Tovuzda: Aqronom ixtisaslı kadrların başqa sahənin adamları ilə əvəz edildiyini deyir

Tovuz rayonu. Foto: “mektebgushesi.az”

Şəhid anası himayəsində yaşadığı oğlunun işdən çıxarılmasından narazıdır

“Bir övladım şəhid olub, digəri qazidir. Oğlum Naməddin Həsənovun himayəsindəyəm, onu da çalışdığı vəzifəsindən azad ediblər, aylardır işsizdir”.

Bunu Meydan TV-yə Tovuz rayonu, Vahidli kənd sakini Ceyran Həsənova bildirib. Onun oğlu Şahməddin Həsənov Qarabağda gedən döyüşlərdə həlak olub.

Ceyran Həsənovanın sözlərinə görə, oğlu Naməddin alim-aqronomdur, öz sahəsini mükəmməl bilir. Amma işdən çıxarılıb və öz sahəsi üzrə işlə təmin edilmir.

Ceyran Həsənova. Fotolar: Meydan TV

Naməddin Həsənov isə deyib ki, kənd təsərrüfatı sahəsində ixtisaslı kadrlar işdən çıxarılır, əvəzində tapşırıqla işçi götürülür:

“Hamı ilə müvəqqəti, 3 aylıq əmək müqaviləsi bağlanılır. Sonra da müqavilənin müddətini uzatmırlar, beləliklə, işdən çıxarılma üçün əllərində bəhanə olur. Halbuki, Nazirlər Kabinetinin qərarına əsasən şəhid ailəsi işdən çıxarılmamalıdır. Anam, üç azyaşlı övladım mənim himayəmdədir, ailəmi dolandırmaq üçün iş tapa bilmirəm”.

Şikayətçi bildirib ki, ixtisaslı kadrları hüquqşünas, regionşünas, politoloq, neftçi, yaxud müəllimlər əvəz edir.

“Son 13 ildir nazirliyin Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Mərkəzinin Tovuz rayonunda fəaliyyət göstərən qurumunda çalışmışam. Həmin quruma respublika üzrə rəhbərlik edən Rəşad Vahabzadə ixtisası neft mühəndisidir. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına dərs keçmişəm. Ermənistanla sərhəd kənddə yaşayıram, müharibədə evimizə ciddi ziyan dəyib, amma dövlətdən yardım istəməmişəm, – alim deyib.

Şikayətçi əlavə edib ki, nazirliyə etdiyi müraciətlərə baxılmır. Onunla əmək müqaviləsinin hansı səbəbdən uzadılmadığını öyrənə bilmir:

“Mətbuata şikayət etdiyimi bilən kimi qurumdan mənə zəng vurub təhqir etdilər. Bununla bağlı səs yazısı da var”.

Tovuz rayon Aqrar İnişaf Mərkəzindən şikayətlə bağlı danışmaq istəməyiblər. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Naməddin Həsənov hansı səbəbdən işdən çıxarıldığını bilir:

“Vətəndaş ixtisara düşüb. Aqrar Xidmətlər Agentliyi tərəfindən vətəndaşa Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Tovuz Regional Mərkəzinin Toxum analizləri şöbəsinin baş aqronomu vəzifəsi təklif olunub. Vətəndaş bu vəzifəni tutmaqdan imtina edib. İşlə təmin olunmaq təklifi yazılı və şifahi şəkildə bir neçə dəfə vətəndaşa göndərilib”.

Ana səhifəBölgəTovuzda: Aqronom ixtisaslı kadrların başqa sahənin adamları ilə əvəz edildiyini deyir