Tramp Putin haqqında: “O, təmiz ağlını itirib”

Donald Tramp. İllüsrasiya: Meydan TV

“O, çoxlu insan öldürür. Bu, mənə xoş gəlmir”, – deyə Tramp bildirib

ABŞ Prezidenti Donald Tramp Ukraynanın bombalanmasına görə Rusiya Prezidenti Vladimir Putini tənqid edib.

“Mən bilmirəm, onun dərdi nədir <…> O, çoxlu insan öldürür. Bu, mənə xoş gəlmir”, – Tramp jurnalistlərə açıqlamasında Rusiyanın mayın 25-nə keçən gecə həyata keçirdiyi hücumu şərh edərkən belə deyib.

ABŞ prezidenti, həmçinin Rusiyanın Ukraynanı atəşə tutmasına görə əlavə sanksiyaların tətbiq edilə biləcəyini istisna etməyib.

Daha sonra Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edərək Putinin “ağlını itirdiyini” yazıb.

“Ukrayna şəhərləri səbəbsiz yerə raket və pilotsuz uçuş aparatları ilə vurulur. Mən həmişə demişəm ki, o, Ukraynanın bir hissəsini yox, hamısını istəyir və deyəsən, bu, doğru çıxır. Amma bu, Rusiyanın məhvinə gətirib çıxaracaq!” – deyə ABŞ prezidenti vurğulayıb.

Eyni zamanda Tramp Zelenskini də tənqid edib və onun “belə danışmasının ölkəsinə xeyir gətirməyəcəyini” deyib.

Bundan əlavə, Tramp bir daha qeyd edib ki, “əgər prezident mən olsaydım, bu müharibə heç vaxt başlamazdı” və Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunu “Zelenskinin, Putinin və Baydenin müharibəsi” adlandırıb.

Mayın 25-nə keçən gecə Rusiya Ukrayna ərazisinə 69 raket və 298 pilotsuz uçuş aparatı buraxıb.

Nəticədə 14 nəfər ölüb, 60-dan çox insan yaralanıb. Jitomir vilayətində bir ailədən üç uşaq ölüb. Onların valideynləri xəstəxanaya yerləşdirilib, ananın vəziyyəti ağırdır.

Rusiyanın hücumuna Kiyev və 12 vilayət məruz qalıb.

Ana səhifəXəbərlərTramp Putin haqqında: “O, təmiz ağlını itirib”