Avqustun 18-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Görüşdə Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Corcia Meloni, Almaniya kansleri Fridrix Merts, Finlandiya Prezideni Aleksandr Stubb, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun Baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də iştirak edib.
Görüşdə Ukrayna ordusunun gücləndirilməsi, ABŞ ilə Ukrayna arasında 100 milyard dollarlıq silah alqı-satqısı razılaşması və Ukraynada dron istehsalını genişləndirmək məqsədilə 50 milyard dollarlıq müqavilənin bağlanması məsələləri razılaşdırılıb.
Həmçinin Ukraynanın təhlükəsizliyi məsələsində Avropa ölkələri ilə ABŞ-nin birgə əməkdaşlıq edəcəyinə dair razılığa gəlinib.
NATO-nun Baş katibi Mark Rutte görüşdən sonra “Fox News”a müsahibədə bildirib ki, təhlükəsizlik zəmanətlərinin konsepsiyası Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron tərəfindən hazırlanır. Bu işdə artıq 30 ölkə, o cümlədən Yaponiya və Avstraliya da iştirak edir. ABŞ-nin də bu prosesdə aktiv rol oynamaq istədiyi qeyd olunur və yaxın günlərdə bu barədə daha ətraflı müzakirələrin aparılması planlaşdırılır.
ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında görüşü şərh edib. Onun sözlərinə görə, əsas nəticə odur ki, Avropa ölkələri ABŞ ilə koordinasiyada Ukraynanın təhlükəsizlik zəmanətlərini təmin edəcək.
Tramp bildirib ki, danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putinə zəng vurub və onunla Zelenski arasında görüşün hazırlıqlarına başladığını deyib.
Kreml Putinlə Zelenski görüşü barədə şərh verməyib.
Bu gün “Reuters” agentliyi Ağ Evdə adını açıqlamayan yüksək vəzifəli bir əməkdaşa istinadən yazıb ki, Zelenski ilə Putinin görüşü Macarıstanda keçirilə bilər.
ABŞ Dövlət Katibi Marko Rubio Ağ Evdə Donald Tramp, Volodimir Zelenski və Avropa ölkələrinin liderləri ilə görüşdən sonra “Fox News”a bildirib ki, həm Ukrayna, həm də Rusiya sülh sazişi imzalamaq üçün güzəştlərə getməlidir.
Rubio vurğulayıb ki, müharibəni və ya hər hansı münaqişəni bitirmək üçün aparılan danışıqlarda hər iki tərəf yalnız almaqla kifayətlənməməli, həm də verməlidir.
“Hər iki tərəf müəyyən güzəştlərə getməlidir. Torpaq məsələsi və ya sərhədlərin harada çəkiləcəyi — müharibənin harada sona çatacağı — bu müzakirənin bir hissəsi olacaq. Əslində, burada heç bir tərəf 100 faiz qələbə əldə etməyəcək. Məhz bu yolla müharibəyə son qoymaq mümkün olacaq”, – Rubio bildirib.
Dövlət katibi qeyd edib ki, müharibənin hansı şərtlərlə bitəcəyi məsələsini Ukrayna və Rusiya həll edəcək.
ABŞ-nin rolu isə müzakirələrin mümkün olmasını təmin etmək və hər iki tərəfin dialoqa daxil olmasına zəmanət verməkdir.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.