Tovuzda 10 yaşlı uşağın ölüm işi: Məsum uşağın qanı üzərindən oyun oynamasınlar

Şərif Quliyev iddia edib ki, təqsirləndirilən İlkin Süleymanovun qohumları ona pul təklif ediblər

İlkin Süleymanov, Foto: Fərid İmran


Nərmin Quliyevanın atası iddia edir ki, təqsirləndirilən şəxsin yaxınları onlara pul təklif edib

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi, meyitinin isə yandırılmasıyla bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə video və foto çəkilişə icazə verilməsi istənilib. İyunun 1-də məhkəmədə azyaşlının ölümündə ittiham olunan İlkin Süleymanovun vəkilləri bu barədə vəsatət qaldırıblar. Amma vəsatət təmin olunmayıb.

Vəkillərin daha bir vəsatəti İlkin Süleymanovun məhkəmə dövründə ev dustaqlığına buraxılması haqda olub. Bu vəsatət də təmin edilməyib.

İstintaq dövründə bu iş üzrə xeyli şahidlər dindirilib. Lakin prokurorluq onları məhkəmədə dindiriləcək ittiham tərəfin şahidləri siyahısına daxil etməyib. Ona görə də vəkillər vəsatət qaldırıb ki, həmin şəxslər əlavə şahid qismində dindirilsin. Çünki onların ifadələri vacib olsa da, prokurorluq onların məhkəmədə dindirilməsinə ehtiyac görməyib.

“Guya, İlkin təcridxanada yuxuda sayıqlayıb, deyib ki, “Nərmini mən öldürmüşəm”. İfadəsində bunu deyən adamın dindirilməsinə ehtiyac duyulur, amma daha əhəmiyyətli ifadə verən adamın dindirilməsinə yox. Sayıqlama ilə adamı belə ağır cinayətdə ittiham edərlər?”, – vəkil Zabil Qəhrəmanov bildirib.

Məhkəmədə prokuror ittiham aktını elan edib. İddia olunur ki, təqsirləndirilən İlkin Süleymanov özünün ailəsi və övladı olmadığına görə həmkəndlisi, sinif yoldaşı olmuş Şərif Quliyevi qısqanıb, onun azyaşlı qızı Nərmini oğurlayaraq qətlə yetirib, daha sonra işi itirmək üçün meyiti yandırıb.

İttihama münasibət bildirən İlkin Süleymanov təqsirsiz olduğunu, bu cinayəti o törətmədiyini deyib.

Zərərçəkmişin hüquqi varisi qismində Nərmin Quliyevanın atası Şərif Quliyev çıxış edib. O bildirib ki, 2019-cu ilin noyabrın 21-də qızı məktəbdən gələndə ona əmisigildən gödəkcəsini gətirməyi tapşırıb. Amma deyib ki, gözləsin, bacısı da məktəbdən qayıtsın, birlikdə getsinlər. Lakin Nərmin bacısını gözləməyib, tək gedib. Sonra bacısı gəlib, o da əmisigilə gedib. Bacısı gedib gödəkçəni gətirib. Lakin əmisigildə Nərmini görmədiyini bildirib.

Atasının sözlərinə görə, onlar zənn ediblər ki, uşaq nənəsigilə gedib. Axşama qədər uşaq tapılmayıb. Saat 22 radələrində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng ediblər.

Şərif Quliyev iddia edib ki, təqsirləndirilən İlkin Süleymanovun qohumları ona pul təklif ediblər. O isə imtina edib.

İlkin Süleymanovun yaxınları isə onun yalan danışdığını bildiriblər. Ümumiyyətlə, bu ailənin ziddiyyətli açıqlamalar verdiyini, həqiqətin üzə çıxmasında maraqlı olmadıqlarını deyiblər.

“Şəxsən mən özüm həqiqətin üzə çıxmasında, gerçəkdən kim günahkardırsa, onun da cəzalanmasında maraqlıyam. İlkin qatil olsa, birinci növbədə mən özüm onun ağır cəzalanmasını istəyərəm. Amma mən günahsız bir adamın şərlənməsini, məsum bir uşağın qanının yerdə qalmasını, onun qanı üzərindən oyunlar oynanmasını istəmirəm. Ona görə buradan üzümü səlahiyyət sahiblərinə tuturam ki, bu məhkəməyə gəlin, baş verənləri, ədaləti öz gözlərinizlə görün. Bu işin sonu ölüm olsa da, biz sakit dayana bilmərik. Bu, şərəf, ləyaqət məsələsidir”, – İlkin Süleymanovun qardaşı Adil Süleymanov Meydan TV-yə bildirib.

Zərərçəkmiş tərəf isə açıqlama verməkdən imtina edib.

Vəkil Zabil Qəhrəmanov da Meydan TV-yə bildirib ki, İlkin Süleymanovun bu cinayəti törətməsini təsdiqləyən mötəbər sübutlar yoxdur.

Məhkəmə prosesi iyunun 16-da davam edəcək.

48 yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

İlkin Süleymanovun ailə üzvləri də onun təqsirsiz olduğunu, hüquq-mühafizə orqanlarının bu səs-küylü cinayət işinin açılması görüntüsü yaratmaq üçün onun üzərinə qoyduğunu bildirir.

İlkin Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSosialTovuzda 10 yaşlı uşağın ölüm işi: Məsum uşağın qanı üzərindən oyun oynamasınlar