“Torpaqlar mərhələli deyil, birdən qaytarılmalıdır”

Erkin Qədirli: “Rusiya ilə birtərəfli danışıqlarda torpaqların mərhələli qaytarılması təklifinin açması – Qarabağın itirilməsi deməkdir”

Source:

Erkin Qədirli: “Rusiya ilə birtərəfli danışıqlarda torpaqların mərhələli qaytarılması təklifinin açması – Qarabağın itirilməsi deməkdir”

Son iki həftədə Azərbaycanın Avrasiya İttifaqına üzv olmasının qazancları və itkiləri mövzusu gündəmin müzakirə mövzusuna çevrilib. Bir sıra politoloqlar qazanc deyəndə Azərbaycanın Qarabağla bağlı qazanclarının olduğunu deyib Avrasiya İttifaqı ilə üzvlüyün müzakirsinin vacibliyini bildirirlər.

ReAL İdarə Heyətinin üzvü Erkin Qədirli Facebook səhifəsində media və sosial şəbəkələrdə gedən müzakirələr barədə fikirlərini yazıb.

Erkin Qədirli bildirib ki, “Rusiya Azərbaycana bir neçə, məsələn, 5 rayon verərsə, onun şərtlərini (Avrasiya Birliyini) qəbul etməliyik” sayağı mülahizələri oxumaqdan (eşitməkdən) bezib: “Bu dərəcədə dar və dayaz düşünmək olmaz. Birinci, bir neçə (məsələn, 5) rayonu bizə elə-belə verməyəcəklər. Əvəzində, əhəmiyyətli güzəştlər istəyəcəklər. Bizim isə güzəştə gedəsi torpağımız yoxdur. Rusiya ilə birtərəfli danışıqlarda torpaqların mərhələli qaytarılması təklifinin açması – Qarabağın itirilməsi deməkdir. Torpaqlar mərhələli deyil, birdən qaytarılmalıdır (söhbət danışıqlardan gedirsə, təbii ki). Müharibə, aydındır ki, mərhələli olasıdır. Danışıqlarda mərhələli olan başqa şeylərdir. Məsələn, torpaqların minalardan təmizlənməsi, dağıdılmış yaşayış və təsərrüfat inrfastrukturun bərpası, qaçqınların qayıtması, təhlükəsizlik təminatları və s. Heç bir halda torpaqların mərhələli qaytarılması təklifinə aldanmamlıyıq. Bu, bizim üçün tələ və Qarabağın tamamən itirilməsinə aparan yoldur. Ondansa daha uzun zaman alacaq işlər görək (müharibəyə hazırlaşaq), nəticədə torpaqlarımızın hamısını qaytaraq. Zaman, bu məsələdə, gerçəkdən bizə işləyir. Təlaşa gərək yox. Çünki Bakının razılığı olmadan, kimsə Qarağabağı ermənilərə verən deyil. Odur ki, bütün oyunlar Azərbaycanın “razı salmaq” uğrunda gedir. “Avrasiya Birliyi” də belə oyunlardan biridir”.

ReAL üzvü daha sonra yazır: “Tutaq ki, “mərhələli qaytarma” oyununa gəldik. Bunun üçün Rusiyanı neynirik ki? Gedək elə birbaşa Ermənistanla anlaşaq. Onlar çoxdan deyirlər – Qarabağı bizə verin, ətraf rayonları (Laçın və Kəlbəcərdən başqa) sizə qaytaraq. Bu da sizə “5 rayon söhbəti”. Doğrudur, Ermənistan belə məsələlərdə sərbəst qərar verə biləcək iqtidarda deyil. Odur ki, “bunun üçün də bizə Rusiya lazım olacaq” deyənlərin sözündə məntiq var. Amma birinci bənddə yazdıqlarıma əlavə olaraq, bu seçimin də bizə heç bir faydası yoxdur. Münaqişə başlayanda Qarabağ da bizim idi, ətraf rayonlar da. Müharibənin nəticəsində Qarabağ və ətraf rayonlar işğal olundu və bunda Rusiyanın rolu böyük oldu. İndi bizə deyirlər ki, Rusiyanın təklifini qəbul edək və 5 ətraf rayonu götürək. Niyə? Bu, heç “aldım qoz, satdım qoz” oyunu olmadı ki. Nə üçün savaşdıq və bu qədər itki verdik o zaman? Qarabağı öncədən Ermənistana verərdik də. Yəni bu təklifin nəticəsində qazanan Ermənistan və Rusiya olacaq. Biz isə – mütləq məğlub”.

Erkin Qədirlinin sözlərinə görə, Rusiya kimi qonşunun bizə ehtiyacı olduğunu sınağa çəkmək üçün qiyməti maksimal yüksəltməliyik: “Özü də, bunu pərdəarxası deyil, açıq etməliyik. Görək, Rusiyanın ödəməyə hazır olduğu qiymət nədir. Rusiyanın qarşısında şərt belə qoyulmalıdır – Qarabağ və ətraf rayonlar qeydsiz-şərtsiz bizə qaytarılmalı, Qarabağ üzərində Bakının hakimiyyəti təmin olunmalıdır. Rusiya ilə birtərəfli danışıqlarda mərhələli plandan söhbət gedə bilməz. Bu, bizim Rusiya ilə oyunda qırmızı xəttimiz olmalıdır. Bundan azına razı ola bilmərik. Rusiyadan müstəqillik, Qarabağ uğrunda savaş, bu yolda verilən qurbanlar, dözülən məhrumiyyətlər və s. – hər şey hesaba alınmalıdır. Rusiya bizdən belə yanaşmanı qəbul edəsi deyil, guman ki, amma bizim də Rusiyanı qəzəbləndirmədən ondan üzülüşmək üçün başqa cavabımız yoxdur. Rusiya açıq şəkildə və üstün səviyyədə (ən azından Xarici İşlər Naziri səviyyəsində) deməsə ki, Qarabağ və ətraf rayonlar bir yerdə və əlavə şərtlər tələb etmədən Azərbaycana qaytarılmalıdır, onunla, yəni, Rusiya ilə, hər hansı inteqrativ modellər haqqında danışmamalıyıq”.

Ana səhifəXəbərlər“Torpaqlar mərhələli deyil, birdən qaytarılmalıdır”