orientasiyamla bağlı əsgərlikdən yayınmışam.


– Şəxsiyyət vəsiqəsi almağından və adını dəyişdirməyindən danış mümkünsə…

– Şəxsiyyət vəsiqəsi alanda bizə ancaq olduğumuz görkəmdə şəkil çəkdirməyə icazə verilir. Bu da cəmiyyətdə normal qarşılanmır. Banklarda və ya mağazalarda nüsxə almaq adıyla bir çox rəfiqəmin şəkli çəkilir və internetdə yayımlanır.


– Şəxsiyyət vəsiqəndəki kişi adın dəyişsə, sənin üçün və cəmiyyətin sənə qarşı münasibətində nə dəyişər?

– Məncə, vəsiqədə cinsi mənsubiyyətim dəyişsə, cəmiyyətin mənə münasibəti də dəyişər.



Şəxsiyyət vəsiqəsini dəyişən transseksual adamın normal işə düzəlmək şansı nə qədərdir?

– Seks işçisi kimi mən artıq elədiyimi elədim. Düşünürəm ki, sonunda yenə də öz işimə qayıtmalı olacam, yanı salon işinə. Vəsiqə düzəlməsə də, belə bir iş olacaq, sadəcə bizim qızlar başlarını problemə qatmaq istəmirlər, yüzdə bir adam normal işlə məşğul ola bilər.


– Cəmiyyətə mesajın nədir?

– Belə bir söz var ki, güldüyün şeyi Allah sənə göstərmədən öldürməz. İstərdim, kamera uzansın millətə və bizə olan nifrətin səbəbini öyrənim. Bizə deyirlər ki, Allah sizi lənətləyəcək. Eybi yox, qoy lənətləsin. Madam ki, içimdə bir pislik olmadan ehtiyacı olanlara kömək edəndə Allah məni görmür, yalnız görünüşümə görə lənətləyir, qoy lənətləsin.


– Əvvəlki həyatında, yəni oğlan kimi yaşadığın zamanda ən çox nə üçün darıxırsan?

– Bəzi qohumlarım üçün, çünkü hələ də onları silib ata bilmirəm. Anam tərəfin qohumlarını çox sevirəm, indiki görünüşümə görə artıq heç nəyi ört-basdır edə bilmədiyim üçün məsafə saxlamalı oluram. Amma onlar üçün çox darıxıram.


– Ən böyük arzun?

– Yəqin ki, mənim karyeram olar, istəyirəm möhürü vurum, bundan sonra mənim ikili həyatım olmasın. Arzulayıram ki, dəyərləndiriləcək bir işim olsun.

Ana səhifəVideoTransseksual: İstərdim cəmiyyətdən bizə olan nifrətin səbəbini öyrənim