ABŞ Prezidenti Donald Trampın, Azərbaycan və bəzi Mərkəzi Asiya ölkələrini “İbrahim Sazişi”nə daxil etmək istiqamətində müzakirələr apardığı bildirilir – baxmayaraq ki, Azərbaycan İsraillə müsbət əlaqələrə malikdir.
OC Media yazır ki, “İbrahim Sazişi” ABŞ-nin vasitəçiliyi ilə 2020-ci ildə İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında diplomatik münasibətlərin normallaşdırılmasına dair əldə olunan razılaşma toplusudur. Daha sonra Sudan və Mərakeş də İsraillə münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.
Cümə günü Reuters xəbər verib ki, Tramp administrasiyası potensial yeni iştirakçı ölkələrin adlarını çəksə də, Azərbaycanla bağlı danışıqların “ən strukturlaşdırılmış və ciddi” olduğu bildirilir. İki mənbənin iddiasına görə, razılaşma bir neçə həftə ərzində əldə oluna bilər.
Bununla belə, üç ayrı mənbə Reuters-ə bildirib ki, Tramp Azərbaycanın “İbrahim Saziş”inə qoşulması üçün “ilkin şərt” olaraq Ermənistanla sülh sazişinin imzalanmasını görür.
Hər iki ölkə martın 13-də sülh sazişinin şərtlərinə razılaşdıqlarını açıqlamışdı, lakin az sonra Azərbaycan öz tərəfinin ilkin şərtlərini irəli sürdü və bu, danışıqların irəliləməsini dayandırdı.
Buna baxmayaraq, iyulun 19-da Tramp Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında ABŞ-nin “möcüzə yaratdığını” bəyan edib və bildirib: “Əgər hələ əldə olunmayıbsa, olduqca yaxındır”. Bu şərhlər Ermənistan və Azərbaycan rəsmilərinin regional nəqliyyat əlaqələrinin açılması ilə bağlı hələ də ictimai şəkildə fikir ayrılığı yaşadığı bir vaxtda səslənib.
Avqustun əvvəlində, bir neçə mənbə Vaşinqtondakı müxbir Aleks Raufoğluna təsdiqləyib ki, “Ermənistan və Azərbaycan bu həftə Vaşinqtonda sülh niyyətlərini elan etməyə hazırlaşırlar”. Raufoğlu yazıb ki, Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı 8 avqust tarixində Ağ Evdə qəbul etməyi planlaşdırır.
Lakin bütün ilkin şərtlər həll olunsa belə, ortaya çıxan əsas sual budur: Azərbaycan “İbrahim Sazişi”inə niyə qoşulmaq istəsin və bu praktiki baxımdan nəyi dəyişəcək? Çünki ölkə uzun illərdir İsraillə isti münasibətlərə malikdir.
Bakı son illərdə Tel-Əvivlə güclü tərəfdaşlıq qurub. Bu, hərbi əməkdaşlığı və regional maraqların üst-üstə düşməsini əhatə edir – xüsusilə də İsrailin əzəli düşməni olan İrana qarşı ortaq mövqe fonunda. İranla Azərbaycan arasındakı münasibətlər isə həmişə gərgin olub.
Bu baxımdan, Reuters qeyd edir ki, razılaşmaların genişlənməsi daha çox simvolik xarakter daşıya bilər.
Dövlət Departamenti Reuters-in şərh sorğusuna cavab olaraq yalnız razılaşmaların genişləndirilməsinin Trampın əsas məqsədi olduğunu bildirib: “Biz daha çox ölkənin qoşulması üçün çalışırıq”, – deyə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib.
Azərbaycan hökuməti isə məsələyə münasibət bildirməkdən imtina edib.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.