ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünü “tarixi gün” adlandırıb.
Tramp “Truth” sosial şəbəkəsində yazıb ki, iki ölkə arasında sülh razılaşmasının əldə olunması üçün onun adminstrasiyası uzun müddətdir ki, işləyir.
Azərbaycan və Ermənistan Qarabağ uğrunda iki müharibə aparıb.
Birinci Qarabağ müharibəsi 1988-1994-cü illərə təsadüf edib.
İkinci Qarabağ müharibəsi isə 2020-ci ildə baş verib və Moskvanın vasitəçiliyi ilə imzalanmış atəşkəs razılaşması ilə başa çatıb.
2023-cü ildə sentyabrında lokal hərbi əməliyyatlardan sonra Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçib.
2025-ci ilin martında sülh sazişi layihəsi yekunlaşsa da, sənəd hələ imzalanmayıb.
Tramp bildirib ki, sülh müqaviləsindən əlavə, iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə hər iki ölkə ilə ikitərəfli sazişlər imzalanacaq:
“Biz Cənubi Qafqaz regionunun bütün potensialını üzə çıxara bilərik. Mən böyük Ermənistan və Azərbaycan xalqları üçün düzgün işlər görən bu cəsarətli liderlərlə çox fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və bütün dünya üçün tarixi bir gün olacaq”.
Bir gün öncə, avqustun 7-də “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadən yazmışdı ki, bu anlaşma Azərbaycanla Naxçıvanı birləşdirəcək yolun idarəetməsini ABŞ-a verməyi nəzərdə tutacaq.
Ermənistan və Azərbaycan arasında davam edən mübahisənin mümkün həlli çərçivəsində yolun idarəçiliyində ABŞ-nin iştirakı ilə bağlı müzakirələr 2025-ci il iyulun 10-da Əbu-Dabidə Paşinyan və Əliyev arasında keçirilmiş sammit ərəfəsində gündəmə gəlib.
Beş saat davam edən həmin görüşün əsas mövzularından birinin də nəqliyyat bağlantıları olduğu güman edilir.
Məlumata görə, tranzit layihəsinin adı “Beynəlxalq Sülh və Rifah üçün Trump Marşrutu” (TRİPP) olacaq.
Görüş bu gün, Ağ Evdə baş tutacaq.