Trampla ortağı Mask arasında gərginlik artır

Tramp və Mask, foto: Reuters

İlon Mask: Mən olmasaydım, Tramp seçkilərdə uduzardı

ABŞ Prezidenti Donald Trampla Hökumətin Səmərəliliyi Departamentinin keçmiş rəhbəri İlon Mask sosial şəbəkələrdə kəskin münaqişəyə giriblər.

Səbəb Donald Tramp və Respublikaçıların təşəbbüsü ilə irəli sürülən “Big Beautiful Bill” (“Böyük, gözəl qanun”) adlı yeni qanun layihəsidir.


Layihədə elektromobillər üçün nəzərdə tutulan subsidiyaların ləğvi də yer alır. Bu da elektromobil şirkəti “Tesla”nın rəhbəri İlon Maskın sərt reaksiyasına səbəb olub.

Mask yeni qanun layihəsini “iyrənc bir təhrif” adlandırıb və təklif olunan dəyişikliklərin büdcənin yeyintisinə səbəb olacağını bildirib.

Tramp isə jurnalistlərə deyib ki, Maskın dövlətə milyardlarla dollarlıq xeyir verəcək yeni qanun layihəsi ilə bağlı söylədiklərinə görə məyusdur.

Prezidentin sözlərinə görə, Maskın narazılığının əsl səbəbi ABŞ-də elektromobillər üçün dövlət subsidiyalarının azaldılmasıdır. Çünki subsiydiyalar milyarderin şirkətləri üçün sərfəli idi.

Trampın bu sözləri Maskın hiddətinə səbəb olub.

O, bir neçə saat ərzində “X” sosial şəbəkəsində qanun layihəsinə və Trampa qarşı ard-arda paylaşımlar edib:

“Mən olmasaydım, Tramp seçkilərdə uduzardı, Demokratlar Palataya nəzarət edərdi və Respublikaçıların Senatda cəmi 51-49 üstünlüyü olardı. Bu, mənə qarşı böyük naşükürlükdür”.

Tramp isə “TruthSocial” sosial şəbəkəsində dövlət subsidiyaları ilə bağlı fikrini təkrar edərək yazıb ki, “İlon dəli olub”:

“İlonun mənə qarşı çıxmasına etiraz etmirəm, amma o, bunu bir neçə ay əvvəl etməli idi”.

Mask Trampı “Epşteynin dosyesi”ndə adının keçməsi ilə ittiham edib. Əlavə edib ki, ABŞ Prezidentinin adının hallandığı həmin sənədlərin ictimailəşməsinin qarşısını alıb.
Bu dosye, 2019-cu ildə azyaşlıların seks işçiliyinə cəlb edilməsi ittihamı ilə həbs olunan amerikalı maliyyəçi Ceffri Epşteinə qarşı sənədlər toplusudur.

Mask həmçinin ABŞ-də özünün yeni siyasi partiyasını yaratmağı təklif edib. Bununla bağlı sorğu keçirib və 80 % səs çoxluğu toplayıb.

Milyarder həmçinin istifadəçilərdən birinin Trampı istefaya göndərib onun yerinə Vitse-prezident Cey Di Vensin gətirilməsi təklifinə müsbət cavab verib.

İlon Mask 2025-ci ilin yanvarından mayın sonuna qədər Tramp administrasiyasının nəzarətində olan Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edib.
Bu departament hökumət xərclərini azaltmaq, o cümlədən “effektiv olmayan” məmurları işdən çıxarmaq məqsədilə yaradılmışdı.

Ana səhifəXəbərlərTrampla ortağı Mask arasında gərginlik artır