Torpağı əlindən alınmış mülkiyyətçi kompensasiya ala bilmir

Mirvari Qəhrəmanlı: “Məhkəmə qərarları icra olunmur”

Source:



Mirvari Qəhrəmanlı: “Məhkəmə qərarları icra olunmur”

Torpaqları Oğuz-Qəbələ-Bakı su kəmərinin təsirinə məruz qalmış mülkiyyətçilər üçün verilməli olan vəsait hələ də ödənilməyib.

Bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyir. Onun sözlərinə görə, məhkəmələrə olan təzyiq nəticəsində 6 ildir ki, 3 nəfərin məhkəməsi davam edir. İki nəfər Oğuz mülkiyyətçisinin isə 6 ildən sonra xeyirlərinə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı 11 aydır icra olunmur.

“Torpağı “Azərsu” tərəfindən zəbt olunan Qəbələ mülkiyyətçisi Əli Xalid oğlu Soltanov isə mülkiyyət hüquqi ilə ona məxsus olan torpağa görə kompensasiyanı görmədən vəfat etdi.

Belə ki, ona məxsus 36 sot torpaq sahəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin altına düşüb. Bu torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona 2006-cı ildən həmin torpaqlara görə kompensasiya ödənilməyib. 2006-cı ildə bu torpaqlara görə kompensasiyanın ödənilməsi ilə bağlı “Azərsu” ASC-nə müraciətlər etsə də, heç bir nəticəsi olmayıb. 2011-ci ildən isə məhkəmlərə müraciət edib. “Azərsu” ASC-nin hüquqi və ya qeyri-hüquqi manevrləri nəticəsində bu mülki iş 6 ilə yaxındır ki, məhkəmələrdə sürünür. Belə ki, bu müddətdə bu mülki işə Yasamal Rayon Məhkəməsində, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində, Şəki İnzibati İqtisadi Məhkəməsində və nəhayət yenidən Yasamal Rayon məhkəməsində baxılıb. Nəhayət 2016-cı ilin oktyabrında Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə Əli Xalid oğlu Soltanova “Azərsu” ASC-dən 43 000 manat pulun tutulması qərara alınıb. Hal-hazırda “Azərsu” ASC-nin verdiyi Apellyasiya şikayəti əsasında mülki iş Bakı Apellyasiya Məhkəməsinin Hakimi İkram Şirinovun icraatındadır.

11 il ərzində çox çalışsa da, 2017-ci ilin Fefral ayında Qəbələ mülkiyyətçisi Soltanov Əli Xalid oğlu mülkiyyət hüququ ilə ona məxsus olan torpaqlara görə kompensasiya ala bilmədən vəfat etdi”. Məhkəmədə mülkiyyətçiyə hüquqi yardım NHMT tərəfindən göstərilir.

2006-cı ildə Prezident sərəncamına əsasən, Oğuzdan-Bakıya neft pulları hesabına su kəməri çəkilməyə başlanıb. M.Qəhrəmanlı deyir ki, bu kəmərdən Bakı əhli xeyir görsə də, həm 3250 mülkiyyətçi, həm də Oğuz və Qəbələ rayonlarının əhalisi ziyan görüb:

“Artıq 10 ildir ki , kəmərin sifarişçisi olan “Azərsu” tərəfindən torpaqları kəmər altına düşən mülkiyyətçilərin əksəriyyətinə, onlara dəymiş ziyana görə kompensasiya ödənilməyib. Kəmərin çəkilməsi ilə əlaqədar Oğuz və Qəbələ rayonlarında sualtı çaylar istiqamətini dəyişdi, bulaqların çoxu isə qurudu. Kəmər neft pulları hesabına reallaşdırılıb”.

“Azərsu”-dan bildirilib ki, hazırda məhkəmə çəkişməsi  olan məsələlərlə bağlı açıqlama verilmir.

Ana səhifəXəbərlərTorpağı əlindən alınmış mülkiyyətçi kompensasiya ala bilmir