”Trampın qərarı İsrail-Fələstin danışıqlarını düyünə salır”

XİN sözçüsü: “Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir”

Source:
Tramp Qüds qərarını elan edərkən
Tramp Qüds qərarını elan edərkən


XİN sözçüsü: “Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir”

ABŞ prezidenti Donald Trampın dekabrın 6-da Qüdsün (Yerusəlim) İsrailin paytaxtı kimi tanınması haqda bəyanatı dünyanın siyasi gündəmini zəbt

edib

.

Donald Tramp bu addımın çoxdan atılmalı olduğunu, ancaq sələflərinin buna cəsarət etmədiyini söyləyib.

Prezident artıq Dövlət Departamentinə diplomatik missiyanın köçürülməsi üçün hazırlıqların başlamasına göstəriş verdiyini bildirib. Eyni zamanda, Ağ Evin rəhbəri əlavə edib ki, ABŞ regionda sülhün əldə olunması üçün əlindən gələni edəcək.

Dövlət Departamenti öz vətəndaşlarını Qüds və ətrafını səyahət etməmək barədə xəbərdarlıq edib.

Azərbaycan isə İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

Bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb.

“Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır. Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq”,-Hacıyev belə deyib.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Siyasi şərhçi Zərdüşt Əlizadə Meydan TV-yə deyib ki, Donald Trampın bəyanatı ilə hansısa inqilab baş verməyəcək, amma bu qərar o qədər də uğurla getməyən İsrail-Fələstin sülh danışıqlarını qəbrə gömdü:

“Bu, həm də ABŞ-nın vasitəçilik hüququnu tamamilə şübhə altına qoydu. Vaşinqton keşikçisi olduğu İsrailin ifrat dinçi cinahını müdafiə etmək üçün özünü bütün dünyaya qarşı da qoya bildiyini təsdiqlədi. Nəhayət, ən əsası Amerikanın beynəlxalq hüquqa, ədalətə, müsəlman dünyasına qarşı olduğunu sübut etdi”.

Zərdüşt Əlizadə prezident Trampın çıxışı zamanı “qərar Amerikanın milli maraqlarına uyğundur” cümləsini xatırladıb:

“Məsələ ondadır ki, ABŞ dövlət başçısı Donald Trampın bəyanatına qarşı BMT, Böyük Britaniya, Almaniya, Rusiya və bütün müsəlman dövlətləri çıxış etdi. Belə məntiq yaranır: Amerikanın milli maraqları bütün dünyanın milli maraqlarına qarşıdır. Əslində, bu bəyanatı ilə Tramp terrorizmə yeni nəfəs verir, terrorçulara əsas verir ki, desinlər, Qərbdə qanunun aliliyi boş şeydir, bunların hamısını qırmaq lazımdır”.

Fərda Əsədov
Fərda Əsədov

 Ərəbşünas alim Fərda Əsədov prezident Trampın çıxışının mövcud gerçəkliyə əsaslandığını düşünür:

“Fikir verin, ABŞ prezidenti illərlə qeyri-müəyyənlikdə qalan məsələlərə kəskinlik və aydınlıq gətirir. Bəlkə də son qərar gözlənilməsə də, müəyyən gerçəkliyi əks etdirir. Ola bilsin daxili çəkişmələrin nəticəsidir ki, qərarın tətbiqində gərginliyi aradan qaldırsın. Hər halda ərəb dünyası üçün mühüm yer tutan Qüds məsələsinin Amerika tərəfindən dönməz vəziyyətə gəlməsini istəməzdim”.

“Trampın qərarı BMT Təhlükəsizlik Şurasının Qüdslə bağlı qətnamələrinin, ümumiyyətlə, beynəlxalq hüququn pozulması deyilmi” sualına Fərda Əsədov belə cavab verib:

“Beynəlxalq hüququn pozulmasını hüquqşünaslar daha ətraflı şərh edə bilər, amma Qüdsün statusu beynəlxalq hüquqda həll olunmamış qalır. Düzdür, BMT Qüdsü 3 dinin şəhəri sayıb, səfirliyin də harada olması beynəlxalq hüquqa yenilik gətirən qərar deyil. Mən məyusluq hissi ilə yanaşı, ərəb dünyasını acınacaqlı vəziyyətdə görüb, olanları gerçəkliyin təzahürü kimi qiymətləndirirəm. Belə bir vəziyyətdə Fələstin-İsrail danışıqları düyünə düşür”.

Ana səhifəXəbərlər”Trampın qərarı İsrail-Fələstin danışıqlarını düyünə salır”