DİN: "İki şadlıq evinin sahibi barəsində cinayət işi açılıb"
İki şadlıq evinin sahibi barəsində cinayət işi başlanıb, 12 restoran sahibi saxlanıb, 21 obyekt sahibi isə cərimələnib.
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı
məlumat
da belə deyilir.
Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə bu il iyulun1-dən müəyyən qaydalara əməl olunmaqla toy şənliklərinin keçirilməsinə icazə verilib, ancaq bəzi şadlıq saraylarında toyların təşkili zamanı "
icaze.e-gov.az
" portalından qeydiyyatdan keçməyiblər.
Nazirlik qeyd edir ki, bu səbəbdən icazə verilən saydan artıq qonağın iştirak etməsi, mərasimlərə qatılan bir sıra şəxslərin vaksinasiya olunmalarını təsdiqləyən sənədin olmaması müəyyən edilib: "Son 3 gündə paytaxtda yerləşən 300-ə yaxın şadlıq saraylarında analoji yoxlamalar aparılıb. Nəticədə 12 şadlıq sarayında ("Gülüstan", "Golden Baku", "Billur", "Kral", "Aura", "SS Hall", "Ərzurum", "Neon Palace", "Kleopatra", "Sevən ürəklər", "Xan bağı", "Şuşa") xüsusi karantin rejimindən irəli gələn qaydaların pozulması müəyyən edildiyindən Cinayət Məcəlləsinin 139-1-ci maddəsilə cinayət işləri başlanılıb, təqsirkar şəxslər saxlanılıblar".
Bu maddədə söhbət karantin rejiminin pozulmasının xəstəliklərin yayılmasına səbəb olmasından və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranmasından gedir.
2500 manatdan 5000 manatadək cərimə və ya üç ilədək azadlığın məhdudlaşdırılması, yaxud da 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Açıqlamaya görə, 4 şadlıq sarayı, 1 restoranda isə ("Yeganə", "Amor", "İdeal", "Retro", "Səda") qayda pozuntularına görə, protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilib: "Analoji tədbirlər ərazi polis orqanları tərəfindən müvafiq dövlət qurumları ilə birgə respublikanın bütün şəhər və rayonlarında da həyata keçirilir. Belə yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb, 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib".
Nazirliyin bu açıqlaması ilə bağlı həmin şadlıq saraylarından münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
"Biznes subyektlərinə tətbiq edilən inzibati cərimələr kifayət qədər çox olub"
2020-ci il büdcədənkənar gəlirlərin məbləği 2019-cu illə müqayisədə artıb.
Artan məbləğ 596,1 milyon manatdır. Bu da 2019-cu illə müqayisədə 17,2 milyon manat və ya 3,0 faiz çoxdur.
İqtisadçı Qubad İbadoğlu deyirdi ki, ötən ilin büdcəsinə cəmi daxilolmaların 61,5 faizi və ya 366,6 milyon manat vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının artması hesabına baş verib.
“Göründüyü kimi, büdcə gəlirlərinin formalaşmasında maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının payı 1,5 faiz ətrafındadır. Əslində ötən il ərzində karantin rejiminin pozulmasına görə fərdlərə və biznes subyektlərinə tətbiq edilən inzibati cərimələr kifayət qədər çox olub. Bu isə onu deməyə əsas verir ki, onların ödədikləri cərimələrin çox hissəsi dövlət büdcəsinə daxil olmayıb”, – deyə o qeyd etmişdi.
Azərbaycanda koronavirus pandemiyası üzündən ötən ilin martından karantindir.
Bu il iyulun 1-dən müəyyən qaydalar çərçivəsində toyların keçirilməsinə icazə verilib.