Donald Trampın ixtisar əmrindən sonra “Amerikanın Səsi”nin çoxlu sayda əməkdaşının martın 15-də məzuniyyətə gönədirildiyi bildirilir.
Məlumata görə, USAGM tərəfindən onların elektron ünvanlarına xəbərdarlıq məktubu gəlib.
“The New York Times” yazır ki, ixtisar sayı həddən artıq çoxdur. Bu da beynəlxalq yayımçının fəaliyyətinin tamamilə dayandırılması deməkdir.
Trampın martın 14-də imzaladığı fərmanda deyilirdi ki, bu qurumların hər birinin rəhbəri 7 gün ərzində ABŞ Prezident Administrasiyasındakı Menecment və Büdcə Ofisinin direktoruna hesabat təqdim etməlidirlər. Həmin hesabatda onlar fərmana tam əməl etdiklərini təsdiqləməli, eyni zamanda sözügedən təşkilatların hansı struktur və funksiyalarının mövcud qanunlar çərçivəsində hansı miqyasda saxlanmalı, yaxud ümumiyyətlə saxlanmamalı olduğuna dair izahat verməlidirlər.
Fərman Qlobal Media Agentliyinin və digər hökumət qurumlarının fəaliyyət miqyasının azaldılmasını nəzərdə tutur
ABŞ Prezidenti Donald Tramp cümə günü, martın 14-də Qlobal Media Agentliyinin (USAGM) və bəzi digər hökumət qurumlarının fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması barədə fərman imzalayıb.
Müvafiq sənədi Ağ Ev dərc edib.
Qlobal Media Agentliyi xarici siyasətin təbliğinə cavabdehdir. “Azadlıq” radiosu (“Radio Free Europe/Radio Liberty”) və “Amerikanın Səsi” (“Voice of America”) kimi dövlət büdcəsindən maliyyələşdirilən ABŞ radiostansiyalarının fəaliyyətini əlaqələndirir.
“Insider”-in “Azadlıq” radiosundakı mənbələri bildiriblər ki, aprelin 1-dən sonra jurnalistlər böyük agentliklərin xəbər lentlərindən və canlı video yayımlarından məhrum olacaqlar.
“Biz bu gün materialları necə təqdim edəcəyimizi bilmirik, çünki bunlar təkcə mətnlər deyil, həm də video və fotoşəkillərdir”, – mənbə deyib.
Trampın imzaladığı sərəncam siyahısına həmçinin Vudro Vilson Mərkəzi, Federal Vasitəçilik və Barışıq Xidməti, Muzey və Kitabxana Xidmətləri İnstitutu, Evsizlik Problemləri üzrə İdarələrarası Şura, İnkişaf Maliyyə İnstitutları Fondu, Azlıqların Biznesinin İnkişafı Agentliyi və Arktikanın Tədqiqi Komissiyası daxil edilib.
“Amerikanın Səsi” 1942-ci ildən fəaliyyət göstərir. Hazırda 43 dildə internetdə, televiziyada və radioda verilişlər yaymlayır. “Amerikanın Səsi”nin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək “Amerikanın Səsi”nin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra “Amerikanın Səsi” öz verilişlərini internetdə və peyk televiziyasında yayımlayır.
“Azadlıq” radiosu 1949-cu ildə yaradılıb. Həmin vaxt Avropada Şərqi Avropa dillərində radio vasitəsilə xəbər yaymaqla məşğul olub. Sovetlər dağılandan bu yana media təşkilatı müstəqil qurum kimi, lakin ABŞ hökumətinin nəzarəti və maliyyəsi ilə fəaliyyətini davam etdirib.
“Azadlıq” radiosu 23 ölkədə, 27 müxtəlif dildə çıxır. Radio Azərbaycanda sayı az olan müstəqil xəbər saytlarından hesab edilir.
2014-cü ildə Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, eləcə də müstəqil mediaya basqını artıranda radionun əməkdaşlarından bir nəfər həbs edilib, bununla da qurum ofisini tərk etməli olub.
Həmin vaxt radio ilə əməkdaşlıq etmiş jurnalistlər istintaqa cəlb edilərək dindirilib.
Ondan sonra qurumun əməkdaşlarının çoxu Praqada fəaliyyət göstərməyə başlayıb. Azərbaycanda isə müstəqil jurnalistlərlə əməkdaşlığı saxlayıb.
“Azadlıq” radiosunun həm ingilis, həm azərbaycanca saytı Azərbaycanda blokdadır.
2024-cü il dekabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın bir neçə mətbu və media orqanına müsahibəsində demişdi ki, Azərbaycan mediası xaricdən hətta 1 faiz belə maliyyələşə bilməz.
“Biz ABŞ-də media maliyyələşdirmirik. Niyə onlar bizim medianı maliyyələşdirməlidirlər?! Lazım deyil. Onlar “Amerikanın səsi” və “Azadlıq” radiosu kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”, – İlham Əliyev bildirmişdi.