Vətəndaş deyir ki, ona ödəniləcək kompensasiya ilə bağlı sənəd verilmir
“Ərazidəki obyektlərin, evlərin köçürülməsindən 1 il 8 ay ötür, ancaq mənim evimin və obyektimin dəyəri hələ də ödənilməyib. Mağazamdan istifadə edə bilmirəm, qarşısında texnikalar işləyir. Halbuki ailəmin dolanışığı o mağazadan çıxırdı. Tikinti işləri üzündən həm mağazama, həm evimə yol bağlanıb”.
Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkəti üçün yeni yol qovşağı tikilir. Bu səbəbdən həmin ərazidə xeyli şəxsi ev və obyektlər plana düşüb. Şəxsi yaşayış evi və obyektləri plana düşənlərdən biri də Hüseyn Həsənovdur.
“Heç bir rəsmi sənəd təqdim etmirlər”
Ərazidə keçidi genişləndirən “Körpü-Bina-Tikinti” şirkətidir. Hüseyn Həsənov deyir, şirkət əvvəllər ona 147 min manat məbləğində kompensasiya təklif edib. O isə şirkətdən həm obyektin, həm də yaşayış evinin hər kvadratmetrinə görə ayrılmış kompensasiyanın məbləğiylə bağlı rəsmi sənəd tələb edib. Onun deməsinə görə, şirkət hər hansı rəsmi sənəd təqdim etməyib və hər dəfə ona kompensasiyanın məbləğiylə bağlı şifahi şəkildə bildirib. Hüseyn Həsənovsa məbləğin az olduğunu hesab edərək razılaşmayıb. Bir neçə aydan sonra özü şirkətə müraciət edərək məbləğin ona verilməsini istəyib. Bu dəfə şirkət ona əvvəlkindən az məbləğ təklif edib:
“İş elə gətirdi ki, anamın səhhəti ağırlaşdı, ona xərçəng diaqnozu qoyuldu və mən anamın müalicələrinə başladım. Vəziyyətimiz pisləşdi və müalicələr üçün pula ehtiyacım olduğundan məcburiyyət qarşısında şirkətə gedərək şərtləriylə razılaşdığımı bildirdim. Ancaq şirkət bu dəfə mənə 123 min manat təklif etdi. Mən bir neçə ay əvvəl 147 min manat təklif olunduğunu xatırladanda bildirdilər ki, o, o vaxt idi, vaxtında götürəydin, indi bu məbləğdən artıq verə bilmərik. Bunlar mənim Tovuzun mərkəzində yerləşən obyektimin və evimin hər kvadratmertini 400 manatdan da aşağı hesablayıblar. Halbuki, eyni ərazidə obyektinin, evinin hər kvadratmetrinə görə 1500 manatdan kompensasiya alanlar olub. Kimin arxasında vəzifəli adamı vardı, onlara yüksək məbləğdə kompensasiya ödənilib, mənim kimi insanlarınsa əmlakları qəpik-quruşla hesablanıb”.
“Ailəm acdır, anamı müalicə etdirə bilmirəm”
Hüseyn Həsənov deyir, yeganə gəlir yeri olan mağazadan istifadə edə bilməməsi üzündən anasının müalicəsiylə məşğul ola bilmir, ailəsi isə ac qalıb:
“İstədiyim odur ki, səsim ölkənin rəhbərliyinə çatsın, bilsin ki, büdcədən kompensasiya kimi ayrılan pulların çox hissəsi vəzifəlilərin cibinə, az hissəsi isə vətəndaşa çatır. Bu keçidin tikintiinə görə hər dəfə 4 milyon manat olmaqla iki dəfə vəsait ayrılıb, ancaq mənim kimi sadə vətəndaşları aldatmaqla məşğuldular”.
Hüseyn Həsənov deyir, təklif olunan kompensasiyayla razılaşması üçün ona təzyiq göstərirlər.
“Körpü-Bina-Tikinti” MMC-dən bildirilib ki, Hüseyn Həsənov əmlaklarına dəyərindən çox pul tələb edir. Bu səbəbdən də razılaşma baş tutmur. Bu isə ərazidə görülən işləri ləngidir.
“Körpü-Bina-Tikinti” MMC (“KBT” MMC ) 2001-ci ildə təsis edilib. Azərbaycanda dövlət layihələri əsasında sənaye obyektlərinin, yaşayış binalarının, körpülərin, tunellərin, yeraltı piyada keçidlərinin, neft kəmərlərinin, su kanallarının, yanacaqdoldurma stansiyalarının, istilik elektrik stansiyalarının tikintisi ilə məşğul olur.