Hakim Baş prokurorun birinci müavininə qarşı şikayətinə baxılmasını mümkün saymayıb
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkilləri Baş prokurorun birinci müavini Elçin Məmmədovdan məhkəməyə şikayət edib. Vəkillər E.Məmmədovun qərarının ləğvini istəyirlər.
Oktyabrın 12-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev vəkillərin Baş prokurorun birinci müavininə qarşı şikayətinə baxılmasını mümkün saymayıb.
Məhkəmədə vəkillər və Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşlarıyla yanaşı, İ.Süleymanov özü də iştirak edib. Ailə üzvlərinin Meydan TV-yə verdiyi məlumata görə, İ.Süleymanov təqsirsiz olduğunu, törətmədiyi cinayətin onun üzərinə atıldığını bildirib.
“İlkini yanvarın 6-da tutublar, o vaxtdan da həbsdədir. Amma sənədləşmədə yazıblar ki, guya yanvarın 10-da tutulub. Bəs bu dörd günü harada olub? İlkin deyir ki, dörd gün ərzində ona o qədər işgəncə veriblər, axırda dözməyib, cinayət barədə ifadəyə imza atıb. Vəkillər Baş prokurorun müavininə şikayət eləmişdi ki, onun dörd gün Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlanması, ona işgəncə verilməsi araşdırılsın, bu işlərdə əli olanlar cəzalandırılsın. Bundan əvvəl Rüstəm Usubov necə cavab vermişdisə, onun yerinə təyin olunan Elçin Məmmədov da eyni cavabı verib ki, “şikayətdə göstərilənlər təsdiqini tapmadı, ona görə də polislər haqqında cinayət işi başlanması rədd olunur”. Bu necə ola bilər? Bütün kənd camaatının, jurnalistlərin gözünün qarşısında olan hadisəni yalan yazıblar. Saytlarda axtarış verəndə də çıxır ki, yanvarın 6-da tutulub”, – deyə yaxınları bildirib.
Vəkillər Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.
T.Süleymanovun yaxınları istintaqdan da narazıdır: “Həqiqəti ortaya çıxarmağa yox, İlkini günahkar çıxarmağa çalışırlar. Bilmək olmur ki, niyə? İlkinə çox dəhşətli işgəncələr verilib ki, törətmədiyi cinayəti boynuna götürsün. Əsl cinayətkarlar isə ciddi şəkildə qorunur”.
10 yaşlı N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb. Onun yandırılmış halda meyiti yanvarın 6-da elə kənddə tapılıb.
10 yaşlı qızın qətlində ittiham olunan 1973-cü il təvəllüdlü İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. İ.Süleymanov həbs qərarından apelyasiya şikayətinə baxılanda hakimə bildirib ki, bu cinayətdən xəbərsizdir. Tovuz rayon Polis Şöbəsində dörd gün işgəncəyə məruz qalandan sonra dözməyərək, etiraf ifadəsinə imza atıb.
Baş Prokurorluq isə İ.Süleymanova işgəncə verilməsi barədə iddiaları təkzib edib.