Toy edən dindarın ”Bandotdel”ə aparıldığı deyilir

Əhsən Nuruzadə və Hacı Habilin də toyda iştirakına görə polisə çağırıldığı bildirilir

Source:
Əhsən Nuruzadə və Fikrət Məmmədov
Əhsən Nuruzadə və Fikrət Məmmədov


Əhsən Nuruzadə və Hacı Habilin də toyda iştirakına görə polisə çağırıldığı bildirilir

Dini inanclı şəxslərdən olan Fikrət Məmmədov martın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb. İdarənin əməkdaşları onu aparmaq üçün gəlsələr də, özü evdə olmayıb, atası Əli Məmmədovu götürüb aparıblar. Özü ilə də əlaqə saxlayaraq, idarəyə gəlməsi tələb olunub.

Bu barədə məlumatı onun yaxınları yayıb.

“Azadlıq” qəzetinin yazdığına görə, Fikrət Məmmədovun iki gün əvvəl toyu olub. “Xəmsə” şadlıq sarayında keçirilən mərasim dini toy olub. Toyda “Müsəlman Birliyi” Hərəkatının bir neçə üzvünün də iştirak etdiyi bildirilir. Güman edilir ki, Fikrət Məmmədov və atasının “bandotdel”ə aparılmasının əsas səbəbi də budur.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev də bu barədə öz “Facebook” səhifəsində paylaşım edib. Onun sözlərinə görə, Taleh Bağırzadənin tərəfdarları kimi tanınan daha 2 nəfər – Əhsən Nuruzadə və “İmamzaman” məscidinin axundu Hacı Habil də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar:

“Verilən məlumata görə, “Bandotdel”- in əməkdaşları toyun video diskini əldə ediblər və toyda iştirak edənlərin şəxsiyyətini müəyyənləşdirib polisə gətirtmək istəyirlər.

Maraqlıdır, toyda nə baş verib? Əldə etdiyimiz məlumata görə, “Xəmsə” Şadlıq Sarayında keçirilən toy dərviş toyu olub, yəni içki verilməyib. Polisi qəzəbləndirən hadisə isə həbsdə olan Hacı Taleh Bağırzadənin toya, konkret olaraq yeni ailə quran Fikrət Məmmədova təbrik göndərməsi olub. Toyda çıxış edib bu təbriki bəyə və toydakılara çatdıran Əhsən Nuruzadə Fikrət bəyə “Müsəlman Birliyi” Hərəkatının loqosunu hədiyyə edib. Təqiblər, həbslər bundan sonra başlayıb”.

DİN məsələ ilə bağlı münasibət açıqlamır.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümünə səbəb olan polis əməliyyatında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 20 il həbs cəzası verilib.

Taleh Bağırzadə və onunla birlikdə həbs olunan digər dindarlar günahsız olduqlarını, onların heç birində silah-sursat olmadığını, ölən altı nəfərin hamısının da polislər tərəfindən qətlə yetirildiyini bildirilər.

Ana səhifəXəbərlərToy edən dindarın ”Bandotdel”ə aparıldığı deyilir