Səhiyyə Nazirliyi şənliklərlə bağlı metodiki göstərişləri təsdiq edib
“Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair metodiki göstərişlər” təsdiq edilib.
Məlumatı Səhiyyə Nazirliyi
yayıb
.
Sənəd nişan, toy və digər şənlik mərasimlərində (bundan sonra “şənlik mərasimləri”) çalışan əməkdaşların və qonaqların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına və bu infeksiyaya qarşı aparılan mübarizədə əldə olunmuş təcrübələrə əsaslanaraq tərtib olunub.
Nazirlik şənlik mərasimi keçirilən məkanlara olan tələbləri də müəyyənləşdirib:
– şənlik mərasimi keçirilən məkanların sahəsinə və müəyyən olunmuş “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”ə uyğun olaraq hər bir zal üzrə qonaq tutumunun yenidən müəyyənləşdirilməsi, həmin tutuma və yol verilən maksimum qonaq sayına uyğun olaraq şənlik mərasiminin keçirilməsinə icazə verilməsi;
– şənlik keçirilən məkanların saat 00:00-dək fəaliyyət göstərə bilməsi;
– gigiyena və təmizlik, fiziki məsafənin qorunması və digər məsələlərlə bağlı tələbləri əks etdirən lövhələrin məkanların girişlərində və zallarda yerləşdirilməsi;
– girişlərdə, ümumişlək yerlərdə və sanitar qovşaqlarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməsi, masalarda əl üçün antiseptik məhlulların olması;
– girişlərdə müəyyən olunmuş əməkdaşlar tərəfindən qonaqların təmassız termometrlərlə hərarətinin ölçülməsi və hərarəti olan qonaqların içəri buraxılmaması;
– təmizlik və dezinfeksiya işlərinə xüsusi diqqət yetirilməsi, ümumişlək yerlərin mütəmadi təmizlənməsi, mərasimdən sonra zalların tam dezinfeksiya edilməsi və havalandırılması;
– xidmət edən personalın gigiyena qaydalarına riayət etməsi, COVID-19-a xas olan əlamət(ləri) hiss edən (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) əməkdaşların işə buraxılmaması;
– xidmət edən personalın növbəli iş rejimində eyni tərkibdə fəaliyyət göstərməsi;
– şənlik mərasimi keçirilən məkanların mətbəxlərində “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”də müəyyən olunmuş qaydalara riayət edilməsi;
– şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi etməsi.
Azərbaycanda koronavirus pandemiyası üzündən ötən ilin martından karantindir.
Bu il iyulun 1-dən müəyyən qaydalar çərçivəsində toyların keçirilməsinə icazə verilib.