“Transparency İnternational” fəaliyyətini dayandırır

Foto: “Transparency International”

Ləğvetmə komissiyası ləğv üçün Ədliyyə Nazirliyinə müraciət edəcək

Beynəlxalq Şəffaflıq Təşkilatının (“Transparency İnternational”) milli bölməsi statusuna malik “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin Ümumi Yığıncağı ictimai birliyin ləğvi haqqında qərar qəbul edib. Ümumi Yığıncağın qərarı ilə Ləğvetmə komissiyası (təsviyəçi) təyin edilib.

Bu barədə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-nin İcraçı direktoru Əliməmməd Nuriyev məlumat verib.

Onun sözlərinə görə, QHT-nin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün Ləğvetmə komissiyası (təsviyəçi) müvafiq qaydada Ədliyyə Nazirliyinə müraciət edəcək.

Daha sonra Ləğvetmə komissiyası (təsviyəçi) qanunvericiliyə uyğun olaraq zəruri prosedurları həyata keçirəcək.

Bu qərar haqqında bütün yerli və beynəlxalq tərəfdaşlar məlumatlandırılacaq.

“Şəffaflıq Azərbaycan” təşkilatı 2000-ci ilin oktyabr ayında təsis olunub. 

Tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin oktyabrında “Transparency İnternational” təşkilatı tərəfindən akkreditasiya olunub, 2006-cı ilin avqust ayında isə yenidən akkreditasiyadan keçib. Təşkilat öz missiyasını “Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırmaq” kimi təqdim edib.

Təşkilatın təsisçilərindən biri Rəna Səfərəliyevadır. Rəna Səfərəliyeva 2019-cu ilə qədər həm də təşkilatın icraçı direktoru olub.

O, hazırda təşkilatın İdarə Heyətinin üzvüdür.

Rəna Səfərəliyeva dünən Prezident İlham Əliyevin sərəncamı ilə şiddətli töhmət verilmiş Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin qaynanasıdır.

Ötən gün bir çox yerli media orqanları bu şiddətli töhmətin səbəbləri barədə yazıb. Onların yazdığına görə, Fuad Nağıyevin rəhbərlik etdiyi agentlik xidməti yazışmaları sızdırıb.

Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.

Ana səhifəSiyasət“Transparency İnternational” fəaliyyətini dayandırır