Tramp: “Putin müharibəyə son qoymaq üçün danışıqlar aparmalıdır”

Donald Tramp. Foto: Meydan TV

O bildirib ki, təşkilati işlər aparılır, razılıq əldə olunan kimi Putinlə görüşəcək.

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin müharibəyə son qoymaq üçün danışıqlar aparmalıdır.

Trampın fikrincə, Putin razılaşmanı qəbul etməməklə Rusiyanı məhv edir.

“O, müqavilə bağlamalıdır. Hesab edirəm ki, o, razılaşmanı qəbul etməməklə Rusiyanı məhv edir. Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq. Çoxları bu müharibənin bir həftəyə bitəcəyini düşünürdü. Onun bu müharibəni bitirməsi yaxşı olardı”, – Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra jurnalistlərə deyib.

Tramp bildirib ki, təşkilati işlər aparılır, razılıq əldə olunan kimi Putinlə görüşəcək.

Donald Tramp əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ona müharibəni bitirmək üçün sülh razılaşması əldə etmək istədiyini deyib.

Seçki kampaniyası zamanı Tramp dəfələrlə ABŞ Prezidenti vəzifəsinə başlayandan 24 saat ərzində Rusiya-Ukrayna müharibəsini bitirəcəyini bildirib. O, həmçinin deyirdi ki, Cozef Baydenin yerində olsaydı, müharibə heç vaxt başlamazdı.

Jurnalistlər yanvarın 20-də Trampdan müharibəni təyin olunan vaxta qədər bitirə biləcəyini soruşublar. ABŞ Prezidenti cavab verib ki, bu məqsədə çatmaq üçün hələ yarım gün var.

Tramp bu bəyanatı Vaşinqtonda yerli vaxtla saat 20:00 radələrində (Bakı vaxtı ilə 5:00) verib.

“Biz bunu mümkün qədər tez etməyə çalışacağıq. Ukrayna və Rusiya ilə müharibə heç vaxt baş verməməli idi”, – Tramp deyib.

ABŞ-nin yeni dövlət katibi Marko Rubio yanvarın 20-də Rusiya-Ukrayna müharibəsinin nə zaman bitəcəyi ilə bağlı dəqiq vaxt söyləyə bilməyəcəyini deyib. O qeyd edib ki, münaqişənin həlli üçün hər bir tərəf nədənsə imtina etməli olacaq. Rubio Rusiyanı “təcavüzkar” adlandırıb.

Prezident Vladimir Putin yanvarın 20-də bildirib ki, Trampın Rusiya ilə birbaşa əlaqələri bərpa etmək və üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək istəyini alqışlayır.

Rusiya 2022-ci il fevralın 24-də Rusiyaya qarşı müharibəyə başlayıb.

Ana səhifəDünyaTramp: “Putin müharibəyə son qoymaq üçün danışıqlar aparmalıdır”